Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Qonşu ölkələr arasında son 14 gündə ən böyük artım Azərbaycanda qeydə alınıb" - ÜST nümayəndəsi

26-06-2020, 09:32   


Azərbaycan koronavirus

Qonşu ölkələr arasında son 14 gündə ən böyük artım Azərbaycanda qeydə alınıb, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəsi Hande Harmancı bildirib.

O, cümə axşamı günü Nazirlər Kabineti yanında operativ qərargahda keçirilən brifinqdə deyib ki, bu müddət ərzində Azərbaycanda "50 faizdən çox artım müşahidə edilib".

"Pandemiya hələ bitməyib. Burada yoluxma hallarının sayı artır. Bu yoluxmanın və yayılmanın qarşısını almaq hamımızın məsuliyyətidir. Ən vacib qabaqlayıcı tədbir fiziki məsafənin qorunmasıdır. Hər kəs gündəlik həyatda, əsasən də ictimai yerlərdə fiziki məsafəni qorumağa diqqət etməlidir", - Hande Harmancı qeyd edib.

ÜST rəsmisi Avropada pandemiya ilə bağlı vəziyyətin yaxşılığa doğru getdiyini, lakin qlobal vəziyyətin "ürəkaçan olmadığını" söyləyib.

"Pandemiyanın sürəti artır. Pandemiyanın əvvəlində ilk 100 minə çatması üçün tələb olunan vaxt 2 ay olmuşdu, son 24 saatda isə 180 minə yaxın yeni yoluxma halı qeydə alınıb. Avropada vəziyyət yaxşılığa doğru gedir".

Hande Harmancı virusa inanmayan insanlara müraciət edərək bildirib ki, tədbir görülməsə "gec ola bilər".

"Siz ailənizdəki insanların virusa yoluxduğunu gördüyünüz zaman çox gec olacaq. Ona görə, mütləq qabaqlayıcı tədbirlərə əvvəl başlamaq lazımdır. Görmədən inanmayan insanlar üçün bu çox çətin şeydir, amma gördüyünüz zaman çox gec ola bilər. Bunun üçün fiziki məsafə və gigiyena qaydalarına riayət edilməlidir. Virus daha da artacaq. Hər bir şəsx özünü və ailəsini qorumaq üçün tədbir görməsə, daha da artım müşahidə edəcəyik".

Karantin rejimi sərtləşdirilə bilərmi?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib ki, karantin rejiminin sərtləşdirilməsi və ya uzadılması Azərbaycanda qeydə alınan koronavirus statistikasından və insanların davranışından asılıdır.

O, bəzi vətəndaşların karantin qaydalarını pozaraq icazəsiz küçəyə çıxmasına və bir araya toplaşmasına irad bildirib.

"Yaşından asılı olmayaraq hər bir vətəndaşımız bu xəstəliyin fəsadlarını dərk etməlidir. Cəmiyyətin hər bir fərdi özü-özünü qorumursa, bunun qarşısını almaq çox çətindir. İnsanlar hər biri özü-özünə nəzarət etməlidir və ya cəmiyyət bir-birinə təzyiq göstərməlidir. Hər bir təzyiqin göstərilməsini, hər bir nəzarəti hansısa dövlət qurumundan gözləmək düzgün deyil".

Hansı xəstələr evdə müalicə alacaq?

Yaqut Qarayeva koronavirusun "heç bir simptomu olmayan və ya az simptomu olan vətəndaşların" evdə müalicə almasının planlaşdırıldığını bildirib.

"Əvvəl yoluxanların ümumi sayı və aktiv xəstələrin sayı az olanda biz çalışırdıq ki, hər bir vətəndaşımızı izolyasiya etmək məqsədilə müalicə olunmasalar belə müşahidə məqsədilə xəstəxanalarda saxlayaq. Sonralar daha ağır xəstələrin evdə qalmaması üçün, müalicəyə ehtiyacı olan xəstələrin xəstəxanalarda müalicə olmaq şansı olmaq şansı olsun deyə qərar verdik ki, daha yüngül xəstələr evdə müalicə olunsun, ağır xəstələr xəstəxanalara yerləşdirilsin. Heç bir simptomu olmayan xəstələrin hər hansı bir xüsusi müalicəyə ehtiyaca olmayacaq. Evdə müşahidə olunan hər bir vətəndaş mütləq şəkildə elektron sistemdə qeyd olunacaq."

TƏBİB nümayəndəsi xəstəxanalarda müalicə alan bütün vətəndaşların müalicəsinin dövlət hesabına aparıldığını söyləyib.

Yaqut Qarayeva brifinqdə Azərbaycanda koronavirus testi aparılan özəl laboratoriyaların seçim meyarı barədə verilən suala cavabında deyib ki, bu laboratoriyalar "4 ay işin nəticəsində seçilib".

"Bu proses başlayandan laboratoriyaların imkanlarının artırılması yönündə proseslər gördük. Laboratoriyalar bizimlə 4 aydır çalışan laboratoriyaların içərisindən seçilib, məhz bu iş üçün ayrılan laboratoriyalar deyil. Biz sadəcə onlara təklif etdik ki, bu işi kim özəl şəkildə həyata keçirə bilər. Hansı laboratoriyalar bu işin altına girə biləcəyini bəyan etdisə, bu işlər onlara həvalə olundu."

BMT Azərbaycana texniki yardım göstərəcək

BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai deyib ki, "hökumət bu virusla təkbaşına mübarizə apara bilməz, bu işdə cəmiyyətin hər bir üzvünün xüsusi məsuliyyəti var".

Cənab İshaqzai virusun iqtisadiyyata təsirindən danışıb.

"Bilirəm, həm dünyada, həm də Azərbaycanda bu təcrid proseslərindən müəyyən yorğunluq hissi var. Bu məsələlər insanların əhval-ruhiyyəsinə təsir edir. Bəziləri işə getmək istəyir, kiçik biznes sahibləri pandemiya nəticəsində kifayət qədər ciddi iqtisadi ziyanla üzləşib. Lakin biz hamımız bilməliyik ki, virusa qalib gələ bilməsək iqtisadiyyatı bərpa etmək mümkün olmayacaq".

Qulam İshaqzai BMT-nin hazırda sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycana texniki yardımın göstərilməsi yönündə İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti ilə müzakirələr aparıldığını söyləyib.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

İndiyə kimi Azərbaycanda 15 minə yaxın şəxs koronavirus infeksiyasına yoluxub, 180 nəfər vəfat edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar