Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sabah dünya bizi izləyəcək: Londonda başımıza nə gələcək? - RƏYLƏR

11-09-2017, 17:25   


Sabah doğma “Qarabağ” futbol klubumuz Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə çempionu “Çelsi” klubu ilə qarşılaşacaq.
Matç İngiltərənin məşhur “Stamford Bridge” stadionunda baş tutacaq.
Bu oyun Azərbaycan çempionunun Çempionlar Liqası çərçivəsində oynadığı ilk oyun olacaq. Buna görə də sabah bütün azarkeşlərin, o cümlədən Azərbaycan xalqının ürəyi “Qarabağ”la birlikdə döyünəcək.
Rəqib güclü və səviyyəli komanda olduğuna görə, azarkeşlərdə ilk oyunun həyacanı ilə birgə məğlubiyyət hissi də baş qaldırıb.
Publika.az bununla bağlı olaraq, ölkənin məşhur futbol şərhçilərindən və məşqçilərdən oyunla bağlı gözləntiləri və ehtimalları öyrəndi.
Şərhçi Emin Abbasov:
“Çempionlar Liqasında təmsilçimizin yer aldığı qrupdakı hər 3 rəqib güclü və səviyyəli komandalardır. Lakin bunların içində ən əzəmətlisi “Çelsi”dir. Bu, elə bir klubdur ki, bu gün onunla başa-baş mübarizə aparacaq komandalar “Barselona”, “Bavariya”, “Real” kimi klublardır. Bu klublara qarşı oynamaq isə ona görə çətindir ki, onlar üçlü müdafiə sistemindən istifadə edirlər. İlk oyunun məhz bu komandaya qarşı, həm də səfərdə keçirilməsi “Qarabağ” üçün çətin olacaq. Bu səbəbdən də biz sabah “Qarabağ”dan yalnız və yalnız mübarizə əzmini sərgiləyəcəyini gözləyirik. Ümid edirəm ki, “Qarabağ” rəqibin gücü qarşısında rahat şəkildə təslim olmayacaq.
Çempionlar Liqası Azərbaycan üçün yeni bir təcrübədir. Düzdür, təmsilçimiz Avropa Liqası çərçivəsində “Tottenhem”lə oynamışdı və müəyyən qədər təcrübə toplamışdı. Lakin nəzərə almaq lazımdır ki, bu "Tottenhem" deyil, daha güclü bir rəqibdir.
“Qarabağ” bu turda məcburdur ki, müdafiə taktikasında oynasın. Çünki oyunların gedişatı bunu tələb edəcək. Buna görə də “Qarabağ” imkan daxilində topu özündə saxlayaraq müdafiə olunacaq və fürsət tapan kimi əks hücuma keçəcək. Düzdür, bu komandanın oyun tərzi deyil, lakin artıq taktikanı dəyişdirmək lazım gələcək.
Məşqçi kimi, əminəm ki, Qurban Qurbanov öz ideyalarını artıq oyunçulara bildirib. Lakin rəqibin heyətində elə oyunçular var ki, onlardan birinin qiyməti az qala “Qarabağ”ın büdcəsindən 5 dəfə çoxdur. Bütün bu üstünlükləri nəzərə alaraq komandamızın qələbəsi haqqında danışmaq real olmayacaq.
“Qarabağ”ın yeni transferlər etməsinə baxmayaraq, sabahkı oyunda onları strat heyətində görmək inandırıcı məsələ deyil. Çünki, yeni oyunçunun komandaya uyğunlaşması zaman tələb edən prosesdir. Mən gözlərmirəm ki, birbaşa start heyətində yeni oyunçu çıxış edəcək. Lakin sabah onları ehtiyat oyunçular skmayasında görə bilərik. Ramil Şeydayevi isə ümumiyyətlə yaxın gələcəkdə keçirilən matçlarda görəcəyimizə inanmıram. Çünki bu cür güclü rəqiblərə qarşı Dino Ndlovu komandaya daha çox xeyir gətirir.
Hər şeyə rəğmən, unutmayaq ki, bu futboldur və burada gözlənilməz hər şey gerçəkləşə bilər. Lakin nəzərə almaq lazımdır ki, iki komanda arasında heç bir komponentdə uyğunluq yoxdur. “Çelsi”dən hər hansı bir parametrdə üstünlüyümüz olmadığına görə, mən yalnız mübarizəyə köklənmiş və təslim olmayan bir “Qarabağ” oyunu gözləyirəm”.
Şərhçi Gündüz Abbaszadə:
“Qarabağ” üçün bura qədər gəlib çıxmağın özü böyük bir uğurdur. Bəzi futbol funksionerlərinin, klub rəsmilərinin həvəslə şəkil çəkdirdiyi, cibindən pul ödəyib tur təşkil etdirdiyi, muzeyində gəzdiyi stadionda sabah “Qarabağ” oyuna çıxacaq. Bundan gözəl nə ola bilər ki? Bu komandamızı istəməyənlərə və ona şübhə edənlərə ən gözəl cavabdır. “Qarabağ” bura qədər alnının təri, biləyinin haqqı ilə gəlib çıxıb. Bundan sonra nə olursa-olsun, Çempionlar Liqasına düşmək bizim üçün ayrılıqda bir qalibiyyət və bayramdır.
Hətta, hesab 5:0, 6:0 olsa belə, "Qarabağ"ın özünəməxsus oyun sərgiləyəcəyini və bu sınaqdan layiqli şəkildə çıxacağını gözləyirəm. Mənim üçün “Qarabağ”ın “Stamford Bridge”ə ayaq basması belə tarixi bir bayramdır”.
Şərhçi Pərviz Musayev:
“Təbii ki, bizim üçün ən yaxşı hesaba ümid edirəm. “Çelsi” təqdimata ehtiyacı olmayan bir komandadır. Məlum məsələdir ki, sabahkı oyunun favoriti rəqib klub olacaq. Biz istənilən halda bu reallığı qəbul etməliyik. Deyə bilmərəm ki, qələbə qazanacağımıza inam böyükdür. Unutmamaq lazımdır ki, bu futboldur. Burada hər şey ola bilər. Ancaq bir azarkeş olaraq, uğurlu nəticəyə inanıram.
Bütün hallarda “Qarabağ” həm ölkə daxilində, həm də xaricində onu istəməyənlərə imkan verməyəcək ki, haqqında mənfi təəssüratlar yaratsınlar. İnanırıq ki, sabahkı oyundan sonra komandamızı istəməyənlər artıq bizə yuxarıdan aşağı baxa bilməyəcəklər.
“Qarabağ” “ Kopenhagen”lə sırf nəticəyə köklənmiş bir oyun oynayırdı. Lakin indi “Kopenhagen”lə “Çelsi”ni də bir tuta bilmərik. Nəzərə almaq lazımdır ki, “Çelsi” ilə oyun xal oyunudur. Buna görə də “Qarabağ” həm sabah, həm də bütün tur oyunlarında xal toplamalıdır.
Düşünmürəm ki, komandamız “Çelsi” ilə açıq oyun oynayacaq. Çünki açıq oyun bizə xoş olmayan nəticələr gətirə bilər. Buna görə də ehtiyyatlı oyun izləyəcəyimizi gözləyirəm. Ancaq bu o anlama gəlməsin ki, “Qarabağ” sırf müdafiə haqqında düşünəcək və yaxud arxada oturacaq. Çünki “Qarabağ” istənilən komanda ilə oynamaq bacarığına malikdir.
Komandamız öz oyununu oynaya bilsə, çox gözəl olar. Ancaq nəzərə almaq lazımdır ki, istənilən komanda rəqibinin ona verdiyi imkan çərçivəsində oyun sərgiləyir. Rəqibimizin “Çelsi” olduğu təqdirdə, bu imkanın nə qədər məhdud olduğunun fərqində olmalıyıq.
Yeni transferlərimizin sabahkı oyunda iştirakı onların komandaya nə dərəcədə alışdığından asılıdır. Bu da çətin məsələdir. Qurbanovun yeni gələn oyunçunu nadir halda rəsmi oyuna buraxdığının şahidi olmuşuq. Bu halı Jezniçakın transferi zamanı da gördük. Mənə elə gəlir ki, baş məşqçi start heyətini riskə buraxmayaraq, oturuşmuş, sınaqdan keçmiş heyətlə oyuna gedəcək.
İçimizdə həm həyəcan, həm ümid, həm də məğlubiyyət qorxusu var. Lakin bununla belə, sabah bütün ürəklər “Qarabağ”ın atdığı addımlarla birgə döyünəcək.
Yaxşıya ümid edək ki, yaxşı da olsun”.
Azərbaycan milli komandasının sabiq baş məşqçısı Şahin Diniyev:
“Komandamız Çempionlar Liqasına düşməklə artıq qalib sayılır. Çünki tur keçmək bizim üçün mümkünsüz bir şeyə çevrilmişdi. Məlum məsələdir ki, “Çelsi” həm komandanın büdcəsinə, həm futbolçuların gücünə görə təmsilçimizi üstələyir. Bu matç bizim üçün həm bir imtahan, həm də təcrübədir. Bu təcrübə gələcəkdə “Qarabağ” üçün böyük bir avantaj olacaq.
Sabahkı matçdan tək gözləntimiz müəyyən dəqiqələrdə “Çelsi”yə çətin anlar yaşatmaqdır. “Qarabağ”ın belə güclü rəqibə 90 dəqiqə çətinlik yaratması absurd məsələdir. Bu məqamlar bizə komandamızın liqaya təsadüfən düşmədiyini sübut etmək üçün lazımdır. “Çelsi” ustalıq baxımından “Qarabağ”ı üstələyə bilər, ancaq motivasiya, əzmkarlıq komandamızı irəli çəkən əsas faktorlar olacaq.
Mənə elə gəlir ki, “Qarabağ” yeni transferlərini sırf bu oyunlar üçün edib. Qarşımızda uzun bir turnir olsaydı, transferlərin komandaya adaptasiya olmasına razılıq vermək olardı. Bunun üçün də vaxt tələb olunur. Lakin bizim bu qədər vaxtımız olmadığı üçün düşünürəm ki, transferlər tez bir zamanda start heyətində yer alacaq.
Sabah “Kopenhagen” matçından daha fərqli bir oyun izləyəcəyimizə əminəm. Futbolçular da, məşqçilər də dərk edirlər ki, “Çelsi” “Kopenhagen” deyil, bu səviyyəcə çox-çox yüksək bir komandadır”.
Şərhçi Elnur Əşrəfoğlu:
“Çempionlar Liqasının ilk oyununda iştirak etməklə “Qarabağ” yazacağı tarixin başlanğıcını qoyur. Deməzdim, burada şans, bəxt kimi faktorlar hər hansı rol oynayacaq. “Qarabağ” elə bir platformada, elə bir səbətdə iştirak edir ki, rəqiblər əlbəttə, çətin komandalar olacaq. Biri İngiltərə çempionu, biri İtaliya çempionu, digəri isə İspaniyanın ən güclü komandalarından...
Bu rəqiblər çalışacaqlar ki, məhz “Qarabağ”la görüşdə xal itirməsinlər, üstə gəl mümkün qədər çox vursunlar ki, növbəti mərhələyə çıxmaq üçün bu şans onların işinə yarasın. Bu baxımdan “Qarabağ” üçün çox çətin olacaq.
Sabah heç-heçə, yaxud qələbənin deyil, böyük biabırçılıq yarada biləcək hesabın qarşısını almaq lazımdır. Lakin böyük fərqli hesab olsa belə, komandanı başa düşmək və ev oyunlarında sonacan dəstək göstərmək lazımdır. Çünki bu dəstəyə onların böyük ehtiyacı var. Ola bilsin ki, qarşıdakı 5 ildə Çempionlar Liqasına düşmək şansımız olmasın. Ona görə də hazırki şansı dəyərləndirmək və doya-doya yaşamaq lazımdır”
Azərbaycan milli komandasının sabiq baş məşqçısı Vaqif Sadıqov:
“Sabah bizim çempionumuz Avropanın ən güclü komandalarından biri ilə mübarizə aparacaq. “Qarabağ” əsl gücünü və simasını məhz bu matçda ortaya qoyacaq. İnanıram ki, “Qarabağ” layiqli rəqibi ilə mübarizə aparıb Avropada səs sala biləcək. Mən həmişə dönə-dönə vurğulayıram ki, “Qarabağ”ın gücü birlikdədir. Komandanın əlavə dəstək gücü onun yeni transferləridir. İnanıram ki, bu transferlər də vahid bir komanda şəklində çıxış etməyi bacaracaq və komandanın gücünə güc qatacaq.
Ola bilsin ki, rəqib “Qarabağ”ı taktiki gedişləri dəyişdirməyə məcbur edəcək. Lakin komanda öz oyun üslubunu dəyişdirməməlidir. Çünki, o məhz bu üslub sayəsində Avropada çıxış etməkdədir. ən vacib məqam ondan ibarətdir ki, “Qarabağ” heç kimdən çəkinmir. Mən buna bütün qəlbimlə inanıram.
Onsuz da, “Stamford Bridge”də himn səsləndirmək, çıxış etmək “Qarabağ”ın ən böyük uğuru və qələbəsidir. Sabah nəticə nə olur-olsun, bu uğur bizə illərlə bəs edəcək”.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar