Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ərdoğan-Paşinyan görüşü: Sərhədlərdə nəyi dəyişəcək?

4-10-2022, 19:00   


Ərdoğan-Paşinyan görüşü: Sərhədlərdə nəyi dəyişəcək?


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında oktyabrın 6-sında Praqada görüş keçirilməsi planlaşdırılır.

“Sabah” qəzetinin ehtimallarına görə, görüş zamanı Ərdoğanın Paşinyana iki ölkənin xüsusi nümayəndələri arasında görüşlərin üçüncü ölkələrdə deyil, növbəli şəkildə Türkiyə və Ermənistanda keçirilməsini, bölgədə gərginliyin yaşanmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində mesajlar verəcəyi gözlənilir.

Bununla yanaşı, görüş zamanı Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsələsi ətrafında fikir mübadiləsinin aparılacağı da qeyd olunub.

Ümumiyyətlə, bu ehtimallar nə dərəcə doğrudur?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu görüşdə Qarabağ mövzusunun müzakirə edilməsi istisna deyil:

“Hazırda vəziyyət bir az mürəkkəbdir. Çünki Nikol Paşinyan Qarabağla bağlı ziddiyyətli açıqlamalar verir. Ankaranın rəsmi mövqeyi isə ondan ibarətdir ki, İrəvanla istənilən yaxınlaşma Türkiyə-Ermənistan məsələlərindən əlavə Qarabağ mövzusu ilə də birbaşa bağlı olmalıdır. Bu baxımdan, onları bir-birindən ayırmaq olmaz. Çünki sərhədlərin açılması, ikitərəfli münasibətlərin yaradılması və Qarabağ mövzusu həmişə gündəmdədir. Türkiyənin siyasi gündəmində də Azərbaycan mövzusu hər zaman mövcuddur. Həmçinin, Türkiyə və Ermənistan arasında da həll olunmamış məsələlər var. Rəsmi Ankara da onların həll olunmasını tələb edir”.

Tofiq Zülfüqarov hesab edir ki, Paşinyanla Ərdoğan arasındakı görüşdə Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsi müzakirə olunmayacaq:

“Çünki Azərbaycanın mövqeyi bəllidir. Bu mövqe açıq şəkildə Ermənistan ictimaiyyətinə də çatdırılıb. Hətta futbol terminlərindən istifadə etsək görərik ki, top ermənilərin tərəfindədir. İlk növbədə Ermənistanda gedən proseslərə də diqqət yetirməyi məsləhət görərdim. Baxaq görək ki, oradakı daxili diskussiya nə şəkildə olacaq. Paşinyan daxildəki narazılıq dalğasından danışıqlarda istifadə edərək, Azərbaycanın tələblərini Ermənistan xalqının qəbul etmədiyini demək niyyətindədir. Bu da onun danışıqlarda tətbiq etdiyi üslubudur və Ermənistanda daima bundan istifadə edirlər. Bəlkə də, onlar hansısa real bir mövqeyə qayıtmaq istəyirlər. Başa düşürlər ki, onların artıq başqa yolu yoxdur. Amma yenə də vaxtı uzatmaq taktikası həmişə olduğu kimi istisna olunmur”.

Həmsöhbətimiz Paşinyanın Fransadan qayıtdıqdan sonra Ermənistanın mövqeyini dəstəkləyənlərin olmadığına dair bəyanat verdiyini də xatırladıb:

“O, mövqe deyəndə İrəvanın köhnə siyasətini nəzərdə tutur. Yəni açıq şəkildə deyir ki, Ermənistanın Qarbağı işğaletmə siyasətini hərbi baxımdan dəstəkləyən yoxdur. İndi Ermənistan elə bir mövqedədir ki, gələcək siyasətlərini özləri müəyyənləşdirə bilmirlər. Amma onlar özləri gələcək siyasətlərini dövlət və cəmiyyət olaraq müəyyənləşdirməlidirlər”.

Elmir
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar