Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putinin “sülh göyərçinləri”: Qarabağda yarımçıq qələbə, yoxsa?

12-11-2020, 09:23   


 

44 gün çəkən müharibə Naxçıvan ərazisində vurulan rus helikopteri, sonra gecəyarısı Xırdalan səmasında zərərsizləşdirilən, indiyə qədər açıqlaması verilməyən raketin səsinə qəflət yuxusundan oyanan xalqa sübhün açılmasını gözləmədən çatdırılan bəyannamə ilə yekunlaşdı.

Anaxeber.info bildirir ki, parlament tərəfindən ratifikasiya edilməyən, xalqla məsləhətləşmədən imzalanan sənəd 10 noyabrdan müzakirə olunur, geniş mübahisələrə səbəb olur. Cəmiyyət ikiyə haçalanıb.

Xalqa elan olunan razılaşma və Ermənistanın faktiki hərbi kapitulyasiyası ilə nəticələnən proses gecə yarısından iki tərəfdə müxtəlif qarşılandı: Bakı səhərə qədər bayram edir, İrəvanda isə qəzəblənmiş xalq parlamentə hücum çəkib, hesabat tələb edirdi.

Lakin indi hər iki tərəfdən - Ermənistan və Azərbaycan cəmiyyətlərindən öz hökumətlərinə suallar güllə kimi yağır.

Yəni eyforiyanı soyuq ağılla düşünmək əvəzləyir. Hamı düşünür ki, görəsən bu, bütöv qələbədir, yoxsa Dağlıq Qarabağ gələcək nəsillərə mübahisəli qalır?

Məğlub tərəf bu rüsvayçılığın səbəblərini soruşur, Paşinyan iqtidarını sənəddən imtina etməyə çağırır, qalib tərəf - azərbaycanlılar isə müqavilədəki bəndlərin incəliklərini öyrənmək, rus sülhməramlılarının Laçının 5 kilometrliyinə yoxsa, bütün Qarabağa nəzarət edəcəyini bilmək istəyir.

Ümumiyyətlə, cəmiyyəti maraqlandıran, əndişələndirən, tarixdə yaşadıqlarımızdan və rus fobiyasından irəli gələrək narahat edən nüanslar, suallar həddindən çoxdur. Amma siyasi rəhbərlik səviyyəsində bu məsələlərə hələlik heç bir aydınlıq gətirilməyib.

İctimaiyyətə razılaşmanın məlum olan bir müddəasıdır - Kəlbəcər, Ağdam və Laçın boşaldılır. Hərçənd, erməni rəsmilər oradakı erməni əhalini çıxmamağa çağırır.

Digər bənd isə budur - Qarabağda yalnız rus sülhməramlıları yerləşir. Türkiyə sülhməramlıları daimi nəzarət etmir, sadəcə, monitorinq aparır.

Türkiyə və Rusiya monitorinq mərkəzi təsis edir və birgə hərəkət edirlər. Lakin bu anlaşma cəmiyyətə son dərəcə qorxunc təqdim edilir.

Sanki Azərbaycan Qarabağı ermənilərdən azad edərək ruslara bağışlayıb. Kökündən yanlış təsbitdir. Çünki Qarabağın statusu yoxdur.

Halbuki son illərə qədər sövdələşmə Dağlıq Qarabağa yüksək status verilməsini nəzərdə tuturdu, rəsmi Bakı da buna razıydı. Yəni Madrid prinsiplərinə əsasən 5+2 formatında əvvəlcə beş ətraf rayon qaytarılır, sonra ikisi...

İndisə 5 rayon alınıb, 3 rayon güllə atılmadan boşaldılır, Ermənistan silahlıları Qarabağdan çıxır, status yoxdur, yalnız Xankəndi, Xocavənd, Ağdərə, Xocalı və digər yerlərdə qalan erməni mülki əhalisinə mədəni muxtariyyat verilə bilər. Hələ o da bəlli deyil ki, onlar qalacaqmı, bizim qanunlarla yaşayacaqmı...

