NATO savaşa girəcəyini elan etdi – Nə baş verir?

1-08-2022, 14:39   




Kosovanın kiçik bir kəndində yaşanan münaqişə hazırda qlobal bir konfliktə çevrilmək astanasındadır. Kosova vaxtilə Serbiyanın tərkibində bir alban anklavı şəklində idi. Sonra isə vəziyyət dəyişdi. Hazırda Kosovanın şimalında yerləşən və Serbiyaya bitişik olan Mitroviça bölgəsində daha çox serblər yaşayır. Bu ərazi inzibati olaraq Kosova ərazisidir. Lakin burda yaşayanlar özlərini Serbiya vətəndaşı, Kosovanı isə Serbiyanın ərazisi hesab edirlər. Onlar Kosova yox, Serbiya qanunlarına tabe olurlar. Bununla bağlı bir neçə dəfə də mübahisələr yaşanıb.

Bu sözləri Axar.az-a Kosova və Serbiya arasında artan gərginliyi şərh edən politoloq Turab Rzayev deyib.

“Daha bir mübahisə isə rəsmi sənədlərlə bağlıdır. Belə ki, Serbiya Kosovanı rəsmi olaraq müstəqil ölkə kimi tanımır. Buna görə də Serbiyaya keçən Kosova maşın nömrələrini sökür və ya Kosova pasportlarını tanımır. Buna qarşılıq olaraq da kosovalılar öz ərazilərində serb sənədlərini tanımırlar. Paralel olaraq, Kosovanın şimalında yaşayan serblərdən də artıq Kosova sənədləri tələb edilir. Bu gərginlik son günlərdə daha da artaraq pik nöqtəyə çatıb. Serbiya prezidenti həmin əraziyə ordu yığıb, xalqa səslənərək, müharibəyə hazır olduğunu bildirdi. Məqsəd isə Kosovaya müəyyən təzyiq yaratmaq idi. Buna Kosovada yaşayan serblər də dəstək verdilər. Onlar Kosovaya tabe olmayacaqlarını bildirdilər. Kosova da ölkənin şimalında serb sənədlərini tanımayacağını, məcburi qanun tətbiq edəcəyini bildirdi. Müəyyən iğtişaşlar yarandı. Serbiya bu iğtişaşlara cavab verəcəyini vurğuladı. NATO da öz növbəsində rəsmi məlumat yayaraq Serbiyanın Kosovaya müdaxiləsi anında Alyansın müharibəyə qatılacağını bildirdi. Beləliklə, Kosovanın şimal kəndlərində sənədlərlə bağlı yaranan kiçik münaqişə qlobal bir konfliktə çevrilmək astanasındadır”, - o bildirib.

Politoloq qeyd edib ki, Kosova yerli serbləri Serbiya vətəndaşlığından çıxıb, Kosova vətəndaşlığını qəbul etməyə məcbur edir:

“Serbiya ya Kosovanın addımlarına göz yummalı, ya da Kosovaya qarşı hərbi əməliyyatlara başlamalıdır. Bu da öz növbəsində NATO-nun müharibəyə girməsinə gətirib çıxara bilər. Bunu Ukrayna müharibəsinin başlatdığı dalğanın davamı kimi də görmək olar. Məncə, Kosova-Serbiya münasibətlərinin artan gərginliyi Rusiyanın Şərqi Avropada təsirini azaltmaq üçün də edilə bilər. Çünki Balkanlarda Rusiyanın ən yaxın müttəfiqi Serbiyadır. Serbiya zərbə alsa, Rusiyanın nüfuzu daha da sarsılacaq”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.