Ana səhifə

Fazil Məmmədov əmlaklarını satır, yoxsa blef edir-təfərrüat

    Tarix: 25-09-2019 09:12   

Sabiq nazirə aid olan “AtaBank”ın maliyyə vəziyyəti düzəlmir;  mümkündür ki, tez-tez “satıram”, “maliyyə vəziyyətim pisdir”  kimi xəbərlərin tirajlanmasında F.Məmmədovun özü maraqlı olsun...

Hələ iyul ayının sonlarında “Yeni Müsavat” sabiq vergilər naziri Fazil Məmmədova aid “AtaBank” ASC-nin maliyyə durumunun kritik həddə qədər pisləşməsi barədə xəbər yazmışdı. Yada salaq ki, “AtaBank” ASC-nin nizamnamə kapitalının 86%-i “Synergy Group” MMC-yə, 14%-i fiziki şəxslərə (Əşrəf Kamilov 9,3%, Mahir Rəfiyev 4,7%) məxsusdur.

Bildirilirdi ki, F.Məmmədov  “AtaBank”ın İdarə Heyətinin sədri, öz bacısı oğlu Dəyanət Quliyevi, onun müavini Etibar Babaşlını və bankın Müşahidə Şurasının sədri Fərid Hüseynovu vəzifələrindən azad edərək, işdən qovub. Xəbərlərə görə, buna səbəb eks-nazirə məxsus bankda tam nəzarətsizliyin, ikihakimiyyətliyin hökm sürməsi, rəhbərlik arasında da kəskin konfliktin olması qeyd edilirdi. Ancaq hələ o vaxt da bəzi ekspertlər hesab edirdi ki, eks nazirin bu addımları hansısa müsbət dəyişikliyə səbəb olmayacaq. Fazil Məmmədovun bu addımları ilə nəzarət orqanları qarşısında manevr edərək, vaxt qazandığı ehtimal olunurdu. Mütəxəssislərin fikrincə, bank yeni investor tərəfindən yenidən maliyyələşdirilməli və köklü kadr dəyişiklikləri aparılaraq, sağlamlaşdırılmalıdır.

“Yeni Müsavat” bildirir ki, 1993-cü ildən fəaliyyət göstərən “AtaBank” Azərbaycanın ən böyük kommersiya banklarından biri  hesab olunurdu. 2017-ci ilin nəticələrinə görə “AtaBank” ASC Azərbaycanda ilk dəfə konsolidasiya prosesini uğurla başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində “İlin bankı” nominasiyasına layiq görülüb.

“”AtaBank"da böhranlı vəziyyət günü-gündən pisləşir. Hazırda çıxış yolu kimi bankda olan əmlakların dəyər-dəyməzinə satılması prosesinə başlanılıb. Hətta iş o yerə çatıb ki, son ümid yeri kimi bankın yeni inzibati binası olaraq nəzərdə tutulmuş Xocalı prospektində yerləşən 16 mərtəbəli əmlakın da satışa çıxarıldığı bildirilir". Bu xəbəri azpolitika.info-ya bankda gedən proseslərdən məlumatı olan mənbə verib. Mənbənin iddiasına görə, son zamanlar “AtaBank”ın müştəriləri olan sahibkarların, əmanətçilərin və digər fiziki şəxslərin bankın fəaliyyəti ilə bağlı haqlı narazılıqları ciddi şəkildə artıb: “Sahibkarlar hesabları üzrə əməliyyatlarını vaxtında apara bilmədiklərindən, əmanətçilər isə əmanətlərini vaxtında ala bilmədiklərindən narazıdırlar. Buna səbəb bankda ciddi şəkildə likvidlik probleminin yaranmasıdır. ”AtaBank"la bağlı ciddi problemlərlə üz-üzə qalan insanlar Maliyyə Bazarlarına Nəzarət Palatasına, Prezident Administrasiyasına və digər ünvanlara şikayət ərizələri ünvanlayırlar. Bir müddət öncə hay-küylü qərarları ilə gündəmə gəlmiş bankın sahibi, eks nazir Fazil Məmmədovdan da heç bir xəbər yoxdur. Bankın batmasını kənardan izləyən Fazil Məmmədov banka heç bir maliyyə dəstəyi göstərmir. Baxmayaraq ki, bankın ağır duruma düşməsinin əsas səbəbi kredit portfelinin əsas hissəsinin onun özünə məxsus şirkətlərdə olması və bu kreditlərin ödənilməməsidir. Eyni zamanda bu illər ərzində sahibi kimi Fazil Məmmədovun banka nəzarəti həyata keçirməməsi nəticəsində yaxın qohumları tərəfindən bankın düzgün idarə edilməməsi, idarəçilikdə intriqalara yol verilməsi nəticəsində ciddi nöqsanların yaranması olmuşdur".

Fazil MÉmmÉdov Émlaklarını satır ile ilgili görsel sonucu

Məlumatda daha sonra qeyd olunur ki, bankın ağır duruma düşməsi səbəblərindən biri də  bank tərəfindən keçən ilin oktyabr-dekabr aylarında əmanət kampaniyası keçirilməklə, yüksək faizlərlə əhalidən milyonlarla əmanət cəlb edilməsidir. Böyük həcmdə yüksək faizlərlə cəlb olunmuş əmanətlərə görə faizlərin ödənilməsi üçün isə bankın gəlir mənbəyi yoxdur, hətta vaxtı çatmış əmanətlərin qaytarılmasında ciddi problemlər var. Bu səbəbdən də son ümid yeri kimi bankın yeni inzibati binası olaraq nəzərdə tutulmuş Xocalı prospektində yerləşən 16 mərtəbəli əmlakının da satışa çıxarıldığı bildirilir. Amma o da vurğulanır ki, 50 milyon dəyərində olan bu əmlakın satılması fonunda da bankın vəziyyətinin düzəlməsi mümkün olmayacaq.

Maraqlıdır ki, bankın saytında İdarə Heyətinin sədri  Dəyanət Quliyev,  müavini isə Etibar Babaşlı göstərilib.   1983-cü ildə Bakı şəhərində anadan olan  Dəyanət Quliyev 14 mart 2016-cı il tarixindən “AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Sonda onu da vurğulayaq ki, keçmiş məmur-oliqarx Fazil Məmmədovun əmlaklarını satışa çıxarması barədə xəbərlər yeni deyil. Bundan əvvəl də bildirilirdi ki, keçmiş nazirin bir neçə rayonda malikanəsi olub. Hər malikanəsinin qarajında isə bahalı avtomobillər saxlayırmış.  Məlumatlı mənbə iddia edirdi ki, keçmiş nazir təkcə avtomobillərini deyil, bir neçə mülkünü də satışa çıxarıb. Amma bu xəbərlərin nə qədər səhih olduğu bu günədək təsdiqlənməyib.  Mümkündür ki, sabiq nazir tez-tez bu cür “satıram”, “maliyyə vəziyyətim pisdir”  kimi xəbərlərin tirajlanmasında maraqlı olsun. 

Orxan ƏLIYEV,
“Yeni Müsavat”

 

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net