“Türkiyə həmişə azərbaycanlıların əleyhinə səs verib”

18-11-2014, 10:54   
“Türkiyə həmişə azərbaycanlıların əleyhinə səs verib”

Uzun illərdir ABŞ-da yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının rəhbəri Mahmudəli Çöhrəqanlı Axar.az-a geniş müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Güney Azərbaycandakı prosesləri izləyirsinizmi, orda durum nə yerdədir?

- Güneyli gənclərin dünyagörüşünün hər gün daha da genişlənməsi, onların ciddi intellektə sahib olması məni sevindirir. Bizim üçün ən önəmli şeylərdən biri millətimizin, gənclərimizin təhsil alması və dünyanın qabaqcıl intellektuallarından olmasıdır. Çeçenlərlə, uyğurlarla və digər əzilən xalqlarla müqayisədə bizim durumumuz çox-çox yaxşıdır. Şükürlər olsun ki, bizim əlimizə silah alaraq vuruşmağımıza gərək yoxdur. Fars rejimi hər nə qədər qəddar və zalım olsa da, rus imperializmi qədər, Çin kommunistləri qədər sərt deyil. Ancaq bu durumla da barışıb sakitcə oturmaq düzgün olmaz. Hər zaman çalışmaq və istəklərimizə doğru irəliləmək lazımdır. İran hökuməti şiə məzhəbli islam hökumətidir. Ancaq ümumi olaraq qiymətləndirsək, bu hökumət etnik fars rejimidir. Mən onların arasında olmuşam, onların necə olduğunu çox yaxşı bilirəm.

Sən ABŞ agentisən, sən İsrail…

- “Arasında olmuşam” deyəndə nəyi nəzərdə tutursunuz?

- Şah zamanında müəllim idim. Şah rejimində fars dilini bunlar qədər qorumurdular, indi kompüter sözünün də farscasını axtarıb tapmağa çalışırlar. Şah rejimində ayrıseçkilik bu qədər deyildi. Molla rejimi milli zülm məsələsində şah rejiminə rəhmət oxutdu. Farslar heç bir xalqın öz milli kimliyini saxlamasına icazə verməz. Elə düşünməyin ki, bu əzicilik ancaq siyasi məsələlərdə özünü göstərir. Urmiya gölünün qurumasına, “gəlin ağlayaq, Urmiya gölünü qurumağa qoymayaq” şüarına görə neçə nəfər həbsdə yatır. Hərəsinə bir ad qoyublar. Birinə deyiblər ki, sən ABŞ agentisən, digərinə deyiblər ki, sən İsrail agentisən - hərəsini bir qondarma ittihamla həbs ediblər. Hərəsinə də 5, 10 il həbs veriblər. Hökumət onların milli məsələlərlə bağlı olan heç bir hüququnu tanımır. Fars rejimidir, hər zamankı kimi türkün düşmənidir.

Bunu özləri də gizlətmirlər

- Güney Azərbaycan məsələsi dünya ictimaiyyətinin diqqətindən kənarda qalıb. Dünyanın nəzərinin Suriya və İraqa yönəlməsi bu məsələyə ola bilsin ki, təsir edir. Ancaq bu hadisələrdən öncə də Güney Azərbaycan məsələsi sanki unudulmuşdu. Bunun səbəbi nədir?

- Güney Azərbaycan məsələsini hər zaman bağıran, dünyaya güneyin səsini yetirən Günaz TV-nin peykdə yayımlanması bir neçə ildir ki, dayandırılıb. AKP Türkiyədə iqtidar olandan sonra Günaz TV-ni Türksat peykindən çıxarıblar. Onlar İranı özlərinə daha yaxın bilirlər. Türkçülük, milliyətçilik Türkiyə hökumətinə zidd olan dəyərlərdir. Bunu özləri də gizlətmirlər. Elə buna görə Ərdoğan deyir ki, biz türk milliyyətçiliyini ayaqlarımızın altına almağa nail olmuş bir iqtidarıq.

Qız-qadınlarımız aparılıb bazarda satılır

- O sözləri harda deyib?

- On minlərlə insanın qarşısında çıxış edərkən, seçkilər ərəfəsi aksiyaların birində. Görün, Türkiyə nə günə qalıb ki, açıq şəkildə milliyyətçiliyi əzməkdən zövq aldıqlarını deyən şəxslər Türkiyədə hökuməti ələ keçirib. Bu dediyim sözlər onlarla kanal vasitəsilə yayımlanıb. Bu insan elə əzəldən anti-türk birisidir. Prezidentləri Ərdoğan, onun təyin etdiyi Baş nazir Davudoğlu da başda olmaqla, o komandanın hamısı ümmətçidir, dinçidir. Soruşsan, dilin nədir, deyəcəklər ki, osmanlıca. İraqın türkmanlar yaşayan Amili qəsəbəsi 70 gün İŞİD-in mühasirəsində qaldı. Türkiyənin xəbəri var idi ki, 15 min insan kəsilir, doğranılır, namuslarına təcavüz olunur, qız-qadınları aparılıb Mosulun bazarında satılır. Ancaq Türkiyə bütün bunları görməzdən gəldi. İmkan vermədi ki, gedib kameraya çəksinlər, dünyaya yaysınlar. Elə davrandılar ki, sanki söhbət bunların düşmənindən gedir, halbuki türkmanlar türkdür, onların dili bir, dini bir, qanı bir qardaşıdır. Türkiyə hökuməti nəinki onlara kömək etmədi, imkan vermədi ki, mətbuatda bununla bağlı bircə cümlə getsin. Ordakı vəziyyət kürdlərin Kobani, ərəblərin Eyn-əl ərəb dediyi qəsəbədən daha pis idi. Harda idi Türkiyə? Niyə gəlib türkmanlara kömək etmədi? İndi nə olub, Kobani deyib düşüblər ortalığa? Kürdün sahibi var, onu əlbəttə müdafiə edəcəklər. Sahibsiz qalan İraqdakı türkmanlardır.

Bəyənmədiyimiz İran…

- İraqın Kərkük, Mosul və türkmanlar yaşayan digər şəhərlərindəki durumla bağlı internetdə yayılan məlumatları izləsək də, az öncə dediyiniz 15 min nəfər əhalisi olan Amilli adlı qəsəbədəki olaylarla bağlı Azərbaycan və Türkiyə mediasında hər hansı bir məlumatın getdiyini xatırlamıram. Bəs ordakı durumun sonu necə oldu?

- O türkmanlara bilirsiniz kim sahib çıxdı? Bəyənmədiyimiz İran! İran ordusunun generalı Qasimi Güney Azərbaycandan olan könüllülər ilə gəlib o qəsəbəni xilas etdi. Türkmanlar yaşayan yerə göndərilən kömək 3 gün də gec gəlsə, yəqin ki, hamısı çoxdan qırılmış olacaqdı. Yaxşı ki, o türkmanlar şiə idi, yoxsa İran da yaxın durmazdı. Türkiyənin hamıdan daha əvvəl xəbəri olduğu, sərhəddən həmin qəsəbəyə 1 saatlıq yol olduğu halda türkmanları ölümün cənginə buraxdı.

- Deyəsən, Türkiyədən yaman incimisiniz…

- Mən türkçüyəm, millətçiyəm, hətta turançıyam. Güney Azərbaycan, eləcə də Quzey Azərbaycan mənim hər şeyimdir, varımdır, yoxumdur, şərəfimdir, namusumdur. Ondan bir dərəcə aşağı Türkiyədir mənim üçün. Türkiyədən sonra İraq və Suriya türkmanları mənim üçün doğmadır. Biz Türkiyəni bu qədər canımızdan, qanımızdan saydığımız halda onlar bizə qarşı bu cür hərəkət edirlər. İraq türkman cəbhəsinin lideri yaxın dostum olan Salihi sünnidir. Ancaq bu mənim üçün önəmli deyil. Önəmli olan bizlərin eyni millətdən və soydan olmasıdır. Hətta qaqauzlar belə xristian olmasına rəğmən, mənim üçün çox doğmadır. Bu gün ən məzlumu türkdür. 15 min türkman İŞİD cəlladlarının əlinə keçdi, heç kimin xəbəri olmadı, Türkiyə səsini çıxarmadı. Ancaq kürdün yaşadığı yerdəki olaylar bütün dünyanı ayağa qaldırdı, İtaliya, Fransa, Kanada, ABŞ qırıcıları havaya qalxıb oranı bombaladı. Bu biri tərəfdə isə türkman qızlarının başına açılmayan oyun qalmayıb.

Fars rejimi türkləri süsəriyə bənzətmişdi

- AKP-ni bildik. Bəs Milliyətçi Hərəkat Partiyası dəstək üçün nəsə etmir?

- MHP-nin qurultayına dəvət etmişdilər. Ankaraya uçurdum. Türkiyəyə çatan kimi hava limanından məni geri qaytardılar. Bildirdilər ki, mənim ölkəyə girişim əngəllənib. 2006-cı ilə qədər Türkiyəyə sərbəst şəkildə gəlib-gedə bilirdim. 2006-cı il Güney Azərbaycanda yarım milyon insanın iştirakı ilə keçirilən nümayişdən sonra İran hökuməti qorxuya düşdü və Türkiyənin islamçı hökuməti ilə anlaşmağa müvvəfəq oldu. İranın tarixində ilk dəfə idi ki, yarım milyon insan türklüyünə görə küçələrə çıxdı. Çünki fars rejimi türkləri süsəriyə (Qara Fatma – red.) bənzətmişdi və yazmışdılar ki, bunlar süsəridir və yeməkləri tualetdən olur. Bu iki hökumət bir-birinə adlar olan siyahı verib ki, bu insanları ölkənizə buraxmayın. İran özünə təhlükə bildiyi insanların Türkiyəyə, Türkiyə də özünə zərərli bildiyi insanların İrana girməməsinə qarşılıqlı söz veriblər. Türkiyəyə gələ bilmədiyimiz üçün MHP ilə əlaqələrimiz ortaq mənəvi dəyərlərdən ibarət olmaqdan o tərəfə keçə bilmir.

Hər zaman İrandan yana

- Bəs Türkiyə hökumətinin Güney Azərbaycan məsələsində heç bir rolu olmayıb?

- Olub. Ancaq bu rol həmişə İranın xeyrinə olub. Türkiyə Güney Azərbaycan məsələsində hər zaman İrandan yana olub. İndi görün sizə nə deyəcəm, bəlkə də bu deyəcəklərimdən siz də daxil olmaqla çoxlarının məlumatı yoxdur. Yalançı dostluq, qardaşlıq, millətçilik, turançılıq şüarları heç kimə lazım deyil. İranda molla rejimi qurulandan bu yana BMT-nin İnsan Haqları Komitəsində İrandakı millətlərin hüquqları hər il səsverməyə çıxarılır. Bu səsvermələrdə Türkiyə hökuməti hər zaman İranın xeyrinə səs verib. Güney Azərbaycan məsələsi ayrı-ayrı illərdə 35 dəfə səsverməyə çıxarılıb, Türkiyə bu səsvermələrin hamısında Güney Azərbaycanın haqq səsini batıranların tərəfində olub və səsvermə haqqını zalımların xeyrinə istifadə edib. Bu tarixdir, 35 ildir İran rejimi insan haqlarını pozduğuna görə BMT-də dünya birliyi tərəfindən qınanan zaman Türkiyə hər zaman İrandan yana olub. Türkiyə neçə il səs verib ki, İranda insan haqları əzilmir və tapdalanmır. Dünyanın heç bir ölkəsində demokratiya və insan haqlarının pozulmasını daxili məsələ kimi qiymətləndirmək olmaz. Dünyanın hansı yerində olur-olsun, Zimbabve, Miyama olsun, fərq etmir, əzilən və haqqı pozulan insanların hüquqları qorunmalıdır. Burda isə söhbət Zimbabvedən getmir. Güney Azərbaycan dili bir, qanı bir öz millətləridir. Bunlar öz qanından olanın qanının batırılmasına səs verir.

- Azərbaycana burdan nə demək istəyirsiniz?

- Azərbaycanı, azərbaycanlıları sevirəm, bağrıma basıram. Güneyli-Quzeyli vahid dövlət olacağımız gün elə də uzaqda deyil. Düşmənlərimiz hər nə qədər xain və kinli olur-olsun, əmin olun ki, bizim haqqımız olan birləşmək, bütövləşmək məsələsi əlbət ki, gec-tez reallaşacaq. Hamınızı sevirəm. Azərbaycanımızı Tanrı qorusun.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.