Ana səhifə

Bakı sakini: Anam qızdırmadan yanır, xəstəxanalar qəbul etmir

    Tarix: 18-06-2020 18:34   


 

“TƏBİB deyir ki, xəstəxanalarda yer yoxdur, test pozitiv çıxsa belə evdə baxılacaq”
“Anam bu gün 8-ci gündür ki, qızdırma içində yanır. Nə Təcili Tibbi Yardım cavab verir, nə də TƏBİB. Həkim çağırırıq gəlmir, gələndə də deyir ki, xəstəyə yaxınlaşa bilməz. Test götürüblər, dedilər ki, 2 günə çıxacaq cavab. Az qala 4 gün olur, hələ də bir xəbər yoxdur. Xəstənin durumu isə get-gedə ağırlaşır”.
Bakı sakini Arzu Əkbərova belə deyir. Onun sözlərinə görə, 62 yaşlı anası Ramidə Əkbərova 8 gündür yüksək hərarətdən əziyyət çəkir, ürəkbulanma, qaytarma, öskürək, boğulma kimi simptomları var.
“4-cü gündən qızdırması var. Əvvəl yüngül idi. Dedik, yəqin adi qızdırmadır. 5-ci gün bir az yüksək oldu. 6-cı gündən isə vəziyyəti ağırlaşdı. Biz həmin gündən çalışıb-vuruşuruq. Anamıza bir kömək edə bilmirik. Təcili Tibbi Yardıma 12 saat zəng etdik. Bəlkə də 20-ci zəngdən sonra həkim gəldi. O da heç nə etmədi. Dedi, müdaxilə edə bilməz. Test götürdü. Dedi, 2 günə cavab çıxacaq, ona uyğun xəstəxanaya yerləşdiriləcək. Dünən vaxt tamam oldu, hələ də bir xəbər yoxdur”.
Arzu Əkbərova deyir ki, anasının durumunun get-gedə ağırlaşdığını görüb, onu dioqnostika mərkəzlərindən birinə aparıblar. Ciyərini kompüter tomoqrafiyasından keçiriblər,
3 nəfər ayrı-ayrı həkim anasının pnevmaniya olduğunu, ancaq koronavirusa da bənzədiyini bildiriblər:
“Yenə TƏBİB-ə zəng etdim. Dedim, həkimlər belə deyir, simptomları da var. Analizin cavabı da çıxmır. Heç nə demirlər, elə gözləməyimizi istəyirlər. Sonra da “103”-ə zəng etməmizi məsləhət görürlər. “103”-dən də deyirlər ki, gəlsək də, heç nə edə bilmərik, “Dimedrol”, “Analgin” vuracağıq. Biz günlərdir ki, yardım üçün yalvarırıq. Əlimizdən heç nə gəlmir, çox çarəsizik. Heç bir xəstəxana da qəbul etmir. Testin cavabı da çıxmır. Hara gedim, nə edim, bilmirəm”.
Əkbərovlar ailəsi karantin günlərində daha da əziyyət çəkiblər. Aptek yox, həkimə gedə bilmirlər, evdən çıxmaq olmaz və s.
“TƏBİB-ə zəng edirsən, minimum 65-ci növbədəsən deyirlər. Gözləyirsən, cavab yoxdu. Axırda mənə çatanda məşğul göstərir. Ya da Təcili Tibbi Yardıma yönləndirirlər. Hamı bir-birinin üstünə atır. Həkim gələndə də heç nə etmir. Vəziyyət budur”.
Arzu Əkbərova deyir ki, anasını bütün günü soyuq su ilə kompres edirlər. Həkim məsləhəti ilə bir-iki iynə-dərman vururlar. Ancaq xeyri yoxdur, vəziyyəti nəinki düzəlir, əksinə, get-gedə pisləşir:
“Evdə nə olacaq? Vəziyyəti düzəlmir, getdikcə pisləşir. Dünəndən ürəkbulanması da var, qaytarır. Bu gündən başağrıları başlayıb”.
Ailənin 5 üzvü var. Şikayətçi hazırda bütün ailənin təhlükədə olduğunu deyir:
“Ancaq veclərinə deyil. Düşünmürlər, maraqlanmırlar, çox ağır durumdayıq. Xahiş edirəm, bizə kömək etsinlər. Hər ehtimala qarşı özəl xəstəxanalara zəng etmişəm. Dedim, neqativ çıxsa, onu xəstəxanaya yatırmaq lazımdır. Virus oldu, olmadı. Xəstədir. Bizim tibbi təhsilimiz yoxdur. Baxa bilmərik evdə. Qəbul etmirlər. Aktiv çıxanda da xəstəxanaya götürmürlər, passiv çıxanda da. Onda bu test nəyə lazımdır? TƏBİB deyir ki, xəstəxanalarda yer yoxdur, test pozitiv çıxsa belə evdə baxılacaq. Belə ağır xəstəyə biz necə baxaq? Çox halsızdır, təngənəfəslik var. Çox pis öskürür. Vəziyyəti pisdir. Artıq 8-ci gündür ki, qızdırma içindədir. Heç kim də kömək etmir. Qonşumuzda bir nəfər koronavirus var idi, çox güman ondan yoluxub”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyir ki, ailə “103” - ə zəng etməlidir. Onlar həkim göndərməli, test götürməlidirlər. Həmin testin nəticələrinə uyğun həmin adam xəstəxana yerləşdirilə bilər:
“Bundan əlavə, “1542” Çağrı Mərkəzinə də müraciət edə bilərlər. Testlərin cavabı 2-3 gün müddətində çıxır. Adətən pozitiv olanda zəng edib deyirlər”.


Müəlliflər: Meydan TV
Tarix:  1



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net