Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İran sərhədə qoşun yığır: “Rejim odla oynayır”

25-10-2020, 14:15   


İran sərhədə qoşun yığır: “Rejim odla oynayır”

"İran İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) Güney Azərbaycanın Quzey Azərbaycanla həmsərhəd olan bölgələrinə onlarla tank gətirib.
SEPAH-ın Quzey Azərbaycanın öz işğal altında olan Qarabağ torpağını erməni işğalçılarından təmizlədiyi bir vaxtda belə təhrikedici addım atmasının səbəbi məlum deyil.
Güney azərbaycanlılar sosial şəbəkələrdə tankların Təbriz- Mərənd istiqamətində aparıldığını əks etdirən videolar paylaşırlar.

Güney Azərbaycandan verilən məlumata görə, hərbi texnika Xudafərin istiqamətinə göndərilir. İddia olunur ki, İran bu tankları Ermənistana vermək üçün aparır.
“Əzələ nümayiş etdirmək istəyirsə, bu çox yanlışdır”
Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında deyib ki, "İran İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) Güney Azərbaycanın Quzey Azərbaycanla həmsərhəd olan bölgələrinə onlarla tank və digər silahlar daşıması təsadüfi deyil:

“Hər halda, Quzey Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və 7 rayonunu erməni işğalçılarından təmizlədiyi bir vaxtda SEPAH-ın belə təhrikedici addım atması səbəbsiz ola bilməz. Çox maraqlıdır ki, İran adlanan ölkə bu addımı məhz onunla Azərbaycan sərhəd bölgəsində olan torpaqlarımızı işğaldan azad etdikdən sonra atdı. İran rəsmiləri bir tərəfdən Quzey Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün apardığı hərbi əməliyyatları dəstəklədiyini bəyan etsə də, digər tərəfdən isə bir o qədər də xoşagəlməz addımlar atır. Hətta, qeyri-rəsmi mənbələrlə Quzey Azərbaycanı hədələyən informasiyalar da yayırlar.
Ən əsası odur ki, nədən Azərbaycan dövlətinin sərhədlərinə tank-top gətirmələri barədə rəsmi açıqlama vermirlər. Əlbəttə, İran adlanan ölkə Azərbaycan dövlətinin ərazi bütövlüyünü təhdid edə bilməz. Ancaq bununla hər hansı anlamda əzələ nümayiş etdirmək istəyirsə, bu da çox yanlışdır”.
“Onların narahatlığı Güneylə bağlıdır”
F.Ələkbərli deyib ki, İranın əsas narahatçılığı Güney Azərbaycanla bağlıdır: “Onlar Güney Azərbaycan türklərinin milli hərəkatının yenidən alovlanmasından çox qorxurlar.
Hər halda Quzey Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərpa etmək üçün başladığı əks hücum hərbi əməliyyatları rəsmi Tehranın qətiyyən maraqlarına cavab vermir. Biz, 28-30 il bundan öncə rəsmi Tehranın Qarabağ müharibəsində tutduğu ikili və xəyanətkar rolu unutmamışıq. Hələ, ondan sonra da rəsmi Tehran Qarabağ münaqişəsində sözdə Azərbaycan dövlətinin, əməldə isə Ermənistanın yanında yer alıb. Azərbaycan dövləti 27 sentyabrda antiterror hərbi əməliyyatlarına başladıqdan sonra da rəsmi Tehranın ikiüzlülüyü davam etdi.
Əslində bu gün, sərhəd bölgələrə tank-top gətirmələri də Azərbaycanın xeyrinə deyil. Əgər onları dövlət təhlükəsizliyi düşündürürdüsə, bunu indi yox, çoxdan etməliydilər. Mənə elə gəlir ki, Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın 2 gün öncə Həsən Ruhani ilə telefon əlaqəsi də təsadüfi deyil.
Ərdoğan Ruhaniyə diplomatik şəkildə başa salmağa çalşır ki, Azərbaycanın sizlə işi yoxdur, sizin də Azərbaycanla işiniz olmasın. Əks təqdirdə, Türkiyə Azərbaycanın arxasındadır. Məncə, rəsmi Tehran 30 il öncə etdiyi xəyanətlərindən və Türkiyənin qətiyyətli mövqeyindən nəticə çıxarmalıdır.
Artıq Ermənistana hərbi yardımdan da, əzələ nümayişindən də əl çəkməlidir. Molla rejimi odla oynadığının fərqinə olmalıdır. Rejimin başında dayananlar bilməlidirlər ki, milyonlarla Güney Azərbaycan türkləri ayağa qalxaraq, onları tarix səhnəsindən silmək gücündədir”.
Aydın
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar