Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiyada seçki: qutulara boya tökülməsi, od vurulması, Molotov kokteyli...

16-03-2024, 08:16   



Rusiya prezident seçkisində səsvermə davam edir. Səsvermə bugün martın 15-də başlanıb və bazar günü – martın 17-də başa çatacaq.

Bir sıra məntəqələrdə bəzi seçicilər seçki qutularının içinə boya və ya “zelyonka” adlanan məhlul töküblər.

Bu hadisələrdən biri Moskva şəhərində baş verib.


Həmin qadın saxlanıb və ona qarşı “seçki hüququndan istifadəyə mane olmaq” maddəsi ilə cinayət işi açılıb.

Buna bənzər hadisələrin Voronej vilayətinin Borisoqlebsk şəhərində, Rostov, Volqoqrad vilayətlərində, Novosibirskdə, Qaraçay-Çərkəz Respublikasında, habelə ilhaq edilmiş Krımın Simferopol şəhərində baş verdiyi xəbər verilir.

MSK seçki qutularının mühafizəsini gücləndirməyə çağırıb.

“Terrorizm elementi”

MSK-nın sədri Ella Pamfilova bəyan edib ki, saxlanan şəxslərin hərəkətlərində “terrorizm elementləri” var, çünki bu hərəkətlər guya xaricdən – yəni Ukraynadan “idarə olunur”.

Baza saytının dərc etdiyi videoda bir qadın seçki qutusuna od vurur. O da saxlanıb. Xəbər verilir ki, bu insident Moskvanın Maryino rayonunda baş verib. Buna bənzər insident Tümen vilayətinin Koqalım dairəsində də qeydə alınıb.

Fontanka qəzeti yazır ki, Peterburqda seçki məntəqəsinin yerləşdiyi məktəbin damına Molotov kokteyli atan qadın saxlanıb.

Onun saxlandığı və hansısa Ukrayna teleqram kanalından “tapşırıq” aldığını dediyi bildirlir. Guya bu aksiyaya görə ona pul vəd olunub.

MSK bildirir ki, bu cür insidentlər seçkiyə və onun nəticələrinə təsir göstərməyəcək.

Büdcə təşkilatlarının işçilərinə məhz martın 15-də səs vermək tapşırılıb

Moskva vaxıtilə saat 16:00-da qeydiyyatdan keçmiş seçicilərin 23 faizinin səs verdiyi bildirilir.

Söhbət həm də Ukraynanın işğal olunmuş ərazilərindən gedir. Bu da qeyd olunur ki, bəzi regionlarda seçici davamiyyəti 50 faizdən çox olub.

Moskvada məsafədən elektron səsvermə ilə seçicilərin 22 faizinin səs verdiyi bildirilir.

Media və teleqram kanallarının xəbərlərində deyilir ki, bir çox hallarda seçicilər çalışdıqları müəssisənin rəhbərliyinə seçkidə iştirak etdiklərinə dair hesabat verirlər.

Bundan əvvəl xəbər verilirdi ki, büdcə təşkilatlarının işçilərinə məhz martın 15-də səs vermək tapşırılmışdı.

Ən azı iki regionda hakimiyyət orqanları ekzit-pol aparan könüllülərə təzyiq göstəriblər.

Xantı-Mansiyskdə seçki məntəqəsinin qarşısında sorğu aparan Polina Zmanovskaya saxlanıb. O sorğunu namizədliyi qeydə alınmamış Boris Hadejdinin “Vətəndaş təşəbbüsü” partiyasının adından aparırdı.

***

Martın 15-də Rusiyada üçgünlük prezident seçkisi başlanıb. Seçkini indiki prezident Vladimir Putinin udacağı, daha altı il ölkəni idarə edəcəyi gözlənir. O, narazılara və müstəqil mediaya sərt divan tutub, ciddi opponentləri prosesdən kənarlaşdırıb.

Azad və ədalətli olmayacağı gözlənən bu seçki həm də 2022-ci ilin fevralında qonşu Ukraynaya qarşı tammiqyaslı işğal başlayandan ilk böyük səsvermədir.

71 yaşlı Putin 25 ilə yaxındır Rusiyanı ya prezident, ya da baş nazir kimi idarə edib. Onun seçkidə üç rəqibi var – Liberal-Demokrat Partiyasından Leonid Slutski, Dövlət Dumasının spiker müavini Vladislav Davankov və Dumanın Kommunist Partiyasından üzvü Nikolay Xaritonov. Bu şəxslərin siyasi mövqeyi Putinkindən, demək olar, fərqlənmir.

Müharibəyə qarşı çıxan 60 yaşlı siyasətçi Boris Nadejdinin namizədliyi ötən ay Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən rədd olunub. Onun namizədliyinin qeydiyyata alınması üçün verilən imzaların bir qisminin etibarsız olduğu bildirilir. Ali Məhkəmə MSK-nın qərarını qüvvədə saxlayıb.

Martın 15-də 11 vaxt qurşağında, o cümlədən Moskvanın qanunsuz ilhaq etdiyi Ukrayna regionlarında 100 minədək səsvermə məntəqəsi açılıb.

Ukrayna və Qərb hökumətləri Moskvanın Ukrayna regionlarında keçirdiyi səsverməni "qanunsuz" adlandırıblar.

Nəticələrin martın 18-də elan ediləcəyi gözlənilir.

75 faiz

Putinin rəqiblərinin həbsdə, sürgündə olduğu, yaxud artıq vəfat etdiyi bir durumda nəticə şübhə doğurmur. Martın əvvəlində "VTSIOM News"un keçirdiyi sorğuda vətəndaşların 75 faizi keçmiş KGB zabiti Putinə səs verəcəyini deyib.

Ölkədə müstəqil mediaya və insan haqlarına təzyiqlər Ukraynanın işğalı başlamazdan öncə start götürüb, o vaxtdan daha da sürətlənib. Seçkidən düz bir ay öncə isə Putinin açıq tənqidçisi, müxalifətçi Aleksey Navalnı həbsdə vəfat edib. Rəsmilər onun təbii səbəblərdən öldüyünü desələr də, tərəfdarları öldürüldüyünü düşünürlər.

Bir çox müşahidəçilərin fikrincə, Putin ən zəif rəqibini belə sıradan çıxarmaqla qələbəsinin miqyasını böyütmək, bunu da rusiyalıların Ukraynadakı müharibəyə dəstəyinin sübutu kimi təqdim etmək istəyib.

Seçkini kimlər müşahidə edəcək

Çoxları seçkinin azad və ədalətli keçəcəyini gözləmir, müstəqil monitorinq ehtimalı belə çox aşağıdır. Nadejdin müşahidəçiləri cəlb edəcəyini demişdi. Ancaq onun bunu necə edəcəyi bəlli deyil, çünki yalnız qeydiyyata alınmış namizədlər, yaxud dövlətin dəstəklədiyi qurumlar məntəqələrə müşahidəçi göndərə bilərlər.

"Dünyada kim bunun gerçək seçki olacağını düşünür?", - ABŞ-ın Moskvadakı keçmiş səfiri Maykl Makfol (Michael McFaul) seçkidən öncə CurrentTimeTV-yə müsahibəsində deyib.

Navalnı ölümündən öncə ümidvar idi ki, seçkidən ictimaiyyətin müharibəyə və Putinin sərt idarəçiliyinə etirazını göstərmək üçün istifadə edəcək. O, seçiciləri günorta 12-də səs verməyə çağırıb, bunu " Günorta Putinə qarşı" aksiyası adlandırıb. Navalnı deyirdi ki, martın 17-də günorta saatlarında küçələrə çıxan böyük izdihamın görünməsi heç kimi təhlükəyə atmadan güclü mesaj vermiş olacaq. Onun xanımı və digərləri bu çağırışı davam etdiriblər.

Ancaq strategiyanın necə işləyəcəyi aydın deyil. Moskvanın aparıcı hüquq-mühafizə orqanı martın 14-də aksiyada iştirakla bağlı xəbərdarlıq edib, iştirakçıların cəzalandırılacağını bildirib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar