Ana səhifə

TRAMPIN AMERİKANI DƏYİŞDİRƏCƏK MÜŞAVİRİ – NAVARRO:o, Londonu özünə tabe etdirməyi bacaracaqmı? - ARAŞDIRMA

    Tarix: 29-06-2020 08:29   

Ərgün Dilər

“Takvim”, Türkiyə, 27 iyun 2020-ci il

 

Neçə vaxtdır ki, anlatmağa çalışdığım şey dünyanın zirvəsində gedən mübarizədir. Bunu qitələrə, ölkələrə, şirkətlərə, banklara, partiyalara və şəxslərədək uzadın, genişlədin. Yerli və qlobal miqyaslı bütün təsirli qurumlar bu mübarizə nəticəsində öz tərəfini, yönünü və marşurutunu müəyyən edəcək. Əslində, hər bir önəmli oyunçuya təlimat yuxarıdan gəlir. Bu, bəzən Vaşinqton, bəzən də London olur. Yerdə qalanı nağıldır…

İndi isə elə də çox tanımadığımız önəmli bir şəxsə, böyük güc balansında böyük işlər görəcək sirli oyunçuya –  Piter Navarroya keçək.

ABŞ Prezidenti Trampın ticarət üzrə müşaviri olan Piter Navarro, Ağ Evə yeni dünya nizamının mərkəzi olaraq şərh verib. Bu, önəmli, həm də çox önəmli bir çıxış idi.

Navarro “Dərin Amerika”nın önəmli bir şəxsidir. Gah respublikaçı olub, gah da demokrat kimi çalışıb. Kimsə onu tərəf dəyişdirdiyi üçün tənqid etməyib. Çünki o, bu addımları böyük və güclü Amerika üçün atıb. Xatırlayırsınızsa, bir müddət öncə Çarlz Kox demişdi ki, “Artıq respublikaçı və ya demokrat olmaq önəmli deyil. Önəmli olan böyük Amerikadır”.

Navarroya da bu kontekstdə baxmaq lazımdır.

Navarro “Ata və oğul Buş ABŞ üçün böyük şansdır”, həmçinin “Həm Bill Klinton, həm də El Qor afişasını daşımaqdan qürur duyuram” demişdi. İlk baxışda bu iki cümlə əsla yan-yana gələ bilməz. Ancaq Navarro uzun illərdir ki, Ağ Evin qərarvericilərindən biridir. Son dövrdə önə çıxması isə ABŞ-da Çini ən yaxşı bilən şəxslərin siyahısında başda yer tutması ilə bağlıdır.

Bu gün ABŞ Ticarət naziri Uilbur Rossun ticarət sistemini hazırlayan şəxs də Navarrodur. “Kirli Amerika”nın ən önəmli üzü olan və son dövrdə hər kəsin tanış olduğu Milli Allergiya və İnfeksiyon Xəstəliklər İnstitutunun müdiri Entoni Fauçinin ən çox çəkindiyi şəxs də Navarrodur.

Hazırda ABŞ-ın yeni bir dövr üçün bəzi ölkələrlə yaxın təmasda olmasının lazımlı olması haqqındakı hesabatı da birbaşa Navarro hazırlayıb. O, “Dərin Amerika”nın gedəcəyi yolu, çatmalı olduğu limanı açıqlayıb. Həmin hesabatın detalları aşağıda göstərilib:

1. Türkiyə çətin bir ölkədir. Ancaq Aralıq dənizindəki gücü ilə ortaq bir nöqtədə işləyə biləcəyimiz bir ölkədir. Vaşinqton daxilində Türkiyə əleyhdarlığının bir müddət səssiz qalması üçün lazım olan addımlar atılmalıdır. Türkiyə variantı mütləq yoxlanılmalıdır.

2. Orta Şərq nefti, xüsusilə Körfəz ölkələrinin bütün neft ehtiyatları Vaşinqton tərəfindən mühafizə altına alınmalıdır. Bu, ABŞ-ın supergüc olaraq qalmasını təmin edəcək önəmli bir addımdır.

3. London mərkəzli maliyyə sistemi çökdürülməlidir.

4. Çinin ticarət mərkəzi olması əngəllənməlidir. Alternativ olan ölkələrə dəstək verilməlidir.

5. ABŞ şirkətlərinin Londonla bağı qopardılmalıdır. Vaşinqtonun qərarlarına hörmətlə yanaşmağı təmin edən qanunlar çıxarılmalıdır.

Aralıq dənizi baxımından Türkiyəni “olmazsa, olmaz” görən Navarro, neft dollarları ilə “Dərin İngiltərə”ni və maliyyə sistemini ələ keçirmək istəyir. Silah onsuz da öz əllərindədir. Bunların olması tək mərkəzli bir sistem anlamına gəlməkdədir.

İndi bu hesabatdan narahat olanlar var. Onların arasında Prezident Tramp da var. Navarronun tələblərinin ən önəmli qismi olan London mərkəzli maliyyə sisteminin çökdürülməsi, eyni zamanda Trampın gücünü də yox edəcək bir addım olacaq. Çünki Tramp London sayəsində zəngin iş adamı olub. Bir neçə dəfə bu sistemə qarşı çıxmağa məcbur olsa da, bu açıqlamaları Ağ Evdə yaşadığı üçün verdiyini bilirik.

Londonun maliyyə gücünün əlindən alınması dünyada rejim dəyişikliyidir. Bu, çox açıq və aydındır. Bunun mümkün nəticələri, əlbəttə, ağır olacaqdır. Ancaq “Dərin Amerika” bu məsələ ilə bağlı çox qərarlı görünür.

Henri Kissincerin fikrincə, Navarro ABŞ-ı dəyişdirəcək. Hətta o, bundan əmindir. Kissincerin müdafiə etdiyi “liberal dünya nizamının prinsipləri qorunmalıdır” tezisi maliyyə sisteminin Londondan idarə edilməsinin davam etdirilməsinə işarət edir.

Pandemiya dövrü açıq şəkildə göstərdi ki, “Dərin Amerika” ilə Londonun savaşı daha da şiddətlənəcək. Hazırda FES artıq 4 trilyon dollardan çox pul basıb, Avropa Mərkəzi Bankı da 1 trilyon avrodan çox pulu bazara sürüb. Avropa Mərkəzi Bankı hələ 1,7 trilyon avro da basmağa məcburdur. Bu səbəblə, bazarda pul bolluğu yaşanacaq.

Həm FES-in, həm də Avropa Mərkəzi Bankının pul basması haqqında qərar Londonda verilib. Bu da “Dərin Amerika”nın maliyyə sahəsində atdığı addımları əngəlləyəcək. Vaşinqton da bunu bilir. Ona görə, “Dərin Amerika” da qaradərili gəncin öldürülməsilə başlayan sosial xaosu Avropaya yaymağı planlaşdırır. Bunun örnəklərini Fransa, İtaliya, Belçika və Hollandiyada gördük. Sosial xaos pulun dövriyyəsini yavaşladacaq. Pandemiya kimi, insanların pulu cibində saxlamasını təmin edəcək. Planlar qurulur və tətbiq edilir. Bu, hər iki tərəf üçün də keçərlidir.

Piter Navarronun hesabatı Londonda ciddi reaksiya doğurub. Bu planları pozmaq üçün, əlbəttə, əks planlar hazırlanıb. London bu böyük gücü əlindən buraxmamaq üçün hər bir yolu yoxlayacaq. “Dərin Amerika” da öz yolunu açacaq çox ciddi addımlar atacaq. Zirvədə gedən bu savaşı yaxşı izlədiyiniz halda, hər bir yerdə nə olacağını, necə ittifaqlar qurulacağını, necə mübarizə gedəcəyini çətinlik çəkmədən anlayacaqsınız. İşin mahiyyəti budur.

Tərcümə Strateq.az-ındır

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net