Hələlik biz Rusiyanın, Türkiyənin qazancına, Qərbin mövqeyinə, regionun perspektivinə, İran faktoruna və başqa geosiyasi məqamlara toxunmuruq. Bütün bu hadisələri bir yazıya sığışdırmaq olmaz.

Odur ki, hazırda cəmiyyəti hava-su kimi maraqlandıran sənədə və rus sülhməramlılarına qayıtmalı oluruq.

Hər kəsi düşündürür ki, Xankəndinin inzibati quruluşu necə olacaq, azərbaycanlılar öz şəhərlərinə gedərkən rus əsgərlərinin pasport yoxlanışından keçəcəklərmi, Dağlıq Qarabağda qalan erməni əhalisinin Ermənistana gediş-gəliş imkanları necə olacaq, Laçın dəhlizi ilə istədiyi zaman hərəkət edə biləcəklərmi...

Sözsüz ki, Xankəndinin də, Xocavəndin də polis rəisindən icra başçısına qədər azərbaycanlı olacaq, Azərbaycan prezidenti onları təyin edəcək.

Sadəcə, bu xırdalıqları ən azı prezident köməkçisi Hikmət Hacıyev səviyyəsində ictimaiyyətə açıqlamaq lazımdır ki, cəmiyyət sakitləşsin.

Çünki cəmiyyət hələ də inanmaq istəmir, elə bilir ki Yuxarı Qarabağın öz ərazi idarəetməsi, inzibati quruluşu olacaq.

Azərbaycan tərəfi izah etməlidir ki, erməni qoşunları Xankəndidə qalmır, rus sülhməramlısı yerləşdirilir, bizim qanunlar işləyir.

Onu da izah etmək labüddür ki, biz Dağlıq Qarabağdakı erməniləri etnik təmizləməyə məruz qoya bilməzdik, dünya üstümüzə gələr.

İkincisi, müharibədə heç də bir tərəf tam qane olmur. Amma unutmaq olmaz ki, Rusiya müdaxilə etmədi, mane olmadı və Ermənistanı razı salmaq üçün müttəfiqi olan Moskvanın sülhməramlı kimi yerləşməsi ilə hesablaşmaq lazım idi. Axı yaxşı bilirdik ki, Qarabağın açarı Kremldədir.

Əks təqdirdə dondurulmuş münaqişə, 30 illik nəticəsizlik, Şuşasızlıq davam edəcəkdi. Bizə heç bir qarış da torpaq verilmirdi.

Bu gün isə nə Qarabağın statusu var, nə Minsk Qrupu, torpaqlarımızda bir erməni əsgəri də qalmayacaq. Qarabağ yenidən qurulacaq.

O baxımdan masada rus, türk və biz varıqsa, tərəflərin bizim xeyrimizə bitməsinə razılıq verdiyi prosesin sonunda maraqları təmin olunmalıydı. Müharibələrdə yalnız bir tərəfin istədiyi olmur.

Ona görə Rusiya sülhməramlılarının bölgəyə yerləşməsi kabus, ya da siyasi xəyanət deyil, Türkiyənin də arxamızda dağ kimi dayandığı yeni reallıqdır.

Fakt Şuşada azan səslənir, Araiklər İrəvana qaçıblar, bir də bura gəlməyəcəklər, Xankəndi kütləvi boşalır, olan-qalan ermənilər də əsasən yaşlılardır, onlar da kilsəyə gedib dualarını edəcək, ömrü başa vuracaqlar.

Rusların “sülh göyərçinləri” isə sırf balans xarakteri daşıyacaq, türklərlə onlara əsla Qarabağı təslim etməz, diktə edən tərəf kimi güclü görünməsinə aman verməz.

Beləliklə, “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur, Qarabağ Azərbaycandır. Növbə isə hakimiyyətindir, xalqa detallı hər şeyi açıqlasınlar.

Bizsə bu tarixi hadisənin və sənədin beynəlxalq faktorlarını növbəti analizdə şərh edəcəyik. Çünki bu sənəd təkcə Ermənistan-Azərbaycan yox, regionda Rusiya-Türkiyə anlaşmasıdır.

Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar