Abbas Abbasov “AST Telman”ı yarıyolda qoydu

18-11-2014, 08:35   
Abbas Abbasov “AST Telman”ı yarıyolda qoydu

Abbas Abbasov “AST Telman”ı yarıyolda qoydu
Yəhudi biznesmen haqda yeni şok məlumatlar ; Milyarderin şirkətini borc “əridir”; Azərbaycanın sabiq vitse-primyeri rəhbərlərindən biri olduğu şirkətə daha getmir və tədbirlərdə Telman İsmayılovla birgə görünmək istəmir; Beynəlxalq Bank qalmaqallı iş adamının borclu olduğunu təsdiqlədi...


Xəbər verdiyimiz kimi, Rusiyada dərc olunan “Kommersant” qəzeti yəhudi əsilli iş adamı Telman İsmayılovun (“AST Telman”) Moskvada ümumi dəyəri 140 milyon dollar olan yarımçıq qalmış mehmanxanasının aktivlərinin Azərbaycan Beynəlxalq Bankının nəzarətinə keçməsi barədə yazı dərc edib. Məlumatdan belə aydın olur ki, T.İsmayılov nə vaxtsa Beynəlxalq Bankdan da iri məbləğdə kredit götürübmüş və indi o, krediti qaytara bilmədiyi üçün bank yəhudi biznesmenin daşınmaz əmlakının bir hissəsini öz mülkiyyətinə keçirib.

“Kommersant” qəzetinin bu barədə xəbərinə Beynəlxalq Bank rəsmi münasibət bildirməyib. Bankın Moskva bürosundan axar.az saytına isə deyiblər ki, T. İsmayilov həqiqətən də onlara borcludur: “Amma ”Kommersant" qəzetində göstərilən obyektlərin heç biri nə birbaşa, nə də ki, dolayısı yolla bizim bankın fəaliyyətinə aiddir. Materialda yazılanlardan yalnız bir məsələnin bizə aidiyyəti var: Azərbaycan Beynəlxalq Bankında həqiqətən AST QOF-un hesabı var və hazırda bu şirkət bizim kredit borclumuzdur". Yəni biznesmenin külli-miqdarda borclu olduğu xəbəri təsdiqlənir.



Maraqlıdır ki, bu borc xəbəri yayıldıqdan sonra bəzi Azərbaycan saytları T.İsmayılovun dünya şöhrətli müğənni Şakira ilə ad günündə “Azərbaycan” mahnısının sədaları altında rəqsi etməsi əks olunan videonu yayıb. Amma qısa bir araşdırma ilə aydın olur ki, bu video düz 6 il əvvəl T.İsmayılovun xoşbəxt günlərində-ad günündə lentə alınıb.

2009-cu ildə “Çerkizovsk” bazarının Putinin göstərişi ilə bağlanmasından sonra T.İsmayılov Rusiyanı tərk edib və faktiki olaraq Moskvadakı biznes fəaliyyətini dayandırıb.
Son məlumatlara görə, T.İsmayılov bir müddətdir ki, qeyri-rəsmi olaraq “AST” şirkətlər qrupunun rəhbərliyini də tərk edib. O, “AST” dəki biznes aktivlərinin 37 faizini oğulları Ələkbər və Sərxanın, holdinqin 25 faizini isə qohumu Zaur Mərdanovun adına rəsmiləşdirib. Biznesmenin çöküşünə qədər holdinqə 30-dən çox kompaniya daxil idi. Onların sırasında mehmanxana (“AST-qof”), tikinti (“AST-mapstroy”), sərnişin daşımaçılığı (“AST-taksi”), zərgərlik(“AST-qold”) və restoran biznesi də vardı. Kompaniya təkcə Moskvada 1,5 milyon kvadratmetr daşınmaz əmlaka sahib idi.



Rusiya mənbələri yazır ki, “AST” qrupuna indi hansı kompaniyaların daxil olduğunu demək çətindir. T.İsmayılovun “AST-müzykıl”, “Praqa-AST”, “AST-meç”, o cümlədən Moskvada nəşriyyat evi kimi kompaniyaları itirdiyi dəqiqdir. Bu kompaniyaların niyə “əridiyi” barədə dəqiq bilgi verilmir, amma böyük ehtimalla T.İsmayılov borcları səbəbindən bu şirkətləri ya satıb, ya da borcu əvəzində aktivlərində imtina etməyə məcbur olub. Məsələn, onun 3500 hektar sahəsi olan “Kalinski” kolxozunun ərazisini aldığı, amma burada evlər tikmək niyyətinin baş tutmadığı və sonda ərazini naməlum bir şirkətə satdığı deyilir. Onun “AST” rəhbərliyini məhz borcları səbəbindən tərk etdiyi və bununla da oğlanlarını sığorta etmək istədiyi iddia olunur.



Bu qalmaqalda hələ ki ortada görünməyən daha bir tanınmış sima var. Söhbət “AST” şirkətinin vitse-prezidenti, Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovdan gedir. Bir müddət əvvələ kimi “AST” şirkətindən baş verən hər hansı qalmaqallı məsələlərlə bağlı dərhal təkzib verən vitse-prezident çoxdandır ki, müəmmalı şəkildə susur.

2005-ci ildə Bakıdan ayrılan A.Abbasov əvvəldən də ciddi əlaqələri olduğu Moskvaya pənah apardı. Kreml hakimiyyəti ilə münasibətlərindən xəbərdar olan köhnə dostu T.İsmayılov Abbas Abbasova “AST” şirkətində vitse-prezident postu verdi. Amma bu təyinatdan sonra T.İsmayılova daha geniş imkanlar yaradılmadı, əksinə, ona qarşı Rusiya hakimiyyətindən təzyiqlər başladı. Onun “Çerkizovsk” bazarı bağlandı, biznesinə əngəllər yaradıldı və nəhayət, sıxışdırılıb Rusiyanın biznes-elitasından çıxarıldı.

Bu dəfə də A.Abbasovun ciddi dəstəyi ilə o, Türkiyəyə yerləşdi, bu ölkənin vətəndaşlığını aldı və “Mardan Palace” ni tikdi. Qeyd edək ki, biznesmenin “Mardan Palace” otelinə görə də “Halk Bank”dan 62,5 milyon dollar kredit alaraq geri qaytarmaması ilə bağlı xəbərlər var.
A.Abbasov “AST” də vəzifə aldıqdan sonra T.İsmayılovun Azərbaycan hakimiyyəti ilə də münasibətləri pozuldu. 2013-cü il seçkisi ərəfəsi T.İsmayılov A.Abbasovun yaratdığı “Milyarderlər İttifaqı”na daxil olduqdan sonra, ümumiyyətlə Bakıya gəlməsi qadağan olundu. Müsahibələrində “Azərbaycan prezidentinə qarşı olan təşkilatda yer ala bilmərəm” desə də, yəhudi biznesmenə tətbiq edilən qadağa indi də qalır... Məlumatlara görə, Azərbaycan hakimiyyətinin əlində prezident seçkisi ərəfəsi “Milyarderlər İttifaqı” üzvlərinin Türkiyəyə səfərləri və onların “Mardan Palace” də keçirdikləri məxfi görüşlər barədə sensasion xarakterli (qəzetlərə çıxarılsa) məlumatlar var.



Moskvadakı bir mənbəmiz deyib ki, A.Abbasov bir müddətdir ki, “ictimai əsaslarla işlədiyi” “AST” şirkətindən ayrılıb, ofisə getmir və Rusiya elitasının tədbirlərdə də dostu ilə birgə görünmür.

Qaynağımız deyir ki, A.Abbasovun Azərbaycanda vəzifədən “könüllü” çıxmasından sonra ilkin dövr üçün vitse-prezidentlik kimi posta ehtiyacı olub. T.İsmayılov da bu lütfü ona göstərib. Amma T.İsmayılovun ciddi biznes problemləri başlayanda A.Abbasov yaxasını kənara çəkib, yalnız sözdə dostunu dəstəkləyib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.