Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Siyavuş Novruzovun ittihamındakı kod: mühacir şəbəkədə Eldar Mahmudov izi?

9-09-2019, 08:41   
 


Həsən Sabbah, Nizam ül-Mülk və Ömər Xəyyam...Onlar bir yerdə təhsil alırlar, cani bir qəlbdən dostlaşırlar, dərdlərinə şərik olurlar.
Və zaman gəlir, Nizami ül-Mülk İranın baş vəziri taxtına çıxır, amma uşaqlıqda verdikləri əhdə də xilaf çıxır.
Dostlar uşaqlıqda and içmişdilər ki, aralarından kimsə yüksəlsə, arxasınca digərlərini vəzifəyə gətirəcək.
Ömər Xəyyamı bu dostluq əhdi-peymanı bir o qədər maraqlandırmır,  eşq, şərab, şeiriyyət, sənət yolunu seçir, öz dünyasına qapanır.
Sabbahın isə qətiyyən hirsinə hakim kəsilə bilmir, qisas ehtirası ilə alışıb yanır, Nizami ül-Mülklə düşmənçiliyi onu öldürənə qədər davam etdirir. Sabbahın cihad şüarı altında fədailər yetişdirməsi, həşşaşilər hərəkatı haqda uzun-uzadı yazmaq olar.
Başqa bir tarixi eskiz: iki il qabaq 3 Səudiyyə şahzadəsi – Sultan bin Turki Əbdül-Əziz, Turki bin Bandar və Səud bin Saif əl-Nəsr Səudiyyə Ərəbistanı hökumətinə müxalif olub. Və Avropaya yerləşəndən sonra krallıqdakı üsul-idarəni, insan haqlarının vəziyyətini sərt tənqid ediblər.
Bunları niyə misal çəkirik? Ola bilsin ki, qüsurlu müqayisədir, lakin aktuallıq kəsb edir. Söhbət həftə sonu YAP-çı deputat Siyavuş Novruzovun gündəmi silkələyən açıqlamalarından gedir.
Hakim partiya yetkilisi sabiq nazirləri xəyanətdə ittiham edir, vəzifəsiz qalan bu şəxsləri mühacir müxalifətinə maliyyə dəstəyində təqsirli bilir.
Anaxeber.info-nun analitik qrupu yazır ki, çoxları baş sındırır, müxtəlif mülahizələr, versiyalar səslənir, deputatın açıqlamaları hakimiyyətdaxili mübarizənin təzahürləri kimi qiymətləndirilir, əks tərəfə xəbərdarlıq ismarışı kimi şərh olunur.
Sonra adlar açıqlanır, adı çəkilən keçmiş nazirlər bir-bir növbəyə dayanıb təkzib verirlər. Və doğurdan da məlum olur ki, bu "dişsiz" sabiqlərin heç birinin o siyasi iradəsi və çəkisi ola bilməz xaricdə hansısa qüvvələri dəstəkləsinlər, hakimiyyət əleyhinə iş aparsınlar.
Axı uşaqdan inanmaz ki, Misir Mərdanov, Hüseynqulu Bağırov, Ziya Məmmədov Azərbaycanda yaşadığı halda birbaşa İlham Əliyev əleyhinə gizli kampaniya aparsınlar.
O sabiq nazir kimdirsə, çox güclü fiqurdur, bu gün də təsir rıçaqlarını ölkə hüdudlarından kənarda saxlamağa müvəffəq olub, ciddi bir şəbəkə nəzarətindədir, milyardları var, davamlı olaraq iqtidara təzyiq göstərir və ən əsası qisasçılıq hissləri ilə alışıb yanır.
Eynilə yuxarıda tarixdən gətirdiyimiz sitatlar Azərbaycandakı bu gedişata, latent proseslərə güzgü salır.
Təbii ki, S.Novruzovun açıqlamaları iqtidar içindəki son savaşa hazırlıq çağırışı kimi də dəyərləndirilə bilər. Artıq mübarizənin həlledici mərhələsi başlanıb.
Yəni, sistemdaxili mücadilə son fazaya daxil olur və deputatın "mövqeyinizi bildirin" çağırışı artıq yüksək səslə, açıq şəkildə səsləndirilir.
Lakin onun həmyerlisi və həmkarı Qüdrət Həsənquliyevin də tez-tez verdiyi həyəcanlı açıqlamaları xatırlamaq lazım gəlir. Deputat bildirirdi ki, hakimiyyət islahatları sürətləndirməsə, ictimai dəstəyi itirə, xaricdən təxribatların güclənməsinə rəvac verə bilər.
Ayrı-ayrı deputatların çıxışlarını da yad eləmək olar. Sözsüz ki, bu mesajların sətiraltında Avropadakı mühacir qruplaşmasına, leksikonunda söyüş olan bəzi sosial şəbəkə aktivistlərinin ünvanına eyhamlar var.
Lakin bu şəbəkəni güclü şəkildə təlimatlandıran, fərqli-fərqli deputatların bizneslərini, yüksək ranqlı məmurların xaricdəki şirkətlərini konkret sənədlərlə ortalığa çıxmasına informativ dəstəyini verən bir gizli əl olduğu şübhə doğurur.
S.Novruzov da məhz həmin "sehrli çubuğ"u nəzərdə tutur və ehtimal ki, həmin şəxslərin təkcə sabiq nazirlər deyil, eyni zamanda iqtidar içində müəyyən qüvvələr olduğuna işarə verir.
Yəni, bu dəfə medalın həqiqətən də iki üzü var - sabiq nazir(lər) və indi hakimiyyətdə vəzifə tutan, qrup maraqlarından çıxış edən bir qüvvə...
Bütün bu labirintin içində incə bir nüansa diqqət yetirmək lazımdır. S.Novruzov müsahibəsində sabiq nazirlərin tutduqların vəzifənin ömrünü açıqlayır: "Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il"
Ardınca bəyan edir: "Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, ”mövqeyini bildir!”
Nəhayət, hakim partiya rəsmisi bombanı partladır: “Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz”.
Əslində, bu açıqlamanı blef, hansısa diqqətdən yayındırma cəhdi də saymaq olar.
Halbuki, köhnəlmiş bir siyasi texnologiyadır, primitivdir, guya xaricdəki mühacirlərə iqtidardan küsmüş keçmiş nazirlər sponsorluq edir.
Amma siyasət uşaq oyuncağı deyil və hakim partiya funksioneri konkret fakta əsaslanır, ciddi bir siyasi prosesin təməlinin qoyulması üçün ismarışlar verir, ən vacib məsələ - axı, doğurdan da xaricdə müəyyən dairələrə kompromat materiallar ötürən güclər var...
Anaxeber.info yazır ki, bu gizli imza, təğyiri-libas olub altdan öz işini görən, intiqam aldığını zənn edən sabiq nazirlərdən ən çox nəzərlər birinə yönəlir.
 Müxtəlif şərhçilər, sosial şəbəkə fəalları S.Novruzovun açıqlamalarını təhlil edərkən, deputatın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbəri olmuş Eldar Mahmudovu nəzərdə tutduğunu düşünürlər.
Hələ MTN ləğv edildiyi ilk vaxtlarda ayrı-ayrı ekspertlər iddia edirdilər ki, Mahmudov dəstəsinin əlində ciddi kompromat materiallar, şantaj xarakterli faktlar var.
 İddia edilirdi ki, MTN şefinin və adamlarının əlində kasetlər, materiallar var, bəziləri ölkədən kənara çıxarılıb və oradakı şəbəkəsinin əlindədir.
Xüsusən də həbsdə olan bankir qudası Cahangir Hacıyevin Londonda yaşayan xanımı Zamirə Hacıyeva və adamlarının bu informasiyalara malik olduğu deyilirdi. İstisna edilmir ki, bu şəxslər hansısa mühacir qrupları maliyyələşdirir, Mahmudovun təlimatlarını həyata keçirirlər.
E.Mahmudovun odioz bandasının ifşası, generallarının həbsi, əmisi oğlunun mühakimə olunması, özünün ev dustağına çevrilməsinə baxmayaraq, həmişə etiraf edilib ki, MTN rəhbərinin xaricdə uzantıları var, onu tam "zərərsizləşdirə" bilməyiblər.
Bir müddət əvvəl sabiq nazirin əlindəki kompromatlardan istifadə edərək özünü və ətrafını qoruya bilməsi, materiallarının çox hissəsinin xaricə transfer etməyi bacarması haqda bilgilərə münasibət bildirən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı demişdi ki, , bu gün Eldar Mahmudovun qulluğunda onlarla adam var: “Maddi imkanları kifayət qədər yetərlidir, ailəsi xaricdədir.
Oğlunun xaricdə geniş əlaqələri var, biznesi də davam edir. Yəni Eldar Mahmudovun istədiyi işi görmək kimi imkanları var. O, istənilən kompomat materialları xaricə çıxarmaq iqtidarındadır".
Qeyd edək ki, onun ölkədən 5 milyard çıxardığı haqda iddialar bu gün də səslənir. E.Mahmudovun mühacir şəbəkədə izinin olması bu mənada çətin deyil, istisna edilmir. Lakin ad çəkilməyib və gözləyək hakim partiya rəsmisi özü şifrələri, kodları ictimaiyyətə tam açsın...

Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar