Rayonda abadlıq işləri aparan Vidadi İsayev xərcləri onların üzərinə yıxıb
Bərdə rayonunda abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən pul ayrılsa da, icra başçısı bununla kifayətlənmir. JAM.AZ-a verilən məlumata görə, hələ bir müddət əvvəl müəllimlərin maaşına göz dikən icra başçısı Vidadi İsayev, indi də fermerlərə qənim kəsilib.
Rayondan JAM.AZ-a çatan xəbərlərdə deyilir ki, İsayev bir neçə gün əvvəl müavinlərindən biri vasitəsi ilə Bərdənin aparıcı fermerlərinə ismarıc göndərib. Və tələb edib ki, park, yol və digər tikintilər üçün ayrılmış maliyyə vəsaiti yetərli olmadığından, onlar da kisənin ağzını açmalıdır. Əks təqdirdə, pul verməyən fermerləri qarşıda «qara günlər» gözləyir.
Məlumatda qeyd olunur ki, fermerlərdən tələb olunan məbləğ dəyişəkndir və bu, iş adamlarının maddi imkanlarına uyğunlaşdırılıb. Məsələn, kiçik fermerlər üçün 1000 manat nəzərdə tutulubsa, geniş imkanlara malik olanlar üçün bu rəqəm 10000 manata qədər artırılıb.
Bildirilir ki, bəzi fermerlər onlardan pul tələb edilməsinə etiraz edirlər. Hətta bununla bağlı hakimiyyət dairələrinə şikayət etmək fikrindədirlər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.