Ana səhifə

''Məhkəmələrə müdaxilənin olmamasını prezident öz administrasiyasına tapşırmalıdır''

    Tarix: 05-04-2019 09:21   
 


Qubad İbadoğlu: “Fərmanı hazırlayanların hüquqi savadına şübhə edirəm”
President İlham Əliyevin aprelin 3-də məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərmanı hüquqşünaslar, iqtisadçılar arasında diskusiyalara səbəb olub.
Fərmanda deyilir ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.
Bundan başqa sənəddə qeyd olunur ki, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır.
İlham Əliyev cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində prezidentə təqdim edilməsini tapşırıb.
Fərmanda iki ay müddətində sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması haqqında təkliflərin prezidentə təqdim olunması göstərilib.
Sənəddə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
Fərmanda deyilir ki, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısı aparılmalıdır və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbi müəyyən edilməlidir.
Sənəddə Məhkəmə-Hüquq Şurasına hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xəttin yaradılması tövsiyə olunub.
Bundan başqa Məhkəmə-Hüquq Şurasına məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi, məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi tövsiyı edilib.
Ədliyyə Nazirliyinə birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi, Maliyyə Nazirliyinə isə məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılması tapşırılıb.
“Hər şey əlahəzrət siyasi iradədən asılıdır”
Fərmanı Meydan TV üçün şərh edən hüquqşünas Ənnağı Hacıbəyli xatırladıb ki, cəmiyyətin və dövlət hakimiyyətinin ən ağrılı sahəsi hesab olunan məhkəmə sistemində köklü islahatlara ehtiyac var və son vaxtlar rəsmi orqanlar və şəxslər, o sıradan ölkə başçısı da bunu etiraf edib.
O, Fərmanda bəzi pozitiv məqamların olduğunu bildirib:
“Məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi, məhkəmələrdə işlərin bölüşdürülməsinin korrupsiyaya imkan verməyən və ya bu imkanı məhdudlaşdıran üsullarının tətbiqi, alternativ ekspertiza institutunun və qurumlarının yaradılması, mediasıyanın tətbiqi, sahibkarlıqla bağlı mübahisələrin məhkəmədənkənar həlli vasitələrinin genişləndirilməsi, kargüzarlıqla bağlı vəsaitlərin hakimlərin bank hesabına köçürülməısi, hakimlərin sayının 200 nəfər artırılması və s. pozitiv dəyişikliklərə şərait yarada biləcək tədbirlər sayıla bilər”.
Hüqüuqşünas deyib ki, məhkəmə hakimiyyətinin indiki durumu, onun müstəqilliyinin vəziyyəti bu tədbirlərin uğurla tətbiqinə inam yaratmasa da, bütövlükdə tədbirlər fərmanın pozitiv notları sayıla bilər. Onun sözlərinə görə, hər şey əlahəzrət siyasi iradədən asılıdır.
Ə.Hacıbəyli Fərmanda “Məhkəmə iclaslarının audio yazısı aparılsın” bəndini əsl islahat tədbiri adlandırıb:
“Bundan sonra heç bir hakim məhkəmə iclas protokolunu saxtalaşdıra bilməyəcək. “Ekspertiza təyin edilməsi üzrə tərəflərin hüquqlarının genişləndirilməsi” isə Fərmanın ən kardinal islahat tədbiri sayılmalıdır. Bununla da Azərbaycan ədalət mühakiməsinin bütün problemlərinin həllinə biryolluq nail olunacaq. Çünki məhkəmələrin çıxardığı tək-tük qanunsuz qərarlar məhz ekspertiza təyin edilməsi ilə bağlı tərəflərin hüquqlarının məhdud olmasından qaynaqlanır”.
“Prezident islahatı administrasiyasından başlamalıdır”
Bununla belə, Ənnağı Hacıbəyli hesab edir ki, 3 aprel Fərmanı son illər bir neçə dəfə imzalanmış deklarativ fərmanlardan ciddi şəkildə fərqlənmir və onun əksər bəndləri məhkəmələrə və başqa dövlət orqanlarına vəzifələrini xatırlatmaqdan uzağa getmir. Onun sözlərinə görə, dövlət orqanlarına qanuni vəzifələrini fərman vasitəsilə icra etdirməyə sonsuz uğursuz cəhdlər Azərbaycan hakimiyyətinin və hüquq tətbiqetmə praktikasının qüsurlu şakərinə çevrilib, bu Fərman da istisna deyil.
“Məsələn, Fərmanda qeyd olunur ki, sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin baxmasını təmin etmək məqsədi ilə ixtisaslaşdeırılmış məhkəmələr yaradılması” planlaşdırılır. Bu nə deməkdir? Bəlkə vergi məhkəmələrinin yaradılması planlaşdırılır? Axı bu sahədə artıq iki məhkəmə sistemi yaradılıb – iqtisad məhkəmələri və inzibati məhkəmələr. Onlar özünü doğrultmurmu? Hətta bundan sonra da hakimlərin sahibkarlıqla bağlı mübahisələrə baxmaq üçün yetərincə bilik və təcrübəsi yoxdursa, indiyədək xərclənən milyonların hesabı kimdən sorulmalıdır? Hakimlərin imtahanları, təkmilləşdirilməsi, xarici ölkələrə səfərləri ilə bağlı gurultulu bəyanatların köpü nə tez alındı?”
Digər bir məqam kimi o, Fərmanda Ali Məhkəməyə vahid məhkəmə təcrübəsi formalaşdırmaq təklif olunur.
“Məhkəmələr və hakimlər haqqında” Qanunla bu, Ali Məhkəmənin birbaşa vəzifəsidir. Prezident bunu Ali Məhkəməyə neçə dəfə tapşırmalıdır? Ali Məhkəmə birbaşa vəzifəsini icra etməyibsə, onun sədri və hakimləri nə işlə məşğuldur? Məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması, bilmirəm neçənci dəfədir ki, kimlərəsə tapşırılır. Bu vəzifənin icrasının çox sadə, asan və effektiv yolu var – Prezidentin bunu öz administrasiyasına qadağan etməsi. Ölkə oradan idarə edilir və bütün nailiyyətlərimiz bu orqanın adı ilə bağlıdır. Məncə Prezident islahatı administrasiyasından başlamalıdır”.
Fərmanda dövlət rüsumunun dərəcələrinə yenidən baxılsmasına, rüsumun müəyyən hissəsi məhkəmə aparatı işçilərinə ayrılmasına toxunan hüquqşünas sual edib ki, bu rüsümlara neçə dəfə baxmaq olar?
“Vəkillər və hakimlər artıq onları izləməkdən yorulublar. Vətəndaşlar isə ondan əllərini çoxdan üzüblər. Amma yenilik də var. İndi rüsümlar bədbəxt vətəndaşın hesabina artırılacaq və onun bir hissəsi məhkəmə aparatı işçilərinin maaşlarının artırılmasına xərclənəcək. Büdcəni dolduran vətəndaş həm də büdcənin əvəzinə məmuru yedizdirməli olacaq. Kəmərlərinizi bərkidin, vətəndaşlar. Cərimələrlə büdcə doldurmaq Azərbaycan qanunvericiliyinin başlıca inkişaf tendensiyasıdır”.
O qeyd edib ki, məhkəmə proseslərinin effektivliyinin artırılması üçün mülki prosessual qanunvericiliyi təhlil etmək və onu təkmilləşdirmək üçün təkliflər vermək bir dəstə orqana tapşırılır.
“Bu bədbəxt mülki və inzibati-prosessual məcəlləyə nə qədər yamaq vurmaq olar? O yazıqların ən böyüyünün hələ 20 yaşı tamam olmayıb. Bir də ki, məhkəmə proseslərinin efferktiv olmamasında ən az günahkar elə məhz prosessual qanunvericilikdir. Fərmanda Vəkillər Kollegiyasına vəkillərin hakimlərlə alverinə son qoymaq tapşırılır. Yerinə yetirilsə, gerçəkdən islahat baş verə bilər. Ancaq Məhkəmə Hüquq Şurasının “qaynar xətt” yaradılmasının ədalət mühakiməsinə nə verəcəyini proqnozlaşdıra bilmirəm. Fiziki və hüquqi şəxslərin hakimlərdən şikayət imkanı qanunvericilikdə o qədər məhdudlaşdırılıb ki, o xətti nə qədər qaynatsan da şikayətçilərin canı qızmayacaq”.
“Fərman problemlərin həllinə dair heç bir konktet mexanizmlər təklif etmir”
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu fərmanı hazırlayanların hüquqi savadına şübhə edir.
O bildirib ki, əsas gözləntilər məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınmasından, onun müstəqilliyinin artırılmasından, bu sistemdə korrupsiya ilə mübarizədən ibarət olsa da, fərman həmin problemlərin həllinə dair heç bir konktet mexanizmlər təklif etmir.
“Fərmanla hakimlərin gəlir və əmlaklarına dair bəyannamələrin doldurulması və dərci nəzərdə tutulmayıb. Bir sözlə, bu fərman məhkəmələrlə bağlı mövcud sualları cavablandırmaq əvəzinə yeni suallar yaradır”.
O deyib ki, fərmanda sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə ixtisaslaşmış məhkəmə yaradılması nəzərdə tutulur.
“Burdan iki sual yaranır. Birincisi, dərin hüquqi bilik və təcrübəsi olmayan hakimlər nə işlə məşğul olacaq? İkincisi, sahibkarlıq fəaliyyətinin predmeti əsasən mülki münasibətləri əhatə etdiyi halda onunla bağlı mübahisələrin hüquqi tənzimlənməsi üçün ayrıca məhkəmənin yaradılmasına ehtiyac nədən yaranır? Onun əvəzinə investisiyaların müdafiəsi üzrə müstəqil Ombudsman institutunun yaradılması nəzərdə tutulsa idi bu daha işlək və effektiv mexanizm ola bilərdi”.
“Texniki xarakterli dəyişikliklərlə məhkəmə sistemində köklü problemləri həll etmək mümkün deyil”
O qeyd edib ki, fərmanda mülki işlərin və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə müvafiq orqanlar təkliflərini altı ay müddətində Prezidentə təqdim edilməsi nəzərdə tutulub. Q.İbadoğlu sual edib ki, əgər bu sahədə təkliflər 6 aya hazırlanacaqsa, onda sahibkarlıq üzrə ixtisaslaşmış məhkəmənin yaradılmasına nə əsasla fərman verilir?
“Fərmanda qeyd olunur ki, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə edilsin, Ədliyyə Nazirliyinə tapşırılsın ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Prezidentə təqdim etsinlər. Sual olunur, əgər qanun layihəsinə də prezident baxırsa, bəs ona 120 nəfərlik parlament nəyə lazımdır?”
Q.İbadoğlu hesab edir ki, sənəddə əks olunan texniki xarakterli dəyişikliklər təklifi ilə məhkəmə sistemində mövcud olan köklü problemləri həll etmək mümkün deyil:
“Görünür, fərmanın məqsədi də o deyildir. Əsas məqsəd görüntü yaratmaqdır ki, Azərbaycanda hərtərəfli islahat gedir, ən sonda məhkəmə sistemi də islahat olundu”.
“Fərman müəyyən nəticələrə səbəb olacaq”
Vəkil Əsabəli Mustafayev Meydan TV-yə həmkarlarından birinin fərman haqda “problemləri yaradan insanlara həmin problemin həllini tapşırmaq sadəlöhvlükdür” fikirini xatırladaraq deyib ki, məhkəmə sistemindəki çatışmazlıqları yenə də bunları yaradanlara tapşırmaqla fərmanın nəyisə dəyişəcəyinə şübhə doğurur.
Amma Ə.Mustafayev düşünür ki, fərman müəyyən nəticələrə səbəb olacaq:
“Sahibkarlıq fəaliyyəti sahəsində ixtisaslaşmış məhkəmənin yaradılmasını müsbət sayıram. Xaricdə də ixtisaslaşmış məhkəmələr geniş yayılıb. Məsələn, Almaniyada yalnız torpaq işlərinə baxan məhkəmələr var. Düzdür, İqtisad Məhkəməsi var, amma bu məhkəmə həm inzibati işlərə baxır, həm də digərlərə. Ona görə İqtisad Məhkəməsini müəyyən sahədə ixtisaslaşmış məhkəmə adlandırmaq olmaz. Nəzərə alın ki, vergi, gömrük, sosial sığorta sahələrində ciddi problemlər var”.
Digər bir məqam kimi vəkil sahibkarların məhkəmələrə inamsızlığı yetərincə olduğunu deyib.
“İndi belə bir məhkəmənin yaradılması sahibkarlarda məhkəmə sisteminə inamı yarada bilər. Vəkillik təcrübəmdən deyirəm ki, fərmanda bu bəndin yer alması müsbətdir. Daha sonra məhkəmə proseslərinin audio-video yazısının aparılması, bütün Avropa ölkələrində bu var. İndi bizdə heç olmasa audio yazısı da aparılacaq, gecikmiş olsa da, müsbətdir. Problem ondadır ki, biz çoxlu sayda saxtalaşdırılmış iclas protokollarına rast gəlirik”.
O, Vəkillər Kollegiyasına pulsuz hüquqi yardım üçün maliyyənin ayrılmasını da müsbət adlandırıb.
“Əvvəllər pulsuz hüquqi yardımlar müstəntiqin, hakimin qərarları ilə həyata keçirilirdi. Bu, vəkili hakimlərdən və istintaqdan çox asılı edirdi. Düzdür, ödənişin kollegiya tərəfindən gerçəkləşməsi pulsuz hüquqi yardım keyfiyyətini dərhal artırmayacaq, amma qərar kollegiyada məsuliyyət yaradacaq. Hərçənd ki, mən xüsusi pulsuz sistemin yaradılmasının tərəfdarıyam”.
Ə.Mustafayev fərmanda korrupsiyanın aradan qaldırılması barədə fikirləri illərlə eşitdiklərini, amma real həyatda görmədiklərini bildirib:
“Əsas prosesual normalarda ciddi dəyişikliklərdir. Bunlar araşdırmaların ədalətliyini bərpa eməlidir”.
“İnsanların düzgün qərarlar ala biləcəyinə ümid etdiyi məhkəmə sistemi qurmaq çətin deyil”
Hüquqşünas Rəşid Hacılı Meydan TV-nin bu baqda sorğusuna cavab verib ki, Azərbaycanda ədalət mühakiməsi sisteminin öz konstitusion vəzifələrini yerinə yetirmə və bu açıdan səmərəlilik faizi 30%-dən çətin artıq olsun:
“Qalan 60-70%-lik imkanlar pul çıxarmağa və sifarişləri yerinə yetirməyə istifadə olunur. Məhkəmə hakimiyyətinin, ədalət mühakiməsi sisteminin verdiyi səlahiyyətlərdən, imkanlardan yararlanmaqla varlanmağa sərf olunur. Və məhz bu pullara görə araşdırılan, baxılan işlərə cəlb olunanların azı 60-70%-nin hüquqları kobudcasına pozulur. Fərman bunu, bu ağır durumu aradan qaldırmaq gücündədirmi? Təbii ki, yox”.
Amma Rəşid Hacılı fərmanda müsbət məqamların da yer aldığını deyir:
“Səmərəliliyin təmin olunmasının texniki aspektlərində. Bu aspektlər vacibdirmi? Əlbəttə. Amma təməl məsələlər deyil. Müstəqil, vicdanlı və peşəkar olmayan hakimin texniki imkanlarının çox olması məhkəməni ədalətli edə bilməyəcək. Məhkəmə sisteminin müstəqilliyi bütünlükdə hakimiyyət və idarəetmə sisteminin dəyişdirilməsini tələb edir. Bununla belə, hətta yarıavtoritar sistemlərdə belə siyasi olmayan məsələlərdə məhkəmə sisteminin rüşvətdən azad olduğu və bir sıra aspektlərdə səmərəli olduğunu göstərən təcrübələr var.
Tam ədalətli sayılmasa da hər halda adi məsələlərdə insanların düzgün qərarlar ala biləcəyinə ümid etdiyi məhkəmə sistemi qurmaq çətin deyil. Hakimiyyət istəsə məhkəmələrdə, istintaq idarələrində ən azı rüşvəti yığışdıra bilər”.
Hüquqşünasın sözlərinə görə, fərman təməl məsələlərə yox, daha çox gündəlik texniki məsələlərin həllinə yönəlib. Çoxlu ümumi xarakterli və səmərəliliyi şübhə doğuran məsələlərlə yanaşı konkret fayda verə biləcək bir neçə məsələ var fərmanda:
“Məsələn, məhkəmə dinləmələrinin audioyazısının aparılmasının məcburiliyi. İllərdir biz bunu məhkəmə proseslərində tələb etmişik, amma hakimlər rədd ediblər. İndiki qaydalar hakimlərə məhkəmədə baş verənləri, şahid ifadələrini öz istədiyi kimi sənədləşdirməyə, hətta saxtalaşdırmağa imkan verir. İnanmıram ki, audioyazının aparılması hakimlərimizin məsuliyyətini çox artırsın. Çünki bizim məhkəmə sistemində ağa qara demək heç də çətin deyil. Bir neçə belə texniki yenilik var”.
R.Hacılı hakimlərin sayının artırılması, 200 yeni hakim ştatının açılmasını da müsbət sayıb.
“Çünki hakimlərin iş yükü həddindən artıq çoxdur. Əslində fərmandakı bu texniki yeniliklər uzun illərdir həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən dəfələrlə tövsiyə olunublar. Amma bu addımların hansısa önəmli dəyişikliklər yarada biləcəyini demək üçün heç bir əsas yoxdur. Müstəqil məhkəmə sistemi, peşəkar, vicdanlı, məsuliyyətli hakim korpusunun formalaşması köklü islahatlar tələb edir. Hər şedən əvvəl azad seçkilərlə formalaşan parlament. Parlamentin icra hakimiyyəti, yəni prezidentin hakimiyyəti üzərində nəzarət edə bilməsi, yəni onu yanlış addımlardan çəkindirməsi. O cümlədən məhkəmə hakimiyyətinə müdaxilədən çəkindirməsi. Və İfadə azadlığı. Yəni, azad mətbuat, azad televiziya və s. Əks halda heç bir “məhkəmə islahatı” ədalətli məhkəmələr və qanunların işlədiyi cəmiyyət yarada bilməyəcək”.


Müəlliflər: Meydan TV

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net