Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan Ordusunun qırıcılardan istifadə etməməsinin səbəbi

31-10-2020, 10:51   




Hərbi ekspert: “Onların istifadəsinə heç bir əngəl yoxdur, sadəcə, taktiki planlı şəkildə davam edir...”

Azərbaycan ordusu düşmənin iki SU-25 qırıcı təyyarəsini işğaldan azad edilmiş ərazilərimizin yaxınlığında məhv edib.  Musavat.com xəbər verir ki, bu xəbər yayıldıqdan sonra oxucularımız üçün də maraqlı ola biləcək suallar ortaya çıxır.Məsələn, cəbhə bölgəsində bizim hərbi təyyarələr- qırıcı və bombardmançılar niyə işləmir? Digər bir sual isə qırıcı təyyarələrin havaya qalxmasına hər hansı bir beynəlxalq şərtin mane olub-olmamasıdır.
Hərbi ekspert Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında deyib ki, ermənilər Cəbrayıl, Zəngilan və Qubadlını itirdikdən sonra SU-25 təyyarələrini havaya qaldırıblar. “Amma unutduqları və ağıllarına gətirmədikləri bir məsələ var idi. Onlar bilmirdilər ki, artıq Azərbaycan Ordusu işğaldan azad etdikləri ərazilərdə lazım olan bütün tədbirləri görüb”- deyə ekspert qeyd edib.
Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”
Üzeyir Cəfərov
Üzeyir Cəfərov lazım olan bütün tədbirlər deyərkən əsasən Hava Hücumundan Müdafiə Qoşunlarının tam hazır vəziyyətə gətirilməsini nəzərdə tutur: “Həm də işğaldan azad edilən ərazilərimizdə müdafiə xətləri tam olaraq möhkəmləndirilib. Ermənilər düşünmürdülər ki, belə qısa zamanda işğaldan azad etdiyimiz ərazidə bütün müdafiə sistemini qüsursuz yaratmışıq. Bu mövzu açıldığı üçün bir daha onu qeyd etməliyəm ki, işğaldan azad edilmiş ərazilərdə bütün işlər paralel və sistemli şəkildə həyata keçirilir. Artıq Azərbaycan ordusu işğaldan azad etdiyi 134 kilometr ərazini tam nəzarətdə saxlayır” - hərbi ekspert əlavə edib.
Üzeyir Cəfərov bəzən sosial şəbəkələrdə və insanlar arasında “niyə bizim qırıcı təyyarələr havaya qalxmır” deyə yazılan fikirlərə də aydınlıq gətirib. Hərbi ekspert qeyd edir ki, qırıcı təyyarələrin havaya qalxmasına hər hansı bir qadağanın olması ilə bağlı deyilən fikrilər əsassızdır: “İndi müharibə gedir. Hər qərar və söz bizim komandanlığındır. Heç kim, heç bir qanun və ya qayda bizə qırıcı təyyarələrdən istifadəni qadağan edə bilməz. Müharibə başlayıb və biz nəzarət edirik. Heç kimdən də icazə almırıq və almamalıyıq da. Sadəcə, komandanlıq bu cür qərar verib. Belə qərar verilibsə, deməli, lazım olan, məsləhət bilinən taktika budur. Hərbi komandanlıq nə zaman istəsə, icazə versə, aviasiya işə düşəcək. Bu günə qədər verilən taktiki qərar qüsursuzdur və planlı şəkildə davam edir”.
Azərbaycan ordusuna məxsus təyyarənin qəzaya uğramasına nə səbəb ola  bilərdi? Təhlil - BBC News Azərbaycanca
Sonda Ü.Cəfərov Ermənistanın SU-25 təyyarələrinin sayı ilə bağlı da suala cavab verib.
Qeyd edib ki, rəqəmlə bağlı dəqiq məlumatı yoxdur. Amma onun sözlərinə görə ermənilərin digər hərbi texnikaları kimi Su-25 təyyarələri də tükənmək üzrədir: “Daha əvvəl də hərbi təyyarələrini vurmuşduq. Biri də özü qəzaya uğramışdı.
Bir məsələni də qeyd edim ki, ermənilər çətin bundan sonra havaya qırıcı təyyarə qaldırmağı düşünsünlər. Çünki onlar işğaldan azad edilən ərazilərimizin necə qorunduğunu gördülər".
İlkin MURADOV,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar