Bina evlərində istiliksiz qalan sakinlərin narazılıqları səngimir. Gün ərzində paytaxtın müxtəlif ərazilərindən – Hövsan qəsəbəsi, 9-cu mikrorayon, Yasamal, Nəsimi, Nizami rayonlarından Strateq.az-a müraciət edən sakinlər soyuq qış günlərində evdə qala bilməmələrindən şikayət ediblər:
“Noyabrın 15-nə qədər bir təhər dözdük ki, ondan sonra istilik olacaq. Vaxt tamam olanda deyirlər ki, qazanxanaları işlədə bilmirik. Axı biz vaxtlı-vaxtında xidmət haqqını ödəmişik. İndi qışın soyuğunda niyə istiliksiz qalmalıyıq? Körpə uşaqlar, yaşlı insanlar var. Çoxu artıq xəstələnib. Niyə bu barədə düşünmürlər?”.
Qeyd edək ki, “Azəristiliktəchizat” ASC rəsmiləri sakinlərin istiliklə təmin olunmamasıni “Azəriqaz” İstehsalat Birliyinə olan borcla əlaqələndiriblər. İllərdir borcunu ala bilməyən “Azəriqaz” bu il quruma qaz verməyəcəyini bəyan edib. Buna görə də qazanxanaları işə salmaq mümkün olmayıb. Son günlərdə borcun bir hissəsinin ödənilməsi müqabilində şəhərin bəzi məntəqələrində qazanxanalar işə salılıb. Lakin əhalinin böyük bir hissəsi hələ də soyuq mənzillərdə qalıb.
Sakinlərin haqlı narazılıqlarını aidiyyatı orqanlarla birgə araşdırmağa çalışdıq. “Azəristiliktəchizat” ASC-nin şöbə müdiri Rafiq Əliyev “Strateq.az”a açıqlamasında mənzillərin istiliklə təchizatında yaranan problemin həll olunması üçün hökumətlə və ayrı-ayrı qurumlarla danışıqlar apardıqlarını deyib:
“Azəriqaz” izacə verdikcə, növbə ilə qazları açırıq və hissə-hissə qazanxanaları işə salırıq. Əvvəlki günlərdə hər gün 50-60 qazanxananı işə salmağa icazə vermişdilər. Bu gün də bir neçə qazanxananı işə saldıq. Deyirlər qrafiklə hamısını qoşmağa icazə verəcəyik. İşlər gedir, hökumətdə də borcların məsələsinə baxılır”.
Borcun məbləğinə gəlincə, R.Əliyev konkret rəqəm səsləndirməkdən çəkinib. Səbəbini isə hesablamalardakı mübahisəli məqamlarla izah edib: “Borcun məbləğində bir az mübahisəli məsələlər var deyə konkret rəqəmləri açıqlamırıq. Çünki borcun özü dəqiqləşdirilməlidir. Hazırda bizim əməkdaşlarla birgə bunun üzərində işləyirlər. Burada köhnə Bakı İslilik İdarəsinin borcu da var.Ümumiyyətlə, hökumətdə münasibət bildirməlidir ki, biz o borcu ödəməliyik, ya yox. Ondan başqa, iddia müddəti keçmiş borclar var. Əlavə olaraq hər gün işləyən qazanxanaların üzərinə borc gəlir. Ona görə bu rəqəmlər dəyişkən olduğuna görə konkret rəqəm deyə bilmirik”.
Maraqlı məqamlardan biri problemin niyə yay aylarında deyil, məhz insanların istliyə ehtiyacı olan soyuq günlərdə qabardılmasıdır. Yay aylarında mediada qışa hazırlıqdan ağızdolusu danışan qurumların “işi” havalar soyuyan kimi üzə çıxır. Halbuki yay aylarında qaza, elektrik enerjisinə və istilik sistemlərinə ehtiyac dəfələrlə azalır. Qazanxanaların çoxu demək olar ki, işləmir. Və deməli, qaz da sərf olunmur. Yay aylarında qışdan qalan borcları ödəyib azaltmaq mümkün olduğu halda niyə bu işə dırnaqarası yanaşılıb? Payız-qış mövsümünə hazırlaşanda maliyyə məsələlərini də qaydaya salmaq lazım idi.
Bu günlərdə ortaya çıxan və əhalinin böyük əksəriyyətini narahat edən istilik problemi ASC-nin təsərrüfat fəaliyyətində ciddi qüsurların olduğunu və bu sahədə islahatların aparılmasına zərurət yarandığını deməyə əsas verir.
Təbii ki, bu məsələyə “Azəristiliktəchizat” ASC rəsmisinin özünəməxsus cavabı olub. R.Əliyev bildirib ki, qaza olan borc ötən illərdən qalıb: “Başqa bir səbəb tariflərin aşağı olmasıdır. Hazırda mənzillərə verilən istilik enerjisinin qiyməti hər kvadrat metr üçün 15 qəpikdir. Bu qiymətlə onun maya dəyərini ödəmək olmur. Gələcəkdə belə problemlərlə rastlaşmayaq deyə Cəmiyyətin təsərrəfat fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı hökumətə müəyyən təkliflər vermişik. Onlar da aidiyyatı nazirliklərə göndəriblər, həmin qurumlar da baxırlar”.
Ancaq R.Əliyev istilik enerjisinin maya dəyərinin nə qədər olduğunu da açıqlamayıb. Onun sözlərinə görə, hava şəraitindən asılı olaraq bu rəqəm dəyişdiyindən konkret qiymət demək mümkün deyil. Şöbə müdiri ümumiləşmiş formada istehsal etdikləri istilik enerjisinin maya dəyərininmövcud satış tariflərindən bir neçə dəfə yüksək olduğunu qeyd edib.
R.Əliyev abonentlərin ASC-yə borcunun olub-olmamasına da aydınlıq gətirib: “Əhali qrupundan borclu olan yoxdur. Bəzi hüquqi şəxslərin borcları qalıb. Lakin borcları ödəsələr də, xidmət haqqını tam toplasaqda xərclərimizi ödəməyə, problemi həll etməyə yetmir. Ayrılan dotasiya da buna yetmir. Hər il əlavə binalar qoşulur, istilik mənbələri yaradılır. Şəbəkə inkişaf etdikcə, abonentlərin sayı artdıqcaistehsal edilən istilik enerjisinin dəyəri onun satış tarifindən çox olduğuna görə idarənin zərəri artır”.
Qeyd edək ki, hazırda “Azəristiliktəchizat” ASC 3700-ə yaxın yaşayış binasına, 290 məktəbə, 161uşaq bağşasına, 165 səhiyyə müəssisə, 800-ə yaxın digər obyektlərə istilik xidməti göstərir. Dəfələrlə cəhd etsək də, ASC-nin şöbə müdiri büdcə vəsaitləri və xərcləri, borcları barədə konkret rəqəmləri açıqlamayıb.
Əldə etdiyimiz rəqəmlər isə bunlar oldu: 2012-ci ildə istilik üzrə yaranan zərərin ödənilməsinə və istilik təchizatını təmin etmək üçün obyektlərin təmirinə dövlət büdcəsindən 31,6 milyon manat, 2011-ci ildə isə 19 milyon manat vəsat ayrılıb. Ümumilikdə, 2005-2010-cu illərdə “Azəristiliktəchizat” ASC-yə 77 milyon manat, 2008-2013-cü illərdə isə 112 milyon manat vəsait ayrılıb.
Yaranan zərərin ödənilməsinə ayrıca xüsusi vəsaitin ayrılmasına baxmayaraq, illərlə xeyli miqdarda borcun yaranması sual doğurur. Bütün bunlar onu deməyə əsas verir ki, ASC-nin idarəetmə və təsərrüfat fəaliyyətində ciddi araşdırmalara və bununla bağlı qərarların verilməsinə ehtiyac var.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki, əhalinin istiliklə təmin olunması üçün hər il dövlət büdcəsindən “Azəristiliktəchizat” ASC-nin hesabına 23 milyon manat vəsait ayrılır. Ekspertin fikrincə, bu vəsait Cəmiyyət öz xərclərini düzgün balanslaşdırmasına və əhalinin normal istiliklə təmin etməsinə imkan verir. ASC-nin büdcəsinin də açıq olmasına ehtiyac olduğunu vurğulayan V.Bayramov əldə edilən gəlirlər və xərclər barədə vətəndaşlara mütəmadi məlumatların verilməsini vacib sayıb.
Qeyd edək ki, “Azəristiliktəchizat” ASC-nin rəsmi saytında yerləşdirilən ən son hesabat 2011-ci ilə aiddir. Sonrakı illərə aid heç bir informasiya yerləşdirilməyib.
Problemin aradan qaldırılması üçün hökumətin hansı addımlar atacağı barədə suallarımız isə cavabsız qalıb. Nazirlər Kabinetinin mətbuat xidmətinə etdiyimiz zənglərə cavab verilməyib. “Azəriqaz” İstehsalat Birliyinə göndərdiyimiz sorğuya da gün ərzində cavab ala bilmədik.
Məsələni diqqətdə saxlayacağıq.
Fərqanə Allahverdiqızı
strateq.az