Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Sovetski" Cavad Cavadovu seçir

26-01-2020, 21:06   





17 saylı Yasamal üçüncü seçki dairəsindən “Real cümhuriyyətçilər” Blokunun deputatlığa namizədi tanınmış vəkil Cavad Cavadov seçicilərlə görüş keçirib. Kifayət qədər izdihamlı keçən görüş Cavad Cavadovun bu dairənin favoriti olduğu barədə ehtimalları bir qədər də möhkəmləndirib.
Cavad Cavadov əvvəlcə özü barədə qısa məlumat verib. Lakin seçicilərin çıxışlarından bəlli olub ki, əslində namizədin tanıtıma ehtiyacı yoxdur. Görüşə gələnlərin əhəmiyyətli hissəsi bildirib ki, onlar Cavad Cavadovu hüquqları pozulan vətəndaşların yanında olan bir vəkil kimi kifayət qədər yaxşı tanıyırlar. Digər tərəfdən, bu günlərdə Sovetski ərazisində evlərin məhkəmə qərarı olmadan sökülməsi prosesində Cavad Cavadov sakinlərin yanında olub, onların hüquqlarını müdafiə edib. Sona qədər onların yanında olub.
Cavad Cavadov çıxışında bu məsələyə bir daha toxunub. Söküntü işlərinin qanunsuz aparıldığını,vətəndaşların mülkiyyət hüququnun kobud şəkildə pozulduğunu bildirib. O qeyd edib ki, sakinlərə verilən kompensasiya məbləği ədalətli deyil. “Bu günlərdə “Sovetski” ərazisində 20 sot torpaq sahəsinin satılması barədə məlumat aldıq. Araşdırdıq və bəlli oldu ki, torpaq sahəsinin 1 sotu 500 min manata yaxın bir məbləğə satılır. Bu isə 1 kvadratmetr üçün 5 min manat edir. Amma sakinlərinə 1500 manat məbləğində kompensasiya verilir. Bu, ədalətsizlikdir. Mən həmin insanların hüquqlarını müdafiə etməkdə davam edəcəyəm. Amma məni deputat seçəcəyiniz təqdirdə biz bu qanunsuzluğun qarşısını daha güclü dirəniş göstərə və problemin həllinə nail ola bilərik”, -deyə Cavad Cavadov bildirib.
O əlavə edib ki, deputat kimi qanunsuz söküntü işlərinə, vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına qarşı mübarizə onun üçün priroritet məsələ olacaq.  
Cavad Cavadov 17 saylı Yasamal üçüncü seçki dairəsində seçiciləri narahat edən başqa bir problemə də xüsusi diqqət çəkib. Deyib ki, narkomaniya əsrin bəlasıdır: “Mən bu bəlanın qarşısının alınması istiqamətində də layihə və proqramlarımı Milli Məclisə təqdim edəcəm. Narkomaniya xəstəlikdirsə, bu bəlaya yoluxanlar müalicə olunmalıdır”, - deyə namizəd vurğulayıb.
Cavad Cavadov daha sonra sosial müavinətlərlə bağlı fikirlərini açıqlayıb: “Dövlət aztəminatlı ailələrə sosial müavinətlər verir. Amma müavinətlərin yerlərdə mənimsənildiyi barədə faktlar var. Hətta Prezident də belə bir halın olduğunu deyib. Bu da mənim xüsusi diqqət yetirəcəyim məsələlərdən biri olacaq”.
Görüşdə iştirak edən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, “Real cümhuriyyətçilər” Blokunun 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd Natiq Cəfərli çıxışında bildirib ki, onlar Milli Məclisdə komanda şəklində fəaliyyət göstərmək niyyətindədirlər. 
“Biz komanda olaraq vətəndaşları narahat edən problemlərin həllinə çalışacağıq. Mən də xüsusilə mülkiyyət hüquqlarının pozulmasına toxunmaq istəyirəm. Bu gün aparılan söküntü işləri faktiki olaraq vətəndaşların mülkiyyət hüquqlarının pozulmasıdır. Əlbəttə dövlət əhəmiyətli, təhlükəsizliklə bağlı hansısa iş aparılırsa söküntü ola bilər. Amma park salınması, otel tikilməsinin təhlükəsizliyə dəxli yoxdur. Digər tərəfdən, hökumət qiymət təyin edə bilməz. Qiyməti mülkiyyətçi təyin etməli və sonra dövlət onunla danışıqlara başlamalıdır”, - deyə Natiq Cəfərli bildirib.
Bu  gün Azərbaycanda 600 min mülkiyyət pozuntusu olduğunu deyən Natiq Cəfərli bildirib ki, “Real cümhüuriyyətçilər” Blokunun namizədləri Milli Məclisdə təmsil olunacağı təqdirdə mülkiyyət aministasiyasının verilməsini təklif edəcəyik.
Natiq Cəfərli uşaq pulu məsələsinin də onlar üçün prioritet olduğunu deyib. “Biz hesab edirik ki, hamıya yox, aztəminatlı ailələrə mütləq uşaq pulu verilməlidir”, -deyə o vurğulayıb.
Görüşdə seçicilərdən Nəzrin İsrafilova Cavad Cavadova sökntü işləri zamanı hüququ pozulan vətəndaşların yanında olmasına görə təşəkkür edib. Daha sonra əlavə isə evlərinin söküldüyünü, lakin kompensasiya ala bilmədiklərini bildirib. Cavad Cavadov bu problemlə birgə mübarizə aparılmasının zəruriliyini bir daha diqqətə çatdırıb.
Seçicilərdən Dünya Əliyeva isə dövlət qurumlarına ünvalanan şikayətlərə baxılmadığını diqqətə çatdırdı: “Canavardan şikayət edirsən, amma səni yenidən canavarın üstünə göndərirlər”.
Cavad Cavadov isə hansısa dövlət qurumdan edilən şikayətin baxılması üçün yenidən həmin ünvana göndərilməsinin qanunsuz olduğunu bildirib. 
Sonda seçicilər fevralın 9-da seçkilərə gedərək Cavad Cavadova səs verəcəklərini bildiriblər.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar