Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əliyev və Paşinyan sülh istədiyini deyirlər. Onlara nə mane olur?

6-10-2022, 08:41   




Ermənistan, Azərbaycan

ŞƏKLİN MƏNBƏYİ,EUROPA.EU

Azərbaycan-Ermənistan sərhədindəki qanlı döyüşlərdən sonra səslənən davakar ritorika artıq sülhpərvər bəyanatlarla əvəzlənməkdədir. Belə ki, bu gün Ermənistan parlamentində çıxış edən Nikol Paşinyan "sülh gündəliyini qəbul" etdiyini deyib.

"Bu gündəliyin həyata keçirilməsi üçün parlament çoxluğunun və xalqın dəstəyinə ümid edirəm. Mən bu yolla gedirəm və gedəcəyəm", - Baş nazir Parlamentdə sual-cavab zamanı danışıb.

Bundan əvvəl Azərbaycan Prezidenti də "yeni sülh səhifəsini" açmaq istədiyini deyib. "Ümid edirik, sülh sazişinin mətninin hazırlanması uzun çəkməyəcək", - İlham Əliyev Ağdamda keçirilən "Milli Şəhərsalma Forumu"nda çıxışında qeyd edib.

Son vaxtlar Azərbaycan və Ermənistan rəsmiləri arasında təşkil edilən yüksək səviyyəli görüşlər zamanı münasibətləri pisləşdirən elementlərin ortaya çıxması sülhlə bağlı səslənən bəyanatları kölgədə qoyurdu.

Belə ki, ötən ay baş vermiş sərhəd toqquşmalarından sonra ötən həftəsonu Cenevrədə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında keçirilən ilk vasitəçisiz görüş ərəfəsində sosial şəbəkələrdə erməni əsirlərin azərbaycanlı hərbçilər tərəfindən öldürüldüyü iddia edilən videolar paylaşıldı.

Azərbaycan-Ermənistan sərhədində sentyabrın 13 və 14-də qeydə alınan döyüşlər, eləcə də ondan sonra rəsmi Bakı və Yerevan arasında sülh danışıqlarına zərbə vuran hadisələrin baş verməsi hər iki ölkə liderinin son Brüssel danışıqlarında əldə etdiyi "xalqların sülhə hazırlanması və düşmənçilik ritorikasından çəkinmə" barədə razılığı şübhə altına aldı.


Sərhəddəki toqquşmaların davam etdiyi ərəfədə, Ermənistan Baş naziri Nikol Paşinyanın sentyabrın 14-də iki ölkə arasında davamlı sülhün təmin edilməsi ilə bağlı verdiyi bəyanat Yerevanda minlərlə insanın küçələrə çıxması ilə nəticələndi və daha sonra Paşinyan açıqlama verərək, heç bir sənədin imzalanmadığını bildirdi.

Azərbaycanda isə sərhəd toqquşmalarını pisləyən və sülhə çağırış edən şəxslər hədəf alındı. Ölkədə həmin şəxslərə qarşı "xaini tanı" kampaniyasına start verildi və "sülhə hə" kampaniyası başladan Demokratiya 1918 hərəkatının sədri Əhməd Məmmədli polisə tabe olmama ittihamı ilə 30 sutka həbs edildi.

Bəs, Azərbaycan və Ermənistan arasında sülhün qurulmasına nə mane olur?

BBC Azərbaycancaya danışan təhlilçilər hesab edir ki, hazırda iki xalq arasında sülhün təmin olunması ilk növbədə hökumətlərin iradəsindən asılıdır.

Onların fikrincə, bu mümkün olduğu halda tədricən xalqlar arasında etimadın qurulmasına, birgəyaşayışın təmin edilməsinə nail olmaq olar.

Sülhə nə mane olur?

Əslində ikinci dəfədir ki, hər iki cəmiyyətin sülhə hazırlanması barədə ortaq məxrəcə gəlindikdən sonra tərəflər arasında hərbi toqquşma yaşanır.

İlk dəfə 2019-cu ilin yanvarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Parisdə keçirilən görüş çərçivəsində "xalqların sülhə hazırlanması" haqqında sənəd imzalamışdılar.

Lakin bundan sonra Ermənistan və Azərbaycan liderlərinin Qarabağla bağlı açıqlamaları, eləcə də cəbhə xəttində atəşkəsin intensiv şəkildə pozulması Paris razılaşmasına zərbə vurdu və bu tendensiya 2020-ci ilin sentyabrında müharibəyə gətirib çıxardı.

