Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“PUTİN ZƏİFLƏYİR, KOMANDASI DA PARÇALANIR” – “O, varis problemini həll edə bilmədi”

24-01-2020, 09:20   

Rasim Ağayev: “Mişustin haranın dahiyanə rəhbəridir ki, Rusiyanı düşdüyü vəziyyətdən çıxara bilsin?”

Rusiya Prezidenti Vladimir Putinin yanvarın 15-də Federal Məclisə müraciəti zamanı konstitusiyaya yeni dəyişikliklər təklif etməsi və bundan sonra baş verən proseslər beynəlxalq siyasi çevrələrdə və həmçinin Rusiyanın özündə ciddi müzakirələrə səbəb olub. Çoxları bu dəyişiklikləri Putinin 2024-cü ildə prezident səlahiyyətlərini başa vurduqdan sonra da Rusiyada öz hakimiyyətini davam etdirməyə hesablanan gedişi hesab edirlər.

“AzPolitika.info” bu mövzunu Rusiya siyasi sisteminə bələd olan sabiq dövlət müşaviri, politoloq Rasim Ağayevlə müzakirə edib.

- Rasim müəllim, Vladimir Putinin son konstitusiya islahatları haqqında qərarını necə qiymətləndirirsiniz və sizcə, o, bu addımlarla nəyə nail olmağa çalışır?

- Rusiya indi maraqlı mərhələyə çatıb. Rusiya siyasi qüvvələri düşdükləri dalandan çıxış yolu axtarırlar. Yəni bu yol hansıdır, hansı qüvvələrlə həmin yol gediləcək tipli suallara cavab axtarılır. Rusiyada ciddi kommunist hərəkatı var. Bu qüvvəni indiki Rusiya hakimiyyətində olan komandanın müttəfiqləri - qərb ölkələri qəbul etmir. Digər tərəfdən, Rusiyada hökmranlıq edən qüvvələr də ölkənin geniş kütlələrini qane etmir. Məsələn, deyirlər ki, əhali arasında 30-40 faiz narazılıq var. Amma reallıqda Rusiyada narazılıq artır. Deməli, mövcud olan rejimin əksinə çıxış edənlərin sayı getdikcə çoxalır. Və ortada ciddi alternativ qüvvə də yoxdur ki, çıxış yolunu göstərsin, “biz bu yolla getməliyik” təklifini irəli sürsün. Rusiyada real durum budur.

Sol qüvvələr, kommunistlər ancaq tənqidlə məşğuldur. Radikal sağ müxalifət isə ortaya proqram və sənəd qoymur. Sözsüz ki, zaman keçdikcə Putin zəifləyir, komandası da parçalanır. Problem ondadır ki, çıxış yolu tapılmır. Üstəlik, Rusiyanın müttəfiqi də yoxdur, ölkə faktiki olaraq, tək qalıb. Digər tərəfdə Avropa, ABŞ, Yaponiya və s. var. Onlar da bir neçə il əvvəl Putinə təklif etmişdilər ki, qərbyönümlü siyasət aparmaq istəyirsənsə, hakimiyyətin dəyişilməsi məsələsini nizamlamalısan. Putində qayıdıb gəldi və elan etdi ki, Rusiyanın öz yolu var.

Qısası, Rusiyada vəziyyət gərginləşib. Bir yandan hamı hakimiyyətin yeniləşməsindən danışır, bir yandan da “hakimiyyəti kiminlə yeniləşdirirsən” sualı açıq qalır. Putin komandası da hakimiyyətdən getməyə hazır deyil. Deyirlər ki, biz niyə getməliyik, planımızı qurmuşuq, hazırda yeni təkliflər irəli sürürük, proqramımız var. Əsas məsələlərdən biri də odur ki, rus xalqı nə amerikan, nə alman, nə də ingilis xalqıdır. Yəni rus xalqının hazır sistemi yoxdur ki, təzə komanda gəlsin, köhnələr getsin. Ruslar özləri öyrəşib ki, bütün məsələləri hakimiyyət həll etsin. Xalq gözləyir ki, hakimiyyət nəsə dəyişikliklər etsin. Geniş kütlələr Rusiyanın dəyişiklik və yeni kursunda iştirak etmir.

- Sizcə, Putin komandasının yeni konstitusiya təşəbbüsünün arxasında konkret olaraq hansı məqsəd dayanır?

- Hakimiyyəti qoruyub saxlamaq. Müxalifət və geniş ictimai qüvvələr belə başa düşürlər ki, Putin komandası 2024-cü ildən sonra da hakimiyyətdə qalmaq istəyir. Sadəcə, bunu yeni formada həyata keçirmək istəyi var. Normalda komanda öz proqramı ilə gəlir və oturub işləyir, sonra da gedir. Amma indiki komanda özünü elə aparır ki, guya hər şey hazırdır, təkcə rəhbər və ya məmurlar yoxdur. Üstəlik, Putinə get deməyə də heç kimin gücü çatmır. Putin də deyir ki, nazirləri, məmurları dəyişim və davam edim. Məsələn, yeni baş nazir qoyub, cənab Mixail Mişustini nəzərdə tuturam. Axı Mişustin haranın dahiyanə rəhbəridir ki, bu boyda Rusiyanı düşdüyü vəziyyətdən çıxara bilsin? Nəzərə alın ki, söhbət Gürcüstandan və ya Ermənistandan deyil, Uzaq Şərqdən qərb dövlətlərinin sərhədlərinə qədər uzanan nəhəng bir ölkədən gedir. İndi, “biz hazırıq, dəyişəcəyik” kimi fikirləri ona görə deyirlər ki, bu ölkədə vəziyyət mənfi istiqamətdə gedir, iqtisadi problemlər həll edilməyib. Hələ bunlar da deyir 20 il vaxt lazımdır ki, biz proqramı yerinə yetirək.

- 2020-ci ildə Vladimir Putinin hakimiyyətə gəlməsinin 20 ili tamam olacaq...

- 20 il olmusan. Bəli, yaxşı proqramlar, vədlər olub. Bəs nəticəsi nə oldu? Xalq narazılıq edirsə, deməli dolana bilmir, imkanları aşağıdır.

- Yeni konstitusiya təşəbbüsünə görə, Dövlət Dumasının və qubernatorların səlahiyyətləri genişləndirilir, prezidentin səlahiyyəti müəyyən qədər azaldılır. Sizcə, bu nəyə hesablanır?

- Bunların hamısı absurd məsələlərdir. Ay bunu parlament edəcək, onun səlahiyyətləri genişlənəcək və s. Onda bunun adını parlament respublikası quruluşu qoy. Qoymursan! Bəs onda nə olacaq? Dəyişikliklərin adı da bəlli deyil. Əslində, hakimiyyətin gedişlərinin mahiyyətini müxalifət vasitəsilə bilmək olardı. Amma Rusiyada ciddi və konstruktiv müxalifət də yoxdur. Yalnız tənqid edən müxalifət var. Bir sözlə, “nə edək”, “vəziyyətdən neçə çıxaq” mövzusunda bir nəfər də danışmır. Üstəlik, siyasi fiqur çatışmazlığı də yaşanır.

Putin hakimiyyətə gələndə mən bunu ümidlə və pozitiv qarşıladım. Çünki Yeltsinin Rusiyanın başında durması fəlakətlərə yol açacaqdı. Bu, təkcə ruslar üçün deyil, dünya miqyasında geosiyasi fəlakət ola bilərdi. Bu adam yerində deyildi. Həm hazır deyildi, həm də təsadüfi adam idi. Məhz Qorbaçovun və Yeltsinin sayəsində avantürist qüvvələr meydana çıxmışdı və Rusiyanı kiçik ölkələrə bölmək istəyirdilər. Bu ölkələrin biri ABŞ-a, biri Avropaya, digəri Çinə tabe olacaqdı və bilinmirdi ki, bu prosesin sonu necə olacaq. Üstəlik, ciddi özbaşınalıq hökm sürürdü. Putin müəyyən qədər hərc-mərcliyi aradan qaldırdı. Yəni rusların ona olan ümidini doğrultdu, sabitlik yaratdı, avantüristlərlə məsələni bitirdi və s. Beləcə rəy yaranırdı ki, Putin Rusiyanın yolunu müəyyən edib. Ancaq 4-5 ilə yaxındır ki, məcazi mənada desək, avtomobil düz yolla gəlir, qəfildən palçığa batır və çıxmağa yol tapa bilmir. Rusiya indi belə avtomobilə dönüb. Avtomobilin mühərriki, təkərləri, əyləci işləyir, amma getmir, yerində sayır...

- Bəs 20 ildir hakimiyyətdə olan Putin nədən öz siyasi varisini yetişdirə bilməyib?

- Bu, əsində bütün avtoritar rejimlərin taleyidir. Ruslar buna hakimiyyətin leqal dəyişilməsi yolunun tapılmaması deyirlər. Sanki Rusiya yenidən əvvəlki vəziyyətə qayıdır. Başqa sözlə, ruslar yaxşı çara ümid edirlər. Axı çarı 100 il əvvəl hakimiyyətdən atmısınız. Hazırda Rusiya seçim qarşısındadır və hər zaman üzləşdiyi probleminə gəlib çatıb. Yəni sağa gedəcəyəm fəlakət olacaq, sola gedəcəyəm fəlakət yaşanacaq, düz gedəcəyəm başımıza iş gələcək. Bir sözlə, seçim problemi. Siyasi məntiqlə baxanda görürük ki, çıxış yolu tapılmayıb. Rusları da bu narahat edir. Onlar görürlər ki, ölkə sürünür.

İkincisi, Putində milli xəstəlik var. O, varis problemini həll edə bilmədi. Üstəlik, ortada ciddi alternativ qüvvə də yoxdur.

Üçüncüsü, siyasi varisin olmaması göstərir ki, əslində bu, Putinə lazım deyil. Bir dövr Medvedevi gətirdi, bu şəxs prezidentlik etdi. Amma onun gəlməyi ilə getməyi bilinmədi. Həm də siyasi fiqur axtarmaq və tapmaq da elə asan məsələ deyil.

Əslində, sistem olmalıdır. Bu sistem əsasında da dəyişikliklər həyata keçirilməlidir. Yəni vaxtın gəlibsə get. Bax, Rusiyada bu yoxdur.

- Ancaq Yeltsin öz varisi kimi Putini tapıb üzə çıxara bilmişdi... 

- Təbii. Amma burada başqa məqamlar da var. Məsələn, Yeltsin Putinlə şərt kəsmişdi ki, nə qədər işləyirsən işlə, amma mənə və ailəmə toxunma. Rusiyada maraqlı bir faktı danışırlar.

Yeltsinin prezidentliyi vaxtında, Putin yüksək vəzifədə olduğu dövrdə Anatoli Sobçakı həbs etmək istəyirlər. Putini də meydana çıxaran əslində Sobçak olmuşdu. Putin Sobçakla Murmanska gəlir və onu təyyarəyə qoyaraq ölkədən çıxarır. Sonradan birbaşa Yeltsinin yanına gəlib deyir ki, məni cəzalandıra bilərsiniz, sizin icazəniz olmadan Sobçakı ölkədən çıxardım. Səbəb də odur ki, Sobçak zamanında məni həbsdən xilas edib. Yeltsin də Putinə deyir ki, anladım, get. Bu hadisə elə bir anda olub ki, Yeltsin hakimiyyətdən gedəcəyi təqdirdə, onu özünə sadiq olan adama ötürmək haqda müzakirələr aparırmış. Yeltsin deyir ki, bax, Putin bizi satmaz, çox sadiq adamdır. Bunu Moskvada mənə də danışıblar. Həqiqətən də sonradan Yeltsini neçə dəfə dolaşdırmaq istədilər, amma Putin buna imkan vermədi.

İkincisi, Yeltsindən fərqli olaraq, Putinin başı işləyir, gücü var və eyş-işrətlə gününü keçirmir. Bəlkə də bu səbəbdən varisi haqqında düşünməyib. Mən belə anlayıram ki, Rusiyanı prezidentlik müddəti bitəndən sonra da Putin idarə edəcək. Həm də, axı niyə getsin, onu əvəz edəcək fiqur da yoxdur axı.

Ancaq əslində, bir şəxs tərəfindən idarə olunan ölkənin bu cür problemlə qarşılaşması normaldır. Bütün məsuliyyət də gec-tez sənin üzərində qalacaq. İndi hamı hakimiyyəti idarə etmək istəyir, amma heç kim məsuliyyət daşımaq istəmir. Yəni mən idarə edim amma məsuliyyəti partiya və ya parlament daşısın.

Nəhayətdə reallıq budur ki, Rusiyada ictimai rəy Putinin tərəfindədir. Səbəb də odur ki, ortada alternativ yoxdur. Yeltsindən fərqli olaraq, Putin gecə-gündüz içmir və indiki sistemdən daha məharətlə istifadə edir. Hakim qüvvə kimi Putin güclüdür. Amma ola bilməz ki, Rusiyada əvvəl-axır yeni bir əvəzedici tapılmasın. Doğrudur, güclü siyasi fiqur tapmaq çətindir, amma onu yetişdirmək də mümkünsüz deyil... 

Vaqif NƏSİBOV

“AzPolitika.info”


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar