Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əliyevin eks-komandasında “Patriarxın payızı”: sabiqlərin revanşı gözlənirmi?

2-12-2019, 09:39   

 

Markesin “Patriarxın payızı” romanı ölümün astanasınacan mübarizə aparan qoca tiranın iqtidarının qürub çağı - payızı haqdadır.
Bu hekayətdə təkcə miflər yaranmır, sonra miflər dağılmağa başlayır. Anaxeber.info yazır ki, bu günlərimiz üçün aktual olan əsərin dövrümüzlə səsləşməsi təsadüfi deyil.

Xof adlar və yeniçərilərə itaətsizlik?

Ötən həftə Azərbaycan hakimiyyətinin iri gövdəli, qol-budaqlı qanadının mifinin dağılması rəsmiləşdi. Noyabrın 29-dan etibarən köhnə qvardiya üçün “Patriarxın payızı”dır...
Hər şeydən əvvəl qorxu hissi itirildi; artıq xof mühiti qara bulud kimi çəkilməyə başlayıb. Bu adların hər biri ayrı-ayrılıqda insanları özünə yaxın buraxmırdı: Ramiz Mehdiyev, Ramil Usubov, Səfər Əbiyev, Fazil Məmmədov, Ziya Məmmədov, Eldar Mahmudov, Misir Mərdanov, Artur Rasi-zadə, hər iki Əli Həsənov, hətta Səlim Müslümov, habelə indi Sahil Babayevin yanında general kimi görünən keçmiş sosial nazir Füzuli Ələkbərovun adı cəmiyyəti diksindirirdi.
İlk növbədə bu məsələ açıq qalır ki, qarşıdakı dövrdə hansısa ədalətsizlik olanda, narazılıq baş qaldıranda, əyalətlərdə məmur özbaşınalığına etiraz olaraq lokal aksiyalar keçiriləndə məsuliyyəti yeni komandanın ayağına yazılacaq.
Nədən ki, indi “Qurdlar vadisi” yoxdur və yeniçərilər hakimiyyəti idarə edəcəklər. Deməli, prezident öz komandasını elə təlimatlandırmalıdır ki, arxaik problemlər təzədən qabarmasın.
Çünki indiyə qədər olan etirazların məsuliyyətini həm də prezidentin ətrafı daşıyırdı, keçmiş qruplaşmanın idarəçiliyindən doğan fəsadlar kimi qiymətləndirirdilər. Hazırkı komanda isə islahatçı kimi təqdim olunur və oliqarxlaşmaq şansı yoxdur, işləmək lazım gələcək.
Başqa sözlə desək, vitrin hələ ki ictimai rəydə oturuşmayıb, qəbul edilmək boşluğu var. Yəni, belə cavan kadrlara itaətsizlik nümayiş etdirilə bilər.
Məsələn, Mehdiyev kimi nəhəng bir ideoloqun yerini Samir Nuriyevin doldurması uzun zaman tələb edir. Amma fiqurların deyil, sistemin işləməsi əsasdır.
Mikayıl Cabbarov, Ədalət Vəliyev, İnam Kərimov, Sahil Babayev və s. yeni məmurlar da sələflərinin nəfəsini xeyli vaxt hiss edəcəklər. Lakin prezidentin “yol xəritəsi” pozitivdir və müsbət perspektiv vəd edir.

Sabiqlərin revanşı ola bilər?

Anaxeber.info yazır ki, ikinci mühüm məsələ sabiqlərin revanşının olub-olmayacağıdır. Hər halda hakimiyyətin kontur planları da yox deyil.
Sadəcə, indidən köhnə komandanın bir ocağına başına yığışdığı görünməkdədir. Bu, planlıdır, strategiya əsasındadır yoxsa, “vurulmuş”ların bir-birinə mənəvi cəhətdən həyan olmasıdır, onu zaman göstərəcək.
Amma ağıllı adamlar və təhlilçilər siyasətin kövrək hisslər üzərində qurulmadığını gözəl bilirlər, qarşıdakı növbədənkənar parlament seçkiləri ərəfəsində, o cümlədən sonrakı dövrdə sabiqlərin revanş götürmək cəhdlərinin olmayacağına, ənənəvi müxalifətlə işbirliyinə gedilməyəcəyinə zəmanət verilmir.
Daxili reaksiyalarla bərabər xarici faktoru da gözardı etmək olmaz. Əvvəlki yazıda Rusiya və Qərbin baş verənləri aqressiv qarşılamadığını qeyd etmişdik.
Lakin Qərbin son dərəcə susqunluğu hələ də şübhələr oyatmaqdadır.  Beynəlxalq reaksiyanın olmaması təəccüb doğurur. Nəhayət, ölkəni bundan sonra nə gözləyir sualı qalır.
Əvvəla, növbədənkənar parlament seçkiləri ilə köhnə qvardiyanın Milli Məclisdəki uzantıları da yola salınacaq. Eyni zamanda bir neçə nazirin işdən azad olunması mümkündür.

Növbə hansı nazirlərindir?

Söhbət maliyyə naziri Samir Şərifov, Mərkəzi Bank sədri Elman Rüstəmovdan gedir. Ümumən, iqtisadi blokda olan yüksək çinli məmurların işindən azad olunacağı gözlənilir.
Habelə, S.Şərifovdan sonra Maliyyə Nazirliyi ilə Gömrük Komitəsinin bir strukturda birləşdirilməsi gözlənilir. Səhiyyə naziri Oqtay Şirəliyev də günlərini saymaqdadır.
Bundan əvvəl isə ölkə başçısı məhkəmə-hüquq sahəsində islahatlar elan edib. Bu prosesin də davam etməsi Azərbaycanda siyasi idarəçiliyin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Ali Məhkəmə sədri Ramiz Rzayevin sərəncamının veriləcəyi istisna edilmir.
Bütün bu addımların hakimiyyətin tranziti prosesi çərçivəsində gerçəkləşdiyinə yəqin ki, heç kimdə şübhə qalmayıb. Anar Ələkbərovun prezidentin köməkçisi təyin edilməsini də bunun təsdiqi kimi qiymətləndirmək olar. 
Anaxeber.info
Vüqar Abıyev

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar