Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Moskva sülhməramlılarla bağlı Moldovaya xəbərdarlıq edir

1-12-2020, 10:12   


Peskovun jurnalistlərə deməsinə görə, Rusiya Dnestryanı bölgədə “çox vacib rol” oynayır və orada “status kvoda dəyişiklik sabitsizliyi ciddi şəkildə pozar”
Kreml Moldovanın yeni seçilmiş prezidenti Maya Sandunun separatçı Dnestryanı regiondan Rusiya hərbçilərinin çıxarılması çağırışlarını rədd edib, belə bir addımın “ciddi sabitsizlik” yarada biləcəyini deyib.

Avropa Birliyi ilə əlaqələri yaxınlaşdırmaq tərəfdarı olan Sandu Qərb və Rusiyayla münasibətləri balanslaşdırmaq vədi verib. O, iki həftə öncə prezident seçkisinin ikinci raundunda rusiyapərəst prezident İqor Dodonu məğlub edib.

“Status kvoda dəyişiklik”
Dünya Bankının keçmiş iqtisadçısı olan Sandu noyabrın 30-da Dnestryanı regiondan Rusiya hərbçilərini çıxarmağa, onları ATƏT-in mülki müşahidəçiləri ilə əvəzləməyə çağırıb. O, Moskva ilə dialoq istədiyini deyib.
“Biz öz ərazisində xarici hərbçiləri istəməyən müstəqil ölkəyik”, – Sandu mətbuat konfransında deyib.
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov isə buna cavabında deyib ki, Rusiya Kişinaudakı hakimiyyətin “konstruktiv” qalacağını gözləyir.
Peskovun jurnalistlərə deməsinə görə, Rusiya Dnestryanı bölgədə “çox vacib rol” oynayır və orada “status kvoda dəyişiklik sabitsizliyi ciddi şəkildə pozar”.
Atəşkəs əldə olundu və...
Dnestryanı region 1990-cı ildə vaxtkı sovet Moldovasından ayrılaraq müstəqillik elan edib. Moldova qüvvələri və Moskvanın dəstəklədiyi Dnestryanı region 1992-cı ildə qısamüddətli müharibə aparıb. O zaman Moldovanın qonşu Rumıniya ilə birləşə biləcəyi ehtimalı səslənirdi.
Rusiya hərbçiləri regiona girərək separatçıların tərəfini tutdu və münaqişə atəşkəs razılaşması ilə başa çatdı. Hazırda Dnestryanıda 1400-dək Rusiya hərbçisi sovet dövründən qalmış silah depolarını qoruyur. Regionun müstəqilliyini heç bir ölkə tanımayıb, ancaq Moskva rəsmən buradakı separatçı rejimi dəstəkləyir.

Moldovada noyabrın 15-də seçkinin ikinci turundan sonra Putin Sandunu təbrik edib. Bu seçki Ukrayna və Rumıniya arasında yerləşən ölkənin AB, yoxsa Moskva arasında seçim edəcəyinə dair referendum hesab olunurdu.
Sandu dekabrın 24-də prezident andı içəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar