Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kremlin Belarus planı: Putin iki variantdan hansını seçəcək?

20-08-2020, 12:15   


Kremlin Belarus planı: Putin iki variantdan hansını seçəcək?

Aleksandr Lukaşenko rejiminə qarşı Belarusda keçirilən etiraz aksiyaları regionda marağı olan xarici qüvvələri də qarşıdurmaya cəlb edib.
Belarus ətrafında Rusiya və Qərb arasında son dövrlərə qədər qapalı gedən rəqabət artıq açıq müstəviyə keçib.Rusiya A.Lukaşenkonun hakimiyyətdə qalmasını təmin etmək imkanları üzərində düşünür.Prezident Vladimir Putin A.Lukaşenkoya bununla bağlı vəd versə də, hələ Belarusa müdaxilənin siyasi və hüquqi prosedurlarını tapa bilməyib.Rusiya perezidenti İttifaq Dövləti və Kollektiv Təhülkəsilik Müqaviləsi Təşkilatı çərçivəsindəki razılaşmalara əsasən, Belarusun təhlükəsizliyini təmin etmək üçün hərbi müdaxilə edəcəyini bildirib.
Lakin həm Lukaşenko, həm də Putin bunun real olmadığını yaxşı anlayır.Çünki İttifaq Dövlətinin yaradılmasına dair 1999-cu ildə imzalanmış sazişin həyata keçirilməsi mexanizmləri müəyyənləşməyib.Vahid İttifaq Dövlətinin baş tutmamasının əsas səbəblərindən biri məhz A.Lukaşenkonun bu sənədə qarşı açıq çıxış etməsi olub.Lukaşenko Putinin bütün siyasi və iqtisadi təzyiqlərinə baxmayaraq, heç vaxt Rusiya qoşunlarının Belarusa yeridilməsinə razılıq verməyib.Ona görə də Lukaşenkonun Belarusu Rusiyaya güzəştə getmək hesabına hakimiyyətdə qalması inandırıcı görünmür.
Kollektiv Təhülkəsizlik Müqaviləsinin Belarusa müdaxilə etməsinə gəlincə, bu məsələdə də digər üzv dövlətlərin də bu təklifə etiraz edəcəyi şübhə doğurmur.Çünki Belarusun ərazi bütövlüyü və suverenliyinə kənar dövlətin hərbi müdaxiləsi nəticəsində təhlükə yaranmayıb.Belarusda seçkilərin keçirilməsi və kütləvi etiraz aksiyaları bu ölkənin daxili işidir.KTMT üzv dövlətlərdə hakimiyyətlərin müdafiəsi və etiraz aksiyalarının qarşısının alınması ilə məşğul olmur.Əgər belə olsa idi, o zaman 2005, 2010-cu illərdə Qırğızıstanda, 2018-ci ildə Ermənistanda baş verən dinc inqilabların yatırılmasında iştirak edərdi.Yəni KTMT-nin bu məsələyə müdaxilə etməyəcəyini bilən A.Lukaşenkonun Putindən yardım istəməsi daha çox Qərbi seçkilərin nəticələri ilə barışmağa hesablanmış taktiki gedişdir.Bu, Lukaşenkonun tez-tez “at gedişi” etməsi onun ənənəvi siyasi xarakteridir.Ona görə də Kremlin hələlik kifayət qədər ehtiyatlı mövqe nümayiş etdirdiyi müşahidə olunur.Rəsmi Moskva təbii ki, Belarusda Qərbyönlü qüvvələrin inqilab yolu ilə hakimiyyətə gəlməsini istəmir.Bu, Ukrayna münaqişəsindən sonra Rusiya ilə NATO arasında bufer zonaya çevrilmiş Belarusun ABŞ-ın nəzarətinə keçməsi deməkdir.Ancaq Rusiyanın getdikcə siyasi durumu ağırlaşan A.Lukaşenkonun hakimiyyətini qoruyacağına dair verdiyi vədlər də daha çox bəyanat olaraq qalır.Bu isə Putinin Lukaşenkodan istədiyi güzəştləri ala bilmədiyi qənaətini yaradır.Yüz minlərlə insanın küçə və meydanlarda olması əslində, Putinin hakimiyyət müqabilində Belarusu təslim etmək təklifindən yayınmaq üçün Lukaşenkoya siyasi divident yaradır. O, Putini inandırmağa çalışır ki, hakimiyyətdə qalması Rusiyanın təhlükəsizliyi üçün açar rolunu oynayır. Əks təqdirdə, Qərb Belarusda növbəti Saakaşvilini hakimiyyətə gətirəcək. Belarusun ərazi bütövlüyünün və suverenliyinin güzəştə gedilməsi isə siyasi partlayışa səbəb ola bilər. Yəni A.Lukaşenko əslində, daha çox Rusiyanın siyasi dəstəyi hesabına prezidentliyini təmin etməyə çaşılır.
Rusiya prezidentini tələsməməyə sövq edən digər amil Qərbin təzyiqləridir.Rusiya Belarusa hərbi müdaxilə edəcəyi halda, ABŞ-ın və Avropa ölkələrinin kəskin sanksiyaları ilə üzləşə bilər.Bu isə Ukraynaya təcavüzdən sonra Qərbin sanksiyaları altında əzilən Rusiya iqtisadiyyatı üçün daha ciddi problemlər yaradacaq.Üstəlik, son dövrlər Rusiya ilə münasibətləri yumşalmış Fransa, Almaniya, İtaliya, Macarıstan kimi ölkələri yenidən Kremldən üz döndərə bilər.Bu isə ABŞ-ın Avropadakı geosiyasi mövqelərinin güclənməsinə şərait yaradacaq.Artıq Rusiyanın Belarusa hərbi yardım təklifinin ABŞ Konqresində müzakirəyə çıxarılaraq tənqid olunması Putinə xəbərdarlıq məqsədi daşıyır.
“Kreml başqa bir Avropa ölkəsinin suverenliyini və müstəqilliyini pozmağa çalışarkən, Biz Prezident Vladimir Putinin Belarusdakı Lukaşenko rejiminə hərbi yardım göstərmək təklifini qətiyyətlə pisləyirik”- deyə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin bəyanatında qeyd edilir.
Vladimir Putinin Almaniya kansleri Angela Merkellə Belarusdakı vəziyyəti müzakirə etməsi , eləcə də ABŞ prezidenti Donald Trampla bu barədə danışıqlara başlaması Kremlin Ukraynadakı səhvləri təkrar etməmək istəyindən xəbər verir. Yəni, Rusiya və Qərb arasında geostrateji təhlükəsizlik sahəsində razılaşma əldə olunarsa, Rusiya Belarusdakı hakimiyyət dəyişikliyinə göz yuma bilər.
Rusiyalı politoloq Andrey Piantovski hesab edir ki, hazırda Putin Belarusla bağlı iki variantdan birini seçə bilər.“Düşünürəm ki, Putin Belarusda iki variantı nəzərdən keçirir.Əlbəttə ki, 1968-ci ildə Çexoslovakiyada və ya 1956-cı ildə Macarıstanda olduğu kimi geniş miqyaslı hərbi müdaxilə barədə söhbət gedə bilməz.Buna ehtiyac da yoxdur.
Birincisi Putin Lukaşenkoya dəstək verə bilər və hesab edirəm ki, artıq bunu edir.Lukaşenkoya nə lazımdır? Hadisələrin ilk üç günü göstərdi ki, cani Yuri Karayevin rəhbərliyi altında Xüsusi Təyinatlı Milis Dəstəsindən 1500 nəfər qəddar edamçı var. Problem onda idi ki, bu bütün Belarusa kifayət etmədi. Onlar Minskdəki etirazla məşğul ola bildilər. Lakin etirazlar bütün ölkədə baş verdi. Putin Belarus forması geyinmiş, eyni təlim keçmiş Rusiya Qvardiyasından 6 min cani göndərə bilər.Dil eyni olduğuna görə Putin hələ də Lukaşenko terrorunun güc tərkibini kəskin şəkildə artıra bilər.Bu istisna olunmur.Lakin bu variant da özünün nəticələrini verir.Beləliklə, Putin özünü tamamilə Lukaşenko və Karayevin cinayət siyasəti ilə bağlayacaq.Onlar daha bir neçə min insanı döyə bilər, bütün potensial liderləri təcrid edə bilər.Amma yenə də faydasızdır.
Ona görə də Putinin artıq açıqlamağa başladığı ikinci strategiya, əlbəttə ki, birtəhər Lukaşenkonu qurutmaq və Rusiyapərəst adlandırılan namiizədi seçkilərə salmaqdır.Bu həm Viktor Babariko, həm də Yuri Tsepkalo ola bilər. Ukraynalılar Tsepkalonun mövqeyini yaxşı bilirlər, o, tez-tez ölkəyə gedirdi və deyirdi ki, Krım unudulmalıdır. O, öz çıxışlarında Lukaşenkonu Rusiya ilə münasibətləri korladığına görə tənqid edirdi. Babariko və Tsepkalo tamamilə Kremyönlü namizədlərdir.Moskvanın məhz bu iki variant arasında tərəddüd etməsi, tamamilə qeyri-müəyyən siyasətə səbəb olur.Lakin Putin üçün ən vacib şey Belarusun, udulması, anşlyusudur.Kreml dilində buna dərin inteqrasiya deyilir.Əslində, Moskva buna yalnız son bir ildə deyil, bütün 25 ildə nail olub.Buna görə Lukaşenko ilə münasibətlər son aylarda çox pisləşib.Axı Putinə problemin zərif həlli üçün onu sıfırlamaq, daha dərin inteqrasiya lazım idi.Bunun üçün başçısı Putin olacaq tam hüquqlu ittifaq dövləti yaratdılar.Lakin Lukaşenko müqavimət göstərdi. O, Belarusun böyük vətənpərvəri olduğu üçün deyil. Sadəcə, diktator vəzifələrindən imtina etmək istəmirdi.Buna görə Putinlə Lukaşenko arasındakı münasibət qarşılıqlı nifrətdən ibarətdir.
İndi Lukaşenko hər şeyə hazırdır. O, Putinə zəng edir, "NATO-nun qara dərili qüvvələri" nin Belarusu, sonra Rusiyanı necə təhdid etməsindən danışır. Moskvada başa düşürlər ki, Lukaşenko artıq ölkəni sərf etməyə hazırdır.
Belarusda daha faciəli bir şey baş verə bilər.Bəlkə də bu növbəti qırğın dövrü olacaq.Lukaşenko 1500 nəfər təhlükəsizlik əməkdaşı ilə narazıların öhdəsindən gələ bilməyəcək.Lakin Putin bir neçə quduz edamı onun qarşısına ata bilər.Qısa müddətdə bu macəraya və cinayətə gedə bilərlər.Amma artıq aydındır ki, Kreml Belarusda əsaslı məğlubiyyətə uğrayıb və bundan sonra “anşlyus” olmayacaq.Putin Lukaşenkoya nə qədər yaxınlaşırsa, seçkilərdə hətta orta səviyyəli yarı rusiyapərəst bir namizədin - şərti olaraq Tsepkalonun və ya Babarikonun namizədliyini irəli sürmək şansı daha da azalır.
Belarusun Avropayönümlü kursunu daha dəqiq ifadə edən tamamilə yeni insanlar meydana çıxacaq. Buna görə də heç bir “anşlyus”un baş verməyəcəyinə əminəm. Müşahidə etdiyimiz hadisələrdən əsas nəticə budur ki, Belarusda vətəndaş cəmiyyəti doğulub, o, müstəqil və həqiqətən suveren bir dövlətə çevrilib.Bu “anşlyus”a heç vaxt imkan verməyəcək yüz minlərlə güclü, gözəl və inamlı insan gördük. Nə Lukaşenko, nə də Babariko və Tsepkalonu deyil”.
Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar