Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qaynar.info xəbər verir ki, dövlət başçısı Həsən Sultan oğlu Zeynalovu Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb.
Qeyd edək ki, Həsən Zeynalov 1951-ci il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində ziyalı ailəsində anadan olub. 1967-1970-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolu idarəsində fəhlə işləyib. 1970-1992-ci illərdə Bakı şəhər İcraiyyə Komitəsində texnik, mühəndis, baş mühəndis və kommunal təsərrüfat idarəsinin rəisi vəzifələrində çalışıb. 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsilini başa vurub. 1992-2004-cü illərdə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəsi vəzifəsində işləyib. 2004-2010-cu illərdə Azərbaycan Respublikasının Qars şəhərində Baş Konsulu olub, 3 may 2010-cu ildən etibarən Azərbaycan Respublikasının İstanbul şəhərində Baş Konsulu vəzifəsinə təyin olunub.
Prezident başqa bir sərəncamla Murad Nizami oğlu Nəcəfbəylini Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıb.
Qeyd edək ki, Murad Nəcəfbəyli 2012-ci ildə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq bu vəzifəyə təyin edilmişdi.
Qaynar.info