Beynəlxalq Böhran Qrupunun analitiki Zaur Şiriyev hesab edir ki, əgər "xalqların sülhə hazırlanması" üzərində iş aparılacaqsa, ilk növbədə Azərbaycan və Ermənistan hökumətləri öz aralarında ortaq məxrəcə gəlməlidir.

Onun sözlərinə görə, əgər rəsmi Bakı və Yerevan bu məsələdə öz iradələrini ortaya qoymasalar, onlar öz cəmiyyətlərini sülh prosesinə qoşa bilməyəcəklər.

"Çox güman ki, 2020-ci ilin reallıqlarını nəzərə alanda, bu gün aparılacaq "xalqların sülhə hazırlanması" prosesinin əsasını xalqları birgəyaşayışa inandırmaq işi təşkil edəcək. Bu, 2020-ci ildən öncəki prosesdən bu baxımdan fərqlidir", - təhlilçi BBC Azərbaycancaya deyib.

Ermənistandan olan siyasi təhlilçi Richard Giragosyanın fikrincə, indiki mərhələdə Azərbaycan və Ermənistan arasındakı diplomatik səylər tam barışıq məqsədi daşımır, hazırda tərəflər "əlaqələrin normallaşmasına və etimad mühitinin yaradılmasına" çalışırlar.

Bununla bağlı artıq nümunənin də mövcud olduğunu deyən siyasi təhlilçi Azərbaycanın mülki təyyarələrinin Ermənistanın hava məkanından istifadə etməsini misal gətirir.

Bundan əlavə, o, Ermənistandan keçən ticarət və nəqliyyat xətlərinin açılmasının da iki xalq arasında etimad mühitini daha da yüksəldəcəyi qənaətindədir.

"Amma barışıq zaman və nəsil dəyişməsi tələb edən məsələdir. Onu da deyim ki, azərbaycanlıların və ermənilərin birgəyaşayış tarixi münaqişənin tarixindən çox daha əvvələ gedib çıxır. Bütün bu dediklərim davamlı sülhün əldə ediləcəyi barədə optimist düşünməyim üçün əsas səbəbdir", - Giragosyan BBC Azərbaycancaya bildirib.

Siyasi psixoloq Samirə Qasımlı da sülhün baş verməsi və xalqların birgəyaşayışının təmin edilməsi üçün müəyyən vaxt lazım olduğunu deyir.

Tarixdə baş verənləri nümunə gətirən Samirə Qasımlı iki xalq arasında dəfələrlə münaqişələrin olduğunu və zamanla baş verənlərin unudulduğunu diqqətə çatdırıb.

Bununla belə, o da hökumətlərin siyasi maraqlarını davamlı sülhün qurulmasında başlıca amil kimi göstərir.

"1918-ci ildə Bakıda bizi qıran elə ermənilər idi, amma 1950, 1960, 1970-ci illərdə onu xatırlayan çox az azərbaycanlı var idi və ermənilərlə normal münasibətlər mövcud idi, çünki Sovet hökuməti birgəyaşayışı təbliğ edirdi. Əgər mövcud hökumətlər öz danışıqlarında, mesajlarında, apardıqları siyasətdə bir-birinə daim nifrət bəsləyəcəklərsə, Azərbaycan və Ermənistan xalqları arasında heç vaxt sülh olmayacaq", - Samirə Qasımlı deyib.

Post laçına gedən yol Qarabağ Azərbaycan Ermənistan

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Yeni yol Şuşanın yaxınlığından keçir

Bəs hökumətlər sülh istəyirmi?

Siyasi təhlilçi Zaur Şiriyev bildirib ki, əgər sülh dedikdə Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığının təminatı nəzərdə tutulursa, bu halda Ermənistanla yekun sülhün imzalanması Azərbaycan hökumətinə sərf edir.

Onun fikrincə, sərhəd toxunulmazlığı baxımından sülhün olması Ermənistanın da maraqlarına uyğundur.

"Əks halda tərəflər ən azından görürlər ki, sülhün olmaması yenə uzunmüddətli münaqişənin davamına gətirib çıxaracaq", - təhlilçi qeyd edib.

Politoloq Richard Giragosyanın fikrincə, mövcud diplomatik əlaqələrin hazırki vəziyyəti onu göstərir ki, indiki məqamda tərəflər arasında əsas gündəm məsələ "Dağlıq Qarabağdan daha çox ikitərəfli əlaqələrdir".

Onun sözlərinə görə, bu mərhələdə xalqlardan əvvəl hökumətlər özlərini sülhə hazırlamalıdır.

Richard Giragosyan hesab edir ki, əgər 2020-ci il müharibəsindən əvvəlki sülh taktikası xalq diplomatiyasını ön plana çəkirdisə, müharibədən sonra yaranan vəziyyət onu tələb edir ki, ilk növbədə hər iki xalq ayrı-ayrılıqda sülh məsələsini öz daxilində geniş müzakirə etsin.

Bunun üçün hökumət nümayəndələrinin çıxışlarında işlətdikləri ifadələr böyük əhəmiyyət kəsb edir və təbii ki, burada yerli qeyri-hökumət təşkilatları da aktiv rol oyanamalıdır, siyasi təhlilçi əlavə edib.

"Müsbət məqam odur ki, müharibədən sonrakı reallığı həm erməni xalqı, həm də hökumət olduğu kimi qəbul edir və bu imkan verir ki, Ermənistan danışıqlar prosesində sadiqlik nümayiş etdirsin. Düzdü, son baş verən hücumlar sabitliyi pozsa da, son günlər tərəflərin yenidən danışıqlar masasına qayıtdığını görürük", - Giragosyan deyib.

Siyasi psixoloq Samirə Qasımlı isə hesab edir ki, sülh hər iki ölkənin gələcəyi üçün mühüm olsa da, Ermənistanda Rusiyanın nəzarətində olan müxalifət, Azərbaycanda isə iqtidar iki ölkə arasında münaqişənin davam etməsində maraqlıdır.

Onun sözlərinə görə, rəsmi Bakı Yerevanla münaqişəni gündəmdə saxlamaqla Azərbaycan cəmiyyətini manipulyasiya edir və bu yolla ölkə daxilindəki sosial-iqtisadi, eləcə də siyasi problemləri gizlətməyə çalışır.

Samirə Qasımlının fikrincə, Azərbaycan hökumətinin başlatdığı "xaini tanı" kampaniyası da məhz "bu məqsədə xidmət edir".

Millət vəkili Səməd Seyidov isə Azərbaycan hökumətinin sülh istəməməsi iddiası ilə razılaşmır. O bildirir ki, uzun müddət işğaldan əziyyət çəkən, faciələr, qırğınlar yaşayan bir xalqdan daha çox sülh istəyən olmaz. Lakin o bu məsələdə "ədalətli və ədalətsiz sülh" anlayışlarının bir-birindən fərqləndirilməli olduğunu deyib.

"Uzun illər Azərbaycanı ədalətsiz sülhə imza atmağa çağırıblar. Bu məsələdə Qərb dövlətləri və orada olan erməni lobbisi böyük rol oynayıb. Lakin buna nail ola bilmədilər. Azərbaycan özü ədaləti bərpa etdikdən sonra isə sülhlə bağlı 5 prinsipdən ibarət təklifini Ermənistana təqdim edib və Ermənistanın Baş naziri də bu 5 prinsiplə razılaşdığını bildirib. Lakin Nikol Paşinyan Brüsseldə sülhə razılaşdığını deyir, Ermənistana qayıtdıqdan sonra isə başqa fikir səsləndirir", - deputat qeyd edib.

Deputat əlavə edib ki, hazırda Azərbaycanın enerji və qlobal ticarət əlaqələrində rolu artdığı üçün bəzi ölkələr regionda qeyri-sabitlik yaradaraq Azərbaycanın uğurlarına kölgə salmağa çalışır.

Hazırda özünün qlobal logistik əhəmiyyətini və iqtisadi çəkisini artırmağa çalışan Azərbaycana sülh hər kəsdən daha çox lazımdır, Milli Məclisin üzvü əlavə edib.

Etiraz aksiyaları və kampaniyaların arxasında nə dayanır?

Sərhəddəki hərbi toqquşmadan sonra sülh bəyanatı ilə çıxış edən Nikol Paşinyan Ermənistanda etirazlarla qarşılandı. Minlərlə insanın küçələrə axışdığını görən Ermənistan lideri ikinci müraciətində onun sözlərinin düzgün anlaşılmadığını və Azərbaycanla heç bir sənədin imzalanmadığını bildirdi.

Ermənistanda yerləşən Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyan BBC Azərbaycancaya bildirib ki, əslində insanların etirazı sülhə yox, sülh prosesində Azərbaycanın "hədsiz-hüdudsuz tələblərinə" qarşı idi.

Siyasi təhlilçi Richard Giragosyan Ermənistandakı etirazların Bakıda "Ermənistan sülh sazişi imzalamaq istəmir" kimi şərh edilməsinin "yanlış və məntiqsiz" olduğunu düşünür.

"Hələ elə bir razılaşdırılmış saziş yoxdur ki, ora Yerevan və ya Bakı imza atsın. Belə bir müqavilə mətni yoxdur. Hələ xarici işlər nazirləri müqavilə mətni üzərində işləyirlər. Sülh sazişinin mətni olmadığı halda Ermənistanın nəyə imza atmasını gözləyirlər?" - Giragosyan sual edir.

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan rəsmilərinin dekabrın 2-də Cenevrədə baş tutmuş görüşüylə bağlı açıqlamasında bildirib ki, görüş iki ölkə arasında sülh müqaviləsinin mətninin tərtib edilməsinə hazırlıq məqsədi ilə keçirilib.

Siyasi təhlilçi Richard Giragosyan əlavə edib ki, Ermənistanda insanların etirazı əslində sərhəddəki hərbi toqquşmanın onlarda yaratdığı "məyus və qəzəbdən" irəli gəlirdi.

"Etirazlar olsa da, bu gün Paşinyan hökumətinə daxildən təhdid yaradacaq heç nə yoxdur. Qarabağ müharibəsində məğlub olduqdan sonra Paşinyanın yenidən seçkilərdə qalib gəlməsi bunu deməyə əsas verir", - Ermənistandan olan təhlilçi bildirib.

Əgər Paşinyanın Azərbaycanla onu "satqın" kimi qiymətləndirə biləcək, amma ölkəyə daimi sülh gətirəcək sazişi imzalaya biləcəyi bəyanatından sonra paytaxt Yerevanda bir çoxları etiraz olaraq küçələrə axışdısa, Azərbaycanda son sərhəd döyüşləri bəzi ictimaiyyət nümayəndələrində ciddi suallar və narazılıqlar yaratdı. Onlar bu tənqidi münasibətlərinə görə hədəfə tuş gəldilər.

Belə ki, hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi sərhəddə baş verənlərə etiraz edənlərlə bağlı video rolik hazırlayaraq sosial mediada "xaini tanı" həştəqi ilə paylaşımlar etdi.

YAP-ın Gənclər Birliyi bununla bağlı BBC Azərbaycancaya şərh verməyib.

Daha sonra isə hərbi toqquşmaların əleyhinə olan və "müharibəyə yox, sülhə hə" şüarları ilə sosial şəbəkə hesabında statuslar yazan "Demokratiya 1918 hərəkatı"nın sədri Əhməd Məmmədli sentyabrın 20-də polis tərəfindən saxlanıldı və daha sonra məhkəmə onun barəsində 30 sutkalıq həbs qərarı çıxardı.

Səbayıl rayon məhkəməsi onu "polisin qanuni əmrinə tabe olmamaq" ittihamı ilə həbs etsə də, Məmmədlinin yoldaşları və ictimai fəallar onun həbsini "sülhlə bağlı yazdığı statuslarla" əlaqələndiriblər.

Siyasi təhlilçi Zaur Şiriyev təəssüflə qeyd edir ki, cəmiyyətdə 2020-ci il müharibəsindən sonra "dayaqları zəif olan, daxili ritorika ilə şirnikləndirilən və ölkəyə zərər verəcək bir irredentizm meyilləri" formalaşır.

Onun fikrincə, bu irredentizm (tarixən "itirilmiş" torpaqların qaytarılması doktrinası - red.) meyilləri elə Azərbaycanın uzun illərdir Ermənistanla münaqişədə söykəndiyi beynəlxalq hüququn əsas prinsiplərindən olan ölkələrin suveren ərazilərinin toxunulmazlığı prinsipi və siyasəti ilə ziddiyət təşkil edir.

"Təbii ki bunu cəmiyyətə fərqli formada təqdim edirlər. Bəzi təqdimetmələrdə sərhədlərin delimitasiyası və demarkasiyası baş tutmadığı üçün şərti sərhədin mövcud olduğu fikri aşılanır ki, bu özlüyündə hazırda Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərindəki suverenliyini şübhə altına alır və insanlarda belə bir fikir formalaşdırır ki, biz 1918-1920-ci illərdə itirdiyimiz torpaqları geri ala biləcəyik və bu bizim müstəsna haqqımızdır. Nəzərə almaq lazımdır ki, Beynəlxalq Ədalət Məhkəməsi sərhədlərlə bağlı mübahisələri həll edərkən çox vaxt beynəlxalq praktikada "uti possidetis juris" prinsipini tətbiq edir ki, onun da mahiyyəti hər hansı dövlət müstəqillik əldə etdikdən sonra onun sərhədlərinə hörmətin təmin edilməsidir", - Zaur Şiriyev deyib.

O əlavə edib ki, Azərbaycan hökumətinin irredentist çağırışları əslində xalqları sülhə hazırlamaq anlayışı ilə "daban-dabana ziddir".

Ermənistan, Azərbaycan

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

"Hökumət insanların vətənpərvərlik hissləri ilə oynayır"

Siyasi psixoloq Samirə Qasımlının sözlərinə görə, Azərbaycanda sülh dəstəkçilərinə və müharibəni qınayanlara qarşı başladılan kampaniya əslində hökumətin siyasi manevri idi.

O hesab edir ki, siyasi prosesləri doğru qavramayan insanlar asanlıqla hökumətin Zəngəzur barədə siyasi təbliğatını dəstəkləməyə başlayırlar.

"Yəni hökumət Xocalı və Xankəndi kimi beynəlxalq səviyyədə Azərbaycan ərazisi olan yerlərə qayıtmaqla bağlı təbliğatın aparılmadığı vaxtda, beynəlxalq hüquqla bizə aid olmayan Zəngəzurla bağlı fikirləri gündəmdə saxlayaraq, insanların vətənpərvərlik hissləri ilə oynayır", - Samirə Qasımlı bildirib.

Lakin mövcud iqtidarın siyasi təbliğatını başa düşən insanlar sərhəd döyüşlərini qınamağa başladılar, nəticədə hökumət də öz mövqeyini qorumaq üçün onları hədəf alan "xaini tanı" kampaniyasına start verdi, siyasi psixoloq əlavə edib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə hesab edir ki, bu gün "Cənubi Qafqazda daimi sülhə mane olanlar erməni lobbisinin güclü olduğu Qərb dövlətləridir".

"Əgər Ermənistan və Azərbaycan arasında sülh olsa, bəs Nancy Pelosi-lər, Adam Smith-lər nəyin hesabına seçkilərdə qalib gələcəklər, onlara kim səs verəcək?" -millət vəkili onların "erməni lobbisinin dəstəyi" ilə seçildiklərinə işarə edir.

"Beynəlxalq oyunçuların" sülhə marağı necədir?

Azərbaycan-Ermənistan sərhədində baş verən son hərbi toqquşmalardan sonra Bakı və Yerevan arasında məsələnin həllində əsas rol oynayan Rusiyada və Qərbdə prosesə daha çox cəlb olunma meyilləri hiss edilir.

Son vaxtlar tərəflər arasında təmasların artdığını deyən təhlilçilər isə hesab edirlər ki, Rusiya və Qərb bu məsələnin həllinə maraq göstərsələr də, onların həll anlayışları bir-birinə ziddir.

Zaur Şiriyevin fikrincə, Rusiya üçün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hazırda rus sülhməramlıların müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində status məsələsinin tam həllini ehtiva etmir.

"Kreml sülh müqaviləsi ilə bu məsələnin həllini Rusiyanın Qarabağdakı hərbi dayağının itirməsi kimi səciyyələndirir. Qərb isə yekun sülh müqaviləsində bütün məsələlərin paket halında həllini dəstəkləyir, amma burada da Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatı və hüquqlarının qorunmasını sülh müqaviləsinin tərkib hissəsi kimi görür və müqavilədə əks olunmasını istəyir", - siyasi təhlilçi deyib.

O əlavə edib ki, bu yanaşmalara görə sülh müqaviləsində həm Rusiyanın, həm də Qərbin mövqeyi Azərbaycanı qane etmir.

Siyasi təhlilçi bunu rəsmi Bakının özünün təqdim etdiyi 5 prinsipə alternativ istəməməsi ilə əlaqələndirir.

Richard Giragosyan isə Rusiyadan daha çox hazırda Qərbin danışıqlara daha çox maraq göstərdiyini düşünür.

"Rusiya hazırda Ukraynada apardığı uğursuz müharibənin altında əzilir və Ermənistanla Azərbaycan arasında mövcud diplomatik münasibətlər nə ATƏT-in Minsk qrupu, nə də Rusiyanın birbaşa iştirakı ilə aparılır. Bu danışıqlar Brüssel və Washington-un paralel apardıqları diplomatik yanaşmadır ki, burada əsas məqsəd Ermənistan və Azərbaycan liderlərinin bir araya gəlməsi üçün uyğun platforma yaratmaq və bu imkanı genişləndirməkdən ibarətdir", - Giragosyan əlavə edib.

  • Fərid Həsənov
  • BBC News Azərbaycanca, Bakı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar