Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Avropa İttifaqı ilə Azərbaycan arasındakı danışıqlara nə mane olur?

15-05-2019, 09:16   



Avropa Birliyi ilə danışıqlarFotonun müəllifiJOHN THYS/GETTY IMAGES
Image captionAvropa Birliyinin nümayəndəsi Federica Mogherini prezident İlham Əliyevin Brüsseldə görüşü

Bazar ertəsi Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyi verib.

Azərbaycan prezidenti İlham Əliyev də Şərq Tərəfdaşlığı proqramının 10 illiyini qeyd edən ölkə rəhbərləri arasında olub.


Ancaq Azərbaycan bir neçə il əvvəl bu proqram çərçivəsində Ukrayna, Moldova və Gürcüstanın qoşulduğu Assosiasiya sazişini imzalamamış, münasibətlərini ikitərəfli əməkdaşlıq çərçivəsində davam etdirəcəyini bildirmişdi.

Prezident İlham Əliyev bu görüşdə qeyd edib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biridir və Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir.

Mehman Əliyev
Image captionMehman Əliyev: "Azərbaycan Şərq Tərəfdaşlığı Proqramına qoşulduğu 10 il ərzində "vətəndaş cəmiyyəti"ni, "azad media"sını itirib, "siyasi məhbuslar ölkəsi" olub"

Bəs, Azərbaycanın bu təşəbbüsün bir hissəsi olduğu son 10 ildə nələr baş verib? Niyə hələ də tərəfdaşlıq barədə saziş imzalana bilmir?

Azərbaycan Şərq Tərəfdaşlığı Proqramına qoşulduğu 10 il ərzində "vətəndaş cəmiyyəti"ni, "azad media"sını itirib, "siyasi məhbuslar ölkəsi" olub, Turan İnformasiya Agentliyinin rəhbəri, siyasi şərhçi Mehman Əliyev deyib.

"Bizdə demək olar ki, şəffaflıq, azadlıq və başqa məsələlər üzərində xeyli geriləmə olub. Yəni, əslində paradkosal vəziyyətdir. Şərq Tərəfdaşlığına qoşulandan sonra ölkədə insan haqları, söz və məhkəmə azadlığı, seçkilər məsələsi ilə bağlı vəziyyətdə geriləmişik", - Mehman Əliyev bildirib.

O hesab edir ki, Ermənistanın Aİ ilə Azərbaycandan tez saziş imzalaması ölkə üçün ciddi problem yaradır. "O mənada ki, Ermənistanın Qərblə, Avropa İttifaqı ilə münasibəti bizdən daha üstündür. Bu, bizə əsas Qarabağ məsələsinin həlli istiqamətində problem yaradır", - Mehman Əliyev əlavə edib.

Azərbaycan Avropa Birliyi sazişiFotonun müəllifiANADOLU AGENCY/GETTY IMAGES

Onun fikrincə, Avropa İttifaqı ilə gözlənən ikitərəfli əməkdaşlıq sazişinin hələ də imzalanmamasına səbəb "Azərbaycan hakimiyyətinin üzərinə daha yüksək öhdəliklər götürmək istəməməsidir".

Mehman Əliyevə görə, sazişdə yer alan demokratik məsələlər, məhkəmələrin azadlığı, ticarət münasibətlərində azadlıqların verilməsi və başqa məsələlər var ki, burada Azərbaycan hakimiyyətinin qarşısında daha yüksək tələblər qoyulur.

"Azərbaycan hakimiyyəti bu gün siyasi məkanı, informasiya məkanını, məhkəmə sistemini, penitensiar sistemi bütün sahələri monopoliyalaşdırıb əlində saxlayıb. Hakimiyyətin əsas baş ağrısı əllərində formalaşmış - monopoliyalaşmış sistemi əllərindən verməsinlər, ona görə də cürbəcür bəhanələrlə prosesi uzadıb imzalamaq istəmirlər".

Xədicə İsmayılova
Image captionXədicə İsmayılovaya görə, Azərbaycanda hakimiyyətin islahatlar adlandırdığı proses daha çox "islahatların imitasiyasıdır".

"İslahatlar imitasiyası"

"Azərbaycanda söz azadlığı, vətəndaş cəmiyyəti, siyasi və mülki azadlıqlarla bağlı irəliləyiş əldə olunmayana qədər sazişin imzalanıb-imzalanmaması heç nəyi dəyişmir, hüquq müdafiəçisi Xədicə İsmayılova belə deyir.

"Saziş imzalanacağı halda da işləməyəcəksə, o zaman o kağız parçası kimə lazımdır? Ona görə də hazırda Aİ ilə Azərbaycan arasındakı danışıqların mövzusu da həmin proseslər üçün zəmin yaratmaqdır.

Bura həm vətəndaş cəmiyyəti şərtləri daxildir, həm də bir növ Dünya Ticarət Təşkilatı formatının Aİ və Azərbaycan arasındakı versiyasından söhbət gedir, danışıqlar da bu mövzuda gedir", araşdırmaçı jurnalist əlavə edib.

O, Azərbaycanı hələ ki, "Aİ-nin standartlarına uyğun tərəfdaş" hesab etmir.


Xədicə İsmayılova deyir ki, azad ticarət həm şəffaflıq mexanizmlərindən, həm monopoliyalarla mübarizədən ibarətdir, həm də "oliqarxiyanın bazardan əlini çəkməsi" deməkdir:

"Azərbaycan isə bütün bunlara hələ ki, dirəniş göstərir. Buna görə də proses başqa ölkələrə nisbətən bizdə daha uzun çəkir. Dirəniş göstərdiyi üçün hələ ki, danışıqlar prosesini açar hissələr üzrə tamamlaya bilmirlər", o bildirir.

Xədicə İsmayılovaya görə, Azərbaycanda hakimiyyətin islahatlar adlandırdığı proses daha çox "islahatların imitasiyasıdır".

"Danışıqlar ərəfəsində görünən budur ki, Azərbaycan hökuməti nəyisə göstərmək istəyir. Hökumət jurnalistlərin üzərindən səfər qadağasını götürür, ancaq cinayət prosesləri açıq qalır. Bu, o deməkdir ki, istənilən vaxt o cinayət işləri yenidən ortaya qoyula bilər".

"Xaricilər üçün azad məhkəmə?"

Xədicə İsmayılova hesab edir ki, şəffaflıq mexanizmləri ilə bağlı heç bir islahat aparılmır: "Kommersiya qurumlarının sahibləri barədə hələ də heç bir məlumat ala bilmirik, gəlir və əmlak deklarasiyası ilə bağlı hansısa addımın atılmasını görməmişik, biz hələ də azad bazarın təmin olunması ilə bağlı ciddi islahatların şahidi deyilik".

Prezidentin məhkəmə-hüquq islahatları ilə bağlı sərəncamına toxunan Xədicə İsmayılovanın fikrincə, Azərbaycanda inzibati-iqtisadi məhkəmə artıq mövcud olduğu üçün buna paralel qurumun yaradılması suallar doğurur: "Xaricilər üçün məhkəmə yaradacaqlarsa, bunun adını islahat qoymaq olmaz. Sırf xaricilər üçün azad məhkəmə mövcud olsun, amma Azərbaycan vətəndaşları yenə də hüquqi nihilizmdən əziyyət çəksin?"

Lakin Xədicə İsmayılova onu da vurğulayır ki, hökumətin "imitasiyaya belə ehtiyac duyması" yaxşı xəbərdir.

"Bu o deməkdir ki, əgər tələb irəli qoyularsa, ciddi şəkildə real islahatlar tələb olunarsa, o zaman hökumət o real addımları da atacaq", o əlavə edib.

RASİM MUSABEKOVFotonun müəllifiRASİM MUSABEKOV

"Səbəb odur ki, Avropa tərəfi bəzi öhdəlikləri götürmək istəmir"

Millət vəkili Rasim Musabəyov hesab edir ki, sazişin indiyədək imzalanmamasının səbəbi "Avropa tərəfinin bəzi öhdəlikləri götürmək istəməməsi ilə bağlıdır".

Cənab Musabəyov deyir ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla bağlı danışıq predmeti olan bəzi məsələlər "kifayət qədər həssasdır".

"Sazişi imzalayan dövlətlər öz daxili bazarını çox asanlıqla açıblar, Azərbaycan isə daxili bazarı açmaq istəmir, çünki gömrük vergiləri var, hansı ki, qeyri-neft sektorunun inkişafı ona bağlıdır. Kənd təsərrüfatı ilə bağlı, qeyri-neft sektorunun inkişafı ilə bağlı daxili bazarı bir müddətlik qorumağa ehtiyac var".

Onun fikrincə, "maraqların həllində ortaq məxrəcə gəlinməlidir".

"Bundan başqa, bank, sığorta sektoru var. Azərbaycanın daxili bazarı Moldova, Gürcüstan və ya Ermənistanın bazarından qat-qat genişdir. Elə bircə ondan götürün ki, nə Gürcüstanın, nə Ermənistanın aviasiya şirkətləri yoxdur, onlar asanlıqla sazişə imza atdılar. Azərbaycanın isə bir özəl, bir də dövlət aviaşirkəti var, hansı ki, öz mövqeyini daxili bazarda qorumaqda maraqlıdır", - cənab Musabəyov vurğulayıb.

O əlavə edib ki, "hələlik sazişin imzalanmamasına görə itkilərdən danışmaq yersizdir".

"Azərbaycan indiyə qədər Aİ ilə maraqlarına cavab verən bütün layihələri gerçəkləşdirib. Nəzərə alınsa ki, ölkənin əsas ixrac resursları neft-qazdır və onlarla bağlı Aİ-də və onun bazarlarında heç bir məhdudiyyət yoxdur, təkcə Cənub Qaz Dəhlizi layihəsinin həcmi tərəfdaşlıqda iştirak edən dövlətlərə üç ilə ayrılan vəsaitdən çoxdur, bu baxımdan Azərbaycan heç bir itkiyə məruz qalmayıb".

Səməd Seyidov

"Tələsgənliyə yol vermək heç də düzgün olmaz"

"Assosiasiya sazişi bizim milli maraqlarımızın vacib olan məqamlarına uyğun olmadığına görə, biz bu məsələnin imzalanmasından imtina etmişik", - millət vəkili Səməd Seyidov BBC News Azərbaycancaya deyib.

Ancaq o düşünür ki, Azərbaycanın seçdiyi yol həm Azərbaycan üçün, həm Avropa Birliyi üçün "ən münasibdir".

Millət vəkili hesab edir ki, Azərbaycan-Aİ arasında gözlənən sazişin tairxi o qədər də vacib və əhəmiyyətli bir məsələ deyil və bu, uzun danışıqlardan keçən və hər cür ekspertizadan keçən prosesdir.

Onun sözlərinə görə, "tələsgənliyə yol vermək heç də düzgün olmaz".

"Bu məsələni ciddi təhlil etmək lazımdır. Məqsəd birdir, bu saziş Azərbaycan Avropa münasibətlərini yeni bir mərhələyə yüksəldəcək", - Səməd Seyidov deyib.

"Biz ölkənin öz vətəndaşı ilə necə rəftar etməsinə baxarıq"

"Bizim iqtisadi və ticari əməkdaşlığımız, eləcə də insanlar arasında əlaqələr var". Avropa İttifaqının Azərbaycandakı Nümayəndə Heyətinin rəhbəri Kestutis Yankauskas bu günlərdə penitensiar sahədə islahatlarla bağlı keçirilən konfransda bildirmişdi.

"Biz ilk növbədə ölkənin öz vətəndaşlarına qarşı necə rəftar etməsinə baxırıq. Bu ədalətlidirsə, bütün hüquqlar qorunmuş olursa, biz gələcəkdə iqtisadi inkişafı və investisiyaları da gözləyə bilərik. Biz istəyirik ki, mümkün qədər az insan həbsxana sistemində saxlansın", deyə Kestutis Yankauskas vurğulamışdı.

BBC News Azərbaycancaya eksklüziv açıqlamasında isə Kestutis Yankauskas demişdi ki, hazırda danışıqlar aparan tərəflər bir sıra yerdə qalan məsələləri həll etməyə çalışırlar ki, bu saziş mümkün qədər tez reallığa çevrilsin? Bu saziş Azərbaycan və Aİ arasında həm iqtisadiyyatın inkişafı, həm də cəmiyyətin inkişafı baxımından əməkdaşlığı yeni səviyyəyə gətirəcək".

Şərq Tərəfdaşlığı proqramı çərçivəsindəGürcüstan, Ukrayna və Moldova Assosiasiya, Ermənistan isə ikitərəfli saziş imzalayıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar