Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hökumət isterikada: 190 manata görə artan yoluxma, maskalanmış Qərargah və...

24-06-2020, 10:07   
 


Hakimiyyətin pandemiya ilə mübarizədə atdığı addımlardan baş çıxarmaq olmur ki, affekt vəziyyətindədirlər, yoxsa idarə olunan xaos nəzəriyyəsinə söykənib siyasət yürüdürlər.
Anaxeber.info təhlil edir ki, hələlik bu davranış və qərarlardan hasil olan nəticə Nazirlər Kabinetinin və onun Operativ Qərargahının seytnot şəraitinə düşməsidir.
İqtidar isterikadan çıxa bilmir, ardıcıl səhvlərə yol verməkdədir. Bu, hökumətin böhranlara və kataklizmlərə hazır olmadığını nümayiş etdirdi.
İyunun 23-də koronavirus növbəti “rekordu” qıraraq 508 nəfərə yoluxdu və bu fakt da təsdiqlədi ki, günah nə maska taxmayan vətəndaşda, nə sosial izolyasiyaya riayət etməyən əhalidədir, yanlış olan verilən qərarlardır.
Çünki aprelin 27-dən sərt karantinin qismən yumşaldılması, mayın 18-dən tamamilə sərbəstlik verilməsi doğru deyildi. Necə ki, Gürcüstan fövqəladə vəziyyət elan etdi, karantini pozan hər vətəndaşa ağır cərimə - 1700 lari tətbiq elədi və bununla da sosial təcrid bəhrəsini verdi.
Faktiki, qonşu ölkədə cəmi 911 nəfər virusa yoluxub, demək olar ki, pandemiyaya qalib gəliblər, hətta turist qarşılamağa hazırlaşırlar.
Azərbaycan hökuməti isə vətəndaşına 190 manatı verməməyin qarın ağrısından karantini yumşaltdı, işlər açıldı, nəticədə yoluxma artdı.
Bu da gözlənilən idi: sən kafe-restoranları, ticrət mərkəzlərini aç, ictimai nəqliyyatda sıxlığı aradan qaldırma, Bakının yükünü azaltmaq üçün insanları bölgələrə buraxma, gec-tez yoluxma kəskin artmalıydı.
Əgər hökumət mayda da sərt karantin tətbiq etsəydi və 190 manatlıq birdəfəlik yardımı daha geniş kütlələrə çatdırsaydı, bu vəziyyət hökm sürməzdi.
Lakin iqtidar xalqın pulunu xalqa verməmək üçün onun taleyi ilə oynadı, risqə getdi və buyurun - təkcə dünən 508 adam yoluxub. Bu, Operativ Qərargahın tərkibinin istefaya göndərilməsini şərtləndirir.
İndisə sərt karantin olan ərazilərdə 190 manat verilməsinə başlanması hökumətin əvvəldən necə səhv addımlara getdiyini isbatladı. Bu vəsaiti mayda vermək və mikrobu beşikdə boğmaq mümkün idi.
Bütün bunlardan sonra Qərargahın üzvü olan, illərlə efirdən xalqa yalan danışmış iqtidar məddahı İbrahim Məmmədova, bir dediyi ilə o biri açıqlaması üst-üstə düşməyən TƏBİB sədri Ramin Bayramlıya, karantini pozub özü Qubada dincələn ÜST nümayəndəsi Hande Harmancıya, “Elmar Məmmədyarovun 4 milyonluq ev alması şəxsi işidir” deyən XİN sözçüsü Leyla Abdullayevaya ictimaiyyət niyə inanmalıdır?
Ümumiyyətlə, insanlara virusa inamsızlığın kökündə məhz hökumətin 20 ildən çoxdur həyata keçirdiyi siyasət dayanır. Xalq iqtidara güvənmir, hər sözündən şübhələnir.
Üstəlik, həftəsonu tətbiq edilən sərt karantində əhali tələblərə riayət etdiyi üçün TƏBİB sədri xalqa təşəkkürünü bildirmişdi.
Heç bir gün keçmədi ki, OQ həftəsonu karantinlərinin effektsiz olduğunu, insanların sosial məsafəni gözləmədiyini, bu səbəbdən yoluxmanın artdığını açıqladı və toplumu günahkar çıxardı.
Bu qədər antoqonist, ziddiyyətli açıqlamalardan sonra cəmiyyət hakimiyyətə və onun strukturlarına necə inansın?
Pandemiya ilə mübarizədə Operativ Qərargahın tərkibi nüfuzlu tanınmışlardan, cəmiyyətin qəbul etdiyi peşəkarlardan təşkil edilməliydi.
Ardınca, maska pulsuz paylanmalı, metro və marşrutda nəzarət güclənməli, maarifləndirmə əhatəli olmalı, ən əsası birdəfəlik yardım azı 3-4 milyon adama verilməliydi.
Lakin 190 manatı verməmək üçün bəhanələr, ağır şərtlər qoyuldu və cəmiyyətdən növbəti hiddət gördülər.
Sonra Yasamal hadisəsində polisin gözdən düşməsi və cəmiyyətin aqressivləşdirilməsi, Dağıstandakı soydaşlarımızın alçaldılmasını gördükdən sonra onların etap-etap ölkəyə gətirilməsinin təmin olunması əhalidə pandemiya dövründə iqtidara münasibəti əvvəlki dövrə qaytardı. Türklər demiş, hökumət islahatların gedişində “bir çuval inciri bərbad etdi”.
Bu yanlış sosial-iqtisadi və siyasi hərəkətlər hakimiyyətdə sistemin işləksizliyi problemini ortaya qoydu, ölkə ekstremal şəraitə hazır deyilmiş.
İndi xəstəxanalarda yer yoxdur, testlərin cavabları yubanır, təcili tibbi yardımlar çağırışlara çata bilmir, həkimlər və xəstələr narazıdır, ölkənin səhiyyə naziri isə yoxa çıxıb.
Beləliklə, mart-apreldə görülən tədbirlərin üstündən bir xətt çəkdilər, hər şey sıfıra qayıtdı, yoluxma dayanmadan artır və hökumətin hələ də heç bir proqramı yoxdur.

Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar