Ana səhifə

Yeni Çernobıla hazırlaşın: Ermənistan “Metsamor”da uranı zənginləşdirir

    Tarix: 01-07-2019 16:29   
 


İyunun 19-da Türkiyənin İğdır vilayətində Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasında mümkün qəzanın nəticələrindən müdafiə məqsədilə genişmiqyaslı təlimlər keçirildi. Təlimdə qəza zamanı Ermənistanla sərhəddə yerləşən səkkiz türk kəndindən insanların təcili evakuasiyası həyata keçirilirdi. Jandarma qüvvələri və tibbi personal insanları 112 təcili tibbi yardım maşın ilə bioloji və radiasiya təhlükəsinə qarşı xüsusi avadanlıqlarla təchiz edilmiş çadırlara daşıyırdı.

Türkiyə “Metsamor”da baş verə biləcək qəzaya qarşı tədbirlər görür, hərçənd, İğdır illərdir ölüm təhlükəsi ilə yaşayır.

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyir ki, İğdırın sərhəd kəndlərinə ağaclar və tarladakı məhsullar quruyur, qadınların bətnindəki uşaqlar ölü doğulur, sonsuzluq ildən-ilə sürətlə artır: “Bütün bəlaların səbəbi “Metsamor” AES-dir. Bu stansiya İğdırın sərhədindən 500 metr uzaqlıqdadır və AES-dən yayılan radiasiya bölgəni tədricən məhv edir”.

Onun sözlərinə görə, sərhəd bölgəsində hər ailədə xərçəngdən ölən 3, ya 4 nəfər var.

Əqli çatışmazlıq qüsuru və şikəst doğulan körpələrin sayı çoxalır. Heyvanlarda ikibaşlı doğumlar müşahidə olunur. Çünki “Metsamor” AES Araz çayının suyu ilə soyudulur və zəhərlənmiş su yer altına gedir. İğdırda əkinlər bu su ilə suvarılır, insanlar bu sudan istifadə edirlər. Nəticədə müxtəlif xəstəliklər, xüsusilə xərçəng geniş yayılır”, - ASİMDER rəhbəri danışır.

Beynəlxalq ictimaiyyətin bütün tələblərinə rəğmən Ermənistan istismar müddəti başa çatmış AES-i bağlamaq niyyətində deyil. “Ermənistan Atom Elektrik Stansiyası” QSC ilə “Rosatom”un “TVEL” yanacaq şirkəti arasında 2019-2020-ci illər üçün nüvə yanacağının təminatına dair müqavilənin imzalanması da İrəvanın bütün bölgəni yeni Çernobıl təhlükəsi ilə üz-üzə qoymağa israrla davam etdiyini göstərdi.

Yeni Çernobıla hazırlaşın: Erməni dilində “Oktemberyan-1” adlanan “Metsamor” AES iki ayrı blokdan ibarətdir. Bloklardan birincisi 1976-cı, ikincisi isə 1979-cu ildə istifadəyə verilib. AES-in təhlükəli tərəflərindən biri onun hazırda dünyada ən köhnə hesab edilən rus texnologiyası ilə tikilməsidir. Dünyanın imtina etdiyi bu texnologiyadan hazırda “Metsamor” AES-də istifadə edilir. Bu texnologiya baş verə biləcək qəzalara qarşı son dərəcədə zəif və müdafiəsizdir.

SSRİ dövründə inşa edilmiş “Metsamor”da VVER, PBMK, EGP və BN olmaqla dörd moduldan istifadə edilir. Halbuki, təxminən 40 illik təcrübə nəticəsində VVER reaktorlarının çox etibarsız olduğu müəyyən olunub. Ən çox qəzalar da məhz VVER reaktoru ilə çalışan stansiyalarda baş verib. “Metsamor” da məhz VVER modeli ilə çalışır.

Stansiyanın ilk modulu VVER440/230 modelidir. Ən köhnə, təhlükəsizlik sistemi yox dərəcəsində olan bu modeldən istifadə edilməsi “Metsamor”un Çernobıldan da riskli olduğunu sübut edir. Çünki bu modeldə radioaktiv maddə sızıntısının qarşısını alacaq polad qübbə yoxdur. Bununla yanaşı, stansiyanın müasir təhlükəsizlik və texniki təchizatının olmaması, reaktorun soyudulması üçün istifadə edilən suyun azlığı və soyutma sisteminin köhnəlmiş olan layihə ilə tikilməsi də regionun ekoloji vəziyyəti üçün ciddi təhlükələri ortaya çıxarır.

“Metsamor”un VVER-440/270 modelinə əsasən tikilən ikinci bloku isə nüvə fəlakətlərinin qarşısını ala biləcək texniki təchizatdan və təhlükəsizlik sistemindən məhrumdur.

AES-in ciddi təhlükə mənbəyi olmasını əsaslandıran səbəblərdən biri də onun Rixter cədvəlinə görə 9 bal gücündəki seysmoaktiv zəlzələ zonasında yerləşməsidir. Nüvə enerjisi üzrə beynəlxalq standartlar 5 baldan çox zəlzələ ehtimalı olan ərazilərdə AES-lərin tikilməsini qadağan edir. İndiyə qədər “Metsamor” AES-də 5 böyük, 150-dən çox kiçik qəzalar baş verib. Qəzalardan ən böyüyü 1988-ci ildə Ermənistanın Spitak (Hamamlı) ərazisində baş vermiş zəlzələ zamanı qeydə alınıb. Bu zəlzələdən sonra stansiyada baş vermiş nasazlıq üzündən SSRİ rəhbərliyinin qərarı ilə AES bağlanmışdı. Elə həmin qəzada generatorun partlaması və əlaqə kabellərinin yanması nəticəsində stansiyanın onsuz da etibarlı olmayan müdafiə sistemi də məhv oldu. Lakin stansiyanın yaratdığı təhlükələrə rəğmən rəsmi İrəvan 1995-ci ildə onun fəaliyyətini yenidən bərpa etdi.

“Metsamor”un təhlükəsini anlayan dünya stansiyanın bağlanmasına çalışır, lakin hələ də heç bir nəticə əldə olunmayıb. Avropa İttifaqı “Metsamor”un 2011-ci ildən gec olmayaraq bağlanmasını və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də qarşı tərəf 1 milyard avro tələb edib. Nəticədə razılaşma baş tutmadı. Bu isə stansiyanın bağlanmasında Ermənistanın maraqlı olmadığını göstərir. Ermənistan “Metsamor”u 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmir. Rəsmi İrəvan stansiyanın fəaliyyətini dayandırmamasının səbəbini alternativ enerji mənbəyinin olmaması ilə bağlayır. Lakin Avropa İttifaqının hesablamalarına görə, qəzalı vəziyyətdə olan bu AES-də hər an baş verə biləcək partlayışdan təkcə Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcək.

Nüvə texnologiyası üzrə mütəxəssislərin fikrincə, “Metsamor”un istifadə müddəti 2001-ci ildə başa çatıb. Dünya təcrübəsinə görə, istifadə müddəti başa çatmış nüvə reaktorlarının fəaliyyəti dayandırılır. Misal üçün, Almaniya və digər ölkələrdə 1976-cı ildə tikilmiş reaktorlar sıradan çıxarılıb. BMT-nin nüvə təhlükəsizliyi konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, ətraf mühitə təsiri və bunun törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq protokolu olmalıdır.

Qarabağda “çirkli bomba”: Beqin-Sadat Mərkəzinin və Bar-İlan Universitetinin baş elmi işçisi Aleksandr Murison “Washington Times” nəşrində dərc olunan məqaləsində yazır ki, Ermənistan nüvə materialından “çirkli bombaların” yaradılması üçün istifadə edə bilər.

Cənubi Qafqazla bağlı böyük həyəcan keçirən Gürcüstan hakimiyyəti bir neçə Ermənistan vətəndaşının saxlanılması barədə məlumat yayıb, şikayətini dilə gətirib. Məlumata görə, Gürcüstanda 200 milyon dollar dəyərində nüvə materialları satmaq istəyən bir neçə erməni və Gürcüstan vətəndaşı saxlanılıb. Onların satmağa çalışdığı “Uran-238” yüksək radioaktiv maddə öldürücü qurğuların hazırlanmasında istifadə olunur”, - məqalədə bildirilir.

Müəllif qeyd edir ki, “çirkli bombalar” terrorizmlə mübarizədə bütün dünya üzrə birinci dərəcəli təhlükəli əhəmiyyətə malikdir: “Ermənistanın da bu bombaları xüsusən Azərbaycanın işğal etdiyi ərazilərində hazırlaması barədə məlumatlar var. Hazırda çox güman ki, həmin ərazilərdə Ermənistan qaçaqmalçılıqla məşğul olur”.

Gürcüstanda saxlanılan qaçaqmalçılar “Metsamor” AES-in keçmiş işçiləri və Ermənistan parlamentinin keçmiş deputatı “Şmays” ləqəbi ilə tanınan Arakel Movsisyanın yaxın qohumları idi. Movsisyan “Qarabağ klanı”nın əsas generallarından olan Manvel Qriqoryanın adamıdır və Ermənistan hökumətinin tapşırığı ilə müxtəlif cinayətləri həyata keçirməklə tanınıb. Paşinyan “Qarabağ klanı”na qarşı mübarizəyə başlayan kimi Movsisyan bu ilin yanvarında ABŞ-a qaçıb.

Ermənilərin uran qaçaqmalçıları işğalçı ölkənin “çirkli bombalar” hazırlamasını da gündəmə gətirdi. 2016-cı ildə “aprel müharibəsi”ndən sonra Ermənistanın sabiq baş naziri Qrant Baqratyanın, həmçinin, “Komandos” ləqəbli general Arkadi Ter-Tadevosyanın “çirkli bomba” adlandırılan atom bombasına malik olduqlarını iddia edərək, Azərbaycanı vurmaqla hədələməsi bu versiyanı gücləndirdi.

Ermənistanın atom bombası var”, - Baqratyan açıq şəkildə bəyan etmişdi. Bunu ölkəni “aprel müharibəsi”ndəki ağır məğlubiyyət atmosferindən çıxarmaq üçün ictimai rəyə hesablanmış iddia hesab etmək olardı. Lakin 2017-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) 2011-ci ildə məxfi şrifti açılmış sənədlərinin yayılması və bu sənədlərin birində SSRİ-nin ilk atom bombasını Ermənistanda yaratdığına dair faktların yer alması Baqratyanın “böyük sirri” etiraf etdiyini deməyə əsas verirdi.

CİA-nın 1950-ci ildə hazırladığı “Sovet Ermənistanında atom bombası zavodu” adlı məxfi hesabatda deyilir:“Atom zavodlarının tikilməsi üçün uyğun yer axtarılırdı. Uraldan Qərbi Sibirə qədər bir neçə yerə baxış keçirildi. Lakin SSRİ-də atom silahının yaradılması layihəsinə rəhbərlik edən Lavrenti Beriya Ermənistanı seçdi. Atom silahının yaradılması üzrə zavodun yerləşəcəyi yer kimi dəniz səviyyəsindən 2225 metr yüksəklikdə olan Sevan gölü (Azərbaycanın tarixi Göyçə gölü – red.) yaxınlığındakı ərazi seçildi. Zavodun burada inşasına səbəb Göyçə gölünün tək qolu olan Zəngi çayı (Razdan) idi. Çayda 1932-ci ildə Su Elektrik Stansiyası inşa olunmuşdu, 1947-ci ildə stansiyanın gücü 2 milyon kilovata çatdırıldı. Nüvə silahının yaradılması üzrə zavodun inşasına 1947-ci ildə başlandı, 1948-ci ilin mayında tikinti başa çatdı. İstehsal zonaları olaraq Alagöz (Ələyəz) dağının şərq ətəkləri və altı mağara seçildi. Tikinti işlərində Nasist Almaniyasının yeraltı obyektlərini inşa edən alman əsirləri iştirak edirdilər. 1948-ci ilin yanvarında Ermənistan ərazisindəki nüvə obyektlərinə uran Şərqi Almaniyanın Saksoniya vilayətindən və Çexoslovakiyadan gətirilirdi. 1949-cu ilin iyulunda birinci atom bombası hazırlanmışdı. Nüvə silahı Uralda Maqnitorsk şəhərinin 100 kilometrliyində sınaqdan keçirildi. 1949-cu ilin sentyabrında rəsmi Vaşinqton və London SSRİ-nin nüvə bombasının sınağını keçirməsi faktını təsdiqlədi”.

“Atom bombamız var” etirafları, Gürcüstanda həbs edilən qaçaqmalçılar və CİA-nın ortaya çıxan məxfi sənədi bir versiyanı gücləndirir: Ermənistan uranın zənginləşdirilməsini məhz “Metsamor”da həyata keçirir və vaxtı keçmiş, ilk növbədə ermənilərin özü üçün böyük təhlükə olan AES-i bağlamaqdan israrla imtina etməsinin səbəbi də budur.
publika.az
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net