Sizin Reklam Burada

Dünyanı bürüyən qlobal böhran: Azərbaycanı nə gözləyir?

7-09-2020, 14:36   


Dünyanı bürüyən qlobal böhran: Azərbaycanı nə gözləyir?

Mütəxəssislər ilin sonunadək dünyada iqtisadi böhran olacağını proqnozlaşdırıb.
Bu barədə narahatlığını ifadə edən “Pacific Investment Management”in qlobal iqtisadiyyat üzrə müşaviri İoaxim Fels bütün ölkələrdə tezliklə tənəzzülün başlayacağını qeyd edib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin hökumətləri pandemiya dövründə iqtisadiyyatı mümkün qədər normal vəziyyətə gətirmək üçün trilyonlarla dollar xərcləyib. Elə bunun sayəsində avqust ayında ABŞ-da işsizlik kəskin şəkildə azalıb və mənzil bazarında vəziyyət yaxşılaşıb. Həmçinin xərclənən vəsait hesabına Çin iqtisadiyyatı bərpa olunub, Almaniyada istehsal artıb.
Ancaq proqnozlara görə, ilin sonunadək bu mövqeyi qoruyub saxlamaq çətin olacaq və bütün ölkələrdə iqtisadiyyatı stumullaşdırmaq üçün aparılan səylər fayda verməyəcək.
Belə bir şəraitdə Azərbaycanı nə gözləyir?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda artıq iqtisadi tənəzzülün başlandığını deyib.
Onun sözlərinə görə, bu, ilin sonuna qədər daha da dərinləşəcək:
“Dünya ölkələrinin, hətta inkişaf etmiş ölkələrin tarixdə görünməmiş bir vəziyyətin- ümumdaxili məhsulunun aşağı düşməsinin şahidi oluruq. Britaniyada az qala iqtisadi azalmalar 30 faizə çatıb. Britaniya tarixində belə bir şey olmayıb. Dünya ortalamasında əvvəl ümumdaxili məhsulun 6 faizə qədər azalacağı gözlənilirdisə, indi gözlənti 2 dəfə çox, yəni 11-12 faizə qədərdir. Pandemiyanın təsirləri dalğa-dalğa gəlir, bu bir düymə ilə yandırılıb söndürülmür. İqtisadiyyat qəliz, proseslər daha dərindir. Ona görə də hökumətlərin atdığı addımlara baxmayaraq, problemlər dərinləşir. İnsanların alıcılıq qabiliyyətləri və alıcılıq alışqanlıqları, çox şey dəyişir. Bu baxımdan, dünyada ilin sonuna qədər iqtisadi tənəzzülün dərinləşməsi ehtimalı çox yüksəkdir. Azərbaycanda da ümumi daxili məhsulun 2,7 faiz azalması müşahidə olunur. Çox güman ki, dəqiqləşdirilmiş rəqəmlər də ortaya çıxacaq. Çünki bu rəqəm ilkin hesablamadır və tənəzzül bundan iki dəfə çox, təqribən 5-6 faiz civarında olacaq”.
İqtisadçının fikrincə, dünyadakı son proseslər Azərbaycana iki yöndən təsir edəcək:
“Pandemiya təqribən mart ayının ortalarından etibarən Azərbaycan iqtisadiyyatını dondurdu. Bir çox sahələr hələ də tam gücü ilə işləyə bilmir və yaxın gələcəkdə də işləməsi mümkün deyil. Turizm sektoru tamamilə çökdü. Yəni 2020 turizmin çökməsi ili kimi tarixə düşəcək. İctimai iaşə müəssisələrində problemlər var, tam açılmır. İnsanların davranış qaydalarında problemlər var. Həm xərclənmə alışqanlıqları dəyişib, həm də gəlirləri azalıb. İqtisadiyyat elə bir sahədir ki, istehlak olmasa, inkişaf olmur. İnsanlar istehlaka pul xərcləmir, əsasən ərzağa və tibbi ehtiyaclara pul ayırır, digər sahələrə pul ayırmaq istəmirlər. Həmçinin insanların gəlirləri azalıb. Digər təsir edən məqam isə neftin qiymətləridir. Azərbaycan neftin qiymətindən asılı ölkələrdəndir. Neftin qiymətinin 40 dollar civarında olması və bu ilin ortalama qiyməti 35-40 dollar arasında olacağı ehtimalı Azərbaycanın xarici ticarət dövriyyəsinə, valyuta gəlirlərinə də mənfi təsir göstərir. Bu nöqteyi-nəzərdən Azərbaycanda iqtisadi tənəzzülün daha uzunmüddətli olma ehtimalı yüksəkdir”.
Alçina Amilqızı
Cebhe.info
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar