Sizin Reklam Burada

İqtisadiyyat üçün “qısır döngə”: Manata daha risk yoxdur?

1-09-2020, 13:04   


İqtisadiyyat üçün “qısır döngə”: Manata daha risk yoxdur?

“Fitch Ratings” reytinq agentliyinin büdcə dəyişiklikləri ilə bağlı açıqlamasında bildirilib ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə edilən dəyişiklik digər məsələlərlə yanaşı, ABŞ dollarının məzənnəsinin 1,7 manat həddində saxlamasına imkan verəcək.
Manatın məzənnəsinin sabit qalmasına Dövlət Neft Fondunun(ARDNF) nəzərdə tutulandan daha çox olan köçürmələri də dəstək olacaq. Eyni zamanda agentlik ARDNF-nun dövlət büdcəsində 6.7 milyard nəzərdə tutulan köçürmələrin 7.2 milyarda qaldırıldığını da xatırladıb.
Bununla manat post-pandemiya dövründə devalvasiya təhlükəsindən qurtulmuş hesab olunurmu?
Tanınmış iqtisadçı- ekspert Natiq Cəfərli “Cümhuriyət”ə açıqlamasında bildirib ki, manatın məzənnəsinin sabit saxlanılması uğur kimi təqdim olunmamalıdır:
“Ümumiyyətlə, beynəlxalq reytinq agentliklərinin açıqlaması onu deməyə əsas verir ki, Azərbaycanda məzənnə siyasəti inzibati qaydada tənzimlənir. Yəni artıq beynəlxalq agentliklər də bunu bilirlər və inzibati qaydada tənzimlənən məzənnə rejiminin alqoritmini hesablamağa çalışırlar. Çünki Azərbaycanda hökumət və Mərkəzi Bank məzənnəni siyasi stabillik faktoruna çevirib. Yəni məzənnə iqtisadi faktor olmaqdan çıxıb. Əslində indiki məzənnə rejimi Dövlət Neft Fondunun üzərinə əlavə yük olmaqla bərabər, həm də xarici ticarətdə əlimizi zəiflədən bir sistemdir. Çünki qonşu ölkələr, əsasən də Türkiyə və Rusiya qeyri- neft sektorunda bizim əsas ticarət tərəfdaşımızdır. Bu ölkələrdə milli valyutalar- rubl və lirə dəyərdən düşüb. İlin əvvəlindən lirə 26 faiz, rubl isə 20 faizə yaxın dəyərdən düşüb. Həmin ölkələrdən idxal stimullaşdırılır. Yəni ölkəyə mal gətirilməsi daha sərfəli olub. Ona görə də yerli istehsal bundan ziyan görür. Manatın məzənnəsinin sabit saxlanılması həmişə uğur kimi təqdim olunur. Lakin bu uğurdurmu? Bax, əsl sual budur. Manatın məzənnəsi sabit saxlanarkən yerli istehsal sahələrinə onun vurduğu zərər heç vaxt hesablanmır. Bu çox ciddi məsələdir. Təbii ki, resurslar var və Neft Fondunun resursları hesabına manatın məzənnəsini sabit saxlamaq mümkündür. Amma bu bizə sərf edirmi? Xeyr”.
Ekspert hesab edir ki, devalvasiya prosesi müəyyən problemlər gətirsə də buna getmək vacibdir:
“Döğrudur, devalvasiya prosesində bir- biri ilə bağlı məsələlər var. Yəni devalivasiya zamanı inflyasiya arta bilər. Ölkə idxaldan asılıdır və idxal mallarının qiyməti qalxa bilər. Lakin bunlar bir- birini bəsləyən məsələlərdir. Elə bil ki, Azərbaycan hazırda “qısır döngə”yə girib. Məzənnəni sabit saxladıqca yerli istehsal azalacaq və stimullaşmayacaq.
Stimullaşmadıqca da, məzənnə qalxdıqca da yerli bazarda qiymətlər qalxacaq, inflyasiya olacaq. Günün birində Azərbaycan devalvasiya getmək seçimini etmək məcburiyyətində qalacaq. Ola bilər ki, indiki vəziyyət, yəni pandemiya, karantin şəraiti manatın məzənnəsini inzibati qaydada saxlamaq labüddür. 2020-ci ilin sonunadək bu siyasəti davam etdirmək olar. Amma gələn ilin büdcəsini formalaşdıranda artıq Azərbaycan hökuməti və Mərkəzi Bank seçim etmək qarşısında qalmalıdır. Ya biz doğrudan da liberal bazar iqtisadiyyatına keçəcəyik, manatın məzənnəsini iqtisadi kateqoriya kimi görəcəyik, bunu sabitlik simvolu, fəxr mənbəyi kimi təqdim etməyəcəyik, bu yerli istehsalın stimullaşdırılmasına kömək olacaq, ya da bu gediş yerli istehsalı sıradan çıxaracaq. Biz heç bilmirik ki, hazırda manatın məzənnəsi neçədir. Mərkəzi Bankı bunu 1.70 civarında inzibati qaydada tənzimləyir. 3 ildir də belədir. Belə bir şey mümkündürmü? Mümkün deyil. Bazar iqtisadiyyatında bu məzənnə ya bir az azalmalı, ya da artmalıdır. Belə sabit saxlanılması manatın məzənnəsinin iqtisadi kateqoriyadan çıxdığını göstərir ki, bu heç də liberal bazar dəyərləri ilə uyğunlaşmır”.
N. Cəfərli əlavə edib ki, manat 2020-ci ilin sonunadək devalvasiya riskindən qurtulub:
“Məntiq onu deməyə əsas verir ki, bu ilin sonunadək inzibati rejimdə manatın məzənnəsini sabit saxlamaq mümkündür. Amma gələn ilin büdcəsinin formalaşdırılması üçün dekabr ayında müzakirələr başladılacaq. Gələn ilin büdcəsinin yeni məzənnə ilə hesablanması daha məntiqli olar ki, bu həm ixracatı, həm turizmi, həm də yerli istehsalı stimullaşdırdın. Yəqin ki, gələn il dünyada qapalı mərkəzlər açılacaq. Çünki belə davam edə bilməz. Bu proseslərin, yəni yerli istehsalın və turizmin stimullaşdırılmasına manatın indiki məzənnəsi ciddi maneə yaradır. Dekabr ayınadək belə məzənnə rejiminin davam etdirilməsi mümkündür. Manatın məzənnəsini daha iki il də inzibati yolla sabit saxlamaq olar. Yəni hər il 3- 4 milyard pul xərcləyib məzənnəni sabit saxlamaq olar. Lakin düşünmək lazımdır ki, bu Azərbaycanın iqtisadi modelinə ziyandır, yoxsa xeyr? Bu suallar hökumət tərəfindən ciddi düşünülməlidir”.
Əli Bədir
Cebhe.info
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar