Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əliyevin Soçi gedişi: Bakı oktyabrda “iki od arasında” – regionda kataklizm…

6-09-2018, 09:08   
 


Azərbaycan son illərdə İran və Rusiya siyasətində göstərdiyi həssasiyyəti ABŞ-la münasibətlərdə sərgiləmir. Rəsmi Bakı yaxın və əbədi qonşu siyasətini prioritet sayaraq ən kritik anlarda belə Tehranla Moskvanın əleyhinə olan ssenarilərdə iştirak etməyib.
Anaxeber.İnfo xatırladır ki, Amerika Azərbaycan üzərindən İranı vurmaq planlarını bu günə qədər həyata keçirə bilməyib. Çünki Bakı heç zaman Tehrana qarşı ABŞ üçün aerodroma çevrilməyə imkan verməyib.
Hərçənd, belə ağır dilemma qarşısında qaldığımız zamanlar olub. İndi yenidən bu riskli geopolitik şərait yaranıb. Tramp hakimiyyəti oktyabrda İranı vurmaqla hədələyir.  
Bu dəhşətli müharibənin olacağı nonsens görünə bilər. Hələ ki ABŞ iqtisadi sanskiyalarla İranı çökdürməyi bacarır.
Amma Suriya böhranının dalana dirənməyi Amerikanın yeni fazada müharibə aparacağını istisna etmir.
Rusiya ilə İran və Türkiyə arasındakı bu sıx yaxınlaşma, üçlər ittifaqının getdikcə yumruq kimi birləşməsi də məhz oktyabrda gözlənilən hücumlarla əlaqədar adekvat mesajlardır.
Bu oyunlarda Türkiyə və İran Moskvanın siyasi ambisiyaları ilə qismən razılaşmaq məcburiyyətində qalırlar. Kreml Türkiyənin ABŞ-la gərgin münasibətlərindən istifadə edərək İdlibə hücum təşkil edir.
Bilir ki, Ankara eyni zamanda həm Vaşinqton, həm də Moskva ilə münasibətləri gərginləşdirmək lüksünə malik deyil.
Əlbəttə, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan simasını qorumaq üçün Rusiya və İrandan İdlib məsələsində Türkiyənin həssasiyətini nəzərə almasını istəyəcək.
Lakin Ankara İdlibin Suriya və Rusiya hərb maşınının nəzarəti altına keçməsinə mane olmayacaq. Bəlkə də Ankara İdlibi güzəştə gedib Rusiya və Bəşər Əsər rejimindən kürdlərə muxtariyyat verməməyi tələb edəcək.
Bu hadisələrə görə də prezident İlham Əliyevin Soçiyə səfəri hazırkı dünya siyasəti kontekstində çox mühüm hadisə kimi dəyərləndirilməlidir.
Dövlət başçısı ABŞ-ın və bir sıra digər ölkələrin Rusiya və İran ilə bağlı yürütdüyü siyasət fonunda bu müqavilələri imzalamaqda Azərbaycanın balanslı siyasət kursunun doğruluğunu bir daha göstərdi.
Biz bunu Xəzəryanı ölkələrin sammitində konvensiyanın imzalanması zamanı da müşahidə etdik. Bu da iki dövlət arasında münasibətlərin nə dərəcədə yüksək səviyyədə olmasından xəbər verir.
Prezidentlərin Soçidə keçirdikləri görüş zamanı verdikləri birgə bəyanatı, mühüm istiqamətləri əhatə edən normativ-hüquqi sənədlərin imzalanmasını 2024-cü ilədək iki dövlət arasında ikitərəfli və regional münasibətlərin gələcəyinin əsas prinsipləri kimi qəbul etmək olar.
Belə desək, ABŞ Rusiya və İranı sanksiyalarla əzmək istədiyi bir mərhələdə Azərbaycan hakimiyyəti bu iki qonşu ilə münasibətlərdə Qərbin əlinə oynamır.
Anaxeber.İnfo yazır ki, Azərbaycan-İran əlaqələri obyektiv və subyektiv əngəllərə rəğmən, dinamik məcrada inkişaf edir. Xüsusən də son illər iki qonşu dövlət arasında əməkdaşlıq daha geniş sahələri əhatə eləməklə keyfiyyətcə yeni bir mərhələyə adlayıb.
Ancaq belə görünür, Azərbaycan-İran əlaqələri çox tezliklə ciddi sınağa çəkilə bilər. Söhbət öncəliklə, Donald Trampın ABŞ prezidenti seçilməsi ilə İrana və Rusiyaya qarşı Amerika siyasətinin kəskinləşməsindən gedir.
İrana münasibətdə qismən mötədil baxışlara malik Reks Tillersonun dövlət katibi postundan uzaqlaşdırılaraq yerinə qatı antiirançı və antirusiyaçı Maykl Pompeonun gətirilməsi bu xüsusda az şey demir və hətta Amerikanın müəyyən planlarının anonsu deməkdir.
ABŞ-ın milli təhlükəsizliyi üzrə yeni komandası İran və onun maraqlarına zərbə vurmağa meyllənir. Tramp administrasiyasının hücum planı artıq Avropa Birliyində, Rusiyada və Çində ciddi mübahisələr və narahatlıq doğurub - o ki ola İranın özündə. Ancaq Tehranla nüvə anlaşmasına diplomatik hücum Vaşinqtonun öhdəsində olan yeganə variant deyil.
Azərbaycan hələ də İrana etimad bəsləmir - baxmayaraq ki, iki ölkə arasında əlaqələr 2012-ci ildən sonra yaxşılaşıb. İran Azərbaycana İrandakı azərbaycanlı əhalini fəallaşdırmaq  üçün istifadə oluna biləcək meydan kimi baxır.
Tehran habelə Azərbaycanı İsrail və ABŞ-la dost münasibətlər saxlayan xəyanətkar şiə ölkəsi qismində görür. Bundan əlavə, Azərbaycan energetik sferada İranın rəqibidir.
Hazırda İran öz şimal sərhədini möhkəmləndirməkdə və Bakının Vaşinqtona həddən artıq yaxınlaşmanı önləməkdə maraqlıdır. İrana qarşı ABŞ-ın yeni, hətta hərbi xarakterli planı var və həmin planda Azərbaycana da yer ayrılıb.
Ancaq əvvəla, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi İran əleyhinə üçüncü ölkə(lər) üçün plasdarm olmayacaq.
Ölkə konstitusiyası da ərazimizdə üçüncü ölkənin hərbi qüvvələrinin yerləşdirilməsini yasaq edir. Sonuncu xarici hərbi baza - Qəbələ RLS bir neçə il öncə Azərbaycandan çıxarılıb.
Beləliklə, rəsmi Bakı Merkelin Qafqazı ziyarət etdiyi, Əliyevlə Putinin Soçidə görüşdüyü, Türkiyə, İran və Rusiyanın antiAmerikan səngəri açdığı, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyə sürükləndiyi barədə müzakirələrin fonunda, gərgin regional hadisələr kontekstində bu vəziyyətdən necə çıxacağı haqda baş sındırır.
Hər halda oktyabrda ölkə “iki od arasında” qala da bilər və həyəcanlı informasiyalar da yayılmaqdadır. Əgər ABŞ İranı vurmağa başlasa, bu regionda sabitliyin bərqərar olması neçə illər çəkəcək, onu təxmin etmək mümkün deyil...
Anaxeber.İnfo
Turan
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar