Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gözlər Berlində: Bayramovla Mirzoyan "alman masası"nda nələri imzalayacaq? - AB isə Bakını sanksiya ilə hədələyir...

28-02-2024, 09:34   









Gözlər bu gün Berlində olacaq. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş son görüşdə əldə olunan razılaşmaya əsasən, fevralın 28-29 tarixlərində xarici işlər nazirləri - Ceyhun Bayramovla Ararat Mirzoyan görüşəcəklər. Göründüyü kimi, bu dəfə ev sahibi Almaniyadır. Fransanın Avropa Birliyinin vasitəçiliyinə müdaxiləsi səbəbindən hələ də Brüssel masasını bərpa etmək mümkün olmadığı üçün təşəbbüs Almaniyaya keçib. Görünür ki, kansler Şolts önə çıxmağa çalışır. O, Makronla müqayisədə daha neytral sayıla bilər. Anaxeber.info-nun təhlilinə görə, nazirlərin görüşü böyük ölçüdə nəticə verməyəcək. Erməni baş nazir Paşinyan sülh sənədi üçün irəliləyiş olacağına inanır. Lakin bu açıqlamanı Rusiya ilə Ermənistan münasibətlərinin kritik dövründə verir. İrəvan bununla mesaj ötürür ki, bütün hallarda Qərbin moderatorluğuna güvənirlər. Ancaq Azərbaycan görüşə növbəti danışıqlar kimi baxır. Çünki Berlin olmasa da, müzakirələr aparılır. Son aylarda ikitərəfli formatda danışıqlar gedir. O halda, Qərbin nazirlərin görüşünü təşkil etməsinə o qədər də zərurət yox idi. Üstəlik, buna qədər Vaşinqtonda XİN başçılarının görüşü baş tutmayıb, Bakı Blinkenin köməkçisinin qərəzli mövqeyinə görə imtina edib. Brüssel platforması da faktiki dondurulub. Seçkidən sonra Mişel Əliyevə təbrik zəngində üçtərəfli danışıqları bərpa etməyi dilə gətirsə də, Avropa Birliyinin Azərbaycana qarşı ritorikası dəyişmədiyi üçün bu masa da baş tutmur. AB-da Borell, Stano və başqaları Bakı əleyhinə danışırlar. Beləliklə, ABŞ, AB, Makron Fransası qərəzi davam etdirdiyi üçün Qərbin vasitəçiliyinə etimadsızlıq var. Bunu anladıqları üçün indi də Almaniyanı qabağa veriblər ki, onun təşəbbüsü ilə Qərb platformasında müzakirələr aparılsın. Şübhəsiz ki, Paşinyan buna razıdır, o, "rus masası"na getməyəcək. Xüsusən də Paşinyanın Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu açıqlaması, spiker Simonyanın isə ötən gün açıq şəkildə rus hərbçilərinin Zvartnots hava limanını tərk etmələrini tələb etməsi Moskva-İrəvan xəttində qarşıdurma həddi yaradıb. Bakı da Rusiyanın vasitəçiliyi üçün sino getmir. Moskva və Soçi görüşləri indiyə qədər faydasız olub. Sadəcə, Qərb bu prosesdə Azərbaycan əleyhinədir, qətnamələr qəbul edir, ittihamlar səsləndirir, Rusiya tərəfi ən azı bunu etmir. O baxımdan Azərbaycan üçün məqbul variant ikitərəfli danışıqların inkişaf etdirilməsidir. Buyurun, Berlin görüşü ərəfəsində AB yenə Bakını təzyiqlə təhdid edir, sanksiyalardan danışır. Guya Azərbaycan Ordusu Ermənistana hücum edəcək. Tam bir əbləhlikdir. Belə ki, AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Piter Stano erməni mediasına deyir: " Ermənistanın ərazi bütövlüyü və suverenliyi pozulacağı təqdirdə Avropa Birliyi buna reaksiya verəcək". Halbuki Bakının belə bir hədəfi yoxdur. Lakin Stano davam edir: "AB Azərbaycanla işləməyə davam edəcək, güc təhdidi və beynəlxalq hüququn pozulması kimi birtərəfli hərəkətlərin irəliyə doğru yol olmadığı və nəticələrinin olacağı mesajını çox güclü şəkildə çatdırmağa çalışacaq. Biz Azərbaycanla münasibətlərin elə mərhələsindəyik ki, təhdidlərdənsə, iştirakçı olmağa üstünlük veririk. Amma vəziyyət mənfi istiqamətdə inkişaf etməkdə davam edərsə, üzv dövlətlər Azərbaycana təzyiq göstərəcəklər”.
Eyni vaxtda isə ABŞ Azərbaycan və Ermənistanı uzunmüddətli razılaşma əldə etməyə çağırmaqda davam edir. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə belə deyib. Kəsəsi, Rusiya danışıqları təşkil edə bilmir, Putinin indi başı seçkiyə və Ukrayna savaşına qarışıqdır, bundan əvvəl də görüş İrəvanın ucbatından alınmırdı, indisə Qərbdə belə təsəvvür yaranıb ki, Rusiya tam küncə sıxışdırılıb, fürsətdir - moderatorluqda dominantlığı ələ keçirək. Lakin Berlin masası da ümidli görünmür, bəzi mövzular razılaşdırıla bilər ki, yarımçıq məsələlərin davamı kimi...

Azər Talıbov
Anaxeber.info   

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar