Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bayden komandasının