Ana səhifə

‘Ərəb şeyxləri nə ilə məşğuldursa, Azərbaycan hakimiyyəti də o işlə məşğuldur’

    Tarix: 08-08-2019 10:45   
 

Rəsmi Bakı Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində “Qarabağ – Ermənistandır” sözlərini qəti şəkildə rədd edir.

Bu barədə Azərbaycan Prezident Administrasiyasını xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Dağlıq Qarabağ – Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir”, deyə Hacıyevin şərhində qeyd edilir.

Paşinyanın bəyanatı rəsmi Yerevanın işğalçılıq siyasətinin ifşasıdır. Bu cür bəyanatlar həmçinin ATƏT-in Minsk Qrupunun fikrinə məhəl qoyulmamasının, beynəlxalq hüquq norma və prinsiplərinin, BMT-nin sənədlərinin pozulmasının sübutudur.

Hökumət rəsmisinin sözlərinə görə, Ermənistan tərəfi bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir.

“Heç kimin şübhəsi olmasın ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını və beynəlxalq hüququn aliliyini təmin edəcəkdir. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”, deyə Hacıyev qeyd edir.

Mövzu ilə bağlı politoloq  Zərdüşt Əlizadə Toplum TV-yə açıqlamasında deyib ki, Paşinyanın bu çıxışından sonra Azərbaycan heç bir şey etməyəcək:

“Paşinyanın bu çıxışından sonra Azərbaycan hakimiyyəti daha böyük əzmlə neft büdcəsini oğurlamağa davam edəcək. Xaricdə daha çox daşınmaz əmlak alacaq, ofşor hesablarda daha çox pul gizlədəcək. Xalqın başının altına yastıq qoymaq üçün gülüş doğuran bəyanatlar verəcək. Yenidən İrəvanın qədim Azərbaycan torpağı olduğunu deyəcək. Bu kimi çıxışlar edəcək. Ermənilər də daha 30 il Qarabağı işğal altında saxlayacaq. Qarabağ münaqişəsi dönüb olacaq Fələstin münaqişəsinin oxşarı. Necə ki, 70 ildir İsrail Fələstin torpaqlarını işğal altında saxlayır. Ərəb şeyxləri indi nə ilə məşğuldursa, Azərbaycan hakimiyyəti, nazirləri, deputatları da o işlə məşğuldur”.

Politoloq  ATƏT Minsk qrupunun  bu barədə çıxışlarının boş olacağını bildirib ki, ATƏT-in Minsk qrupunun işi münaqişəni tənzimləməkdir, müharibə olmadan status kvonun dəyişməməsi də tənzimləməyə daxildir.

“Əsas budur ki, neft və qaz xaricə axsın. Pullar getsin qərbin banklarında yığılsın. Xalq da əlini sallayıb bütün bu olanları acizanə tamaşa eləsin. Hikmət Hacıyev isə məmurdur, vəzifəsinə görə çıxıb nəsə deməlidir”.

Z.Əlizadənin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamələri fikir verən yoxdur, o ki qalsın Minsk qrupunun bəyanatları ola.

“Qarabağı qaytarmaq istəyən hakimiyyət bu cür biabirçi siyasət aparmaz. Xalqı ilə müharibə aparmaz. Öz sərvətini talayıb xaricə qaçırmaz. Qarabağı sevən xalqın ziyalıları hakimiyyətin əlinə baxmaz. Qarabağı sevən xalq bu qədər mağmın olmaz. Siyasətə bu qədər biganə olmaz”, – şərhçi deyib.

Zərdüşt Əlizadə ümumerməni oyunlarına da toxunub. Deyib ki, bu il oyunları Xankəndində keçirilməklə Ermənistan Azərbaycana mesaj verir: “Demək istəyir: “Azərbaycan, sən heçnəsən və heçkimsən. Sənin hakimiyyətinin boşboğaz bəyanatlarına fikir vermirik. Qan tökmüşük, vuruşmuşuq, Qarabağı almışıq””.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net