Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kəlbəcərdə nə qədər qızıl, civə var? - Statistika

25-11-2020, 12:15   




27 illik həsrətə son qoyuldu: Kəlbəcər bizimdir! Təxminən 27 il öncə 60 mindən artıq Kəlbəcər sakini soyuq qış günündə öz doğma evlərini tərk etmək məcburiyyətində qaldılar. İşğal nəticəsində 13 minədək fərdi mənzil, minlərlə inzibati və sosial tikililər, 37.852 ha meşə sahəsi işğalçı Ermənistan tərəfindən məhv edilib dağıdıldı.
Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.
"Sahəsi 3050 km² olan Kəlbəcər rayonu böyük iqtisadi potensiala malikdir. İşğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl, Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var.
Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları mövcuddur. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Kəlbəcər rayonunda cəmi 55 milyon 762 min manatlıq məhsul istehsal olunub. 27 illik Ermənistan işğalı rayonun potensialından istifadə olunmasına imkan verməyib.
Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur.
Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən varvarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarla ziyan dəyib. Ermənistanın bu rayonumuza da vurduğu ziyana görə təzminatın tələb edilməsi üçün ziyan məbləğinin dəqiq qiymətləndirilməsi aparılacaq. Bütövlükdə isə, Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur. Həyat və gülüş yenidən Kəlbəcərə qayıdır!"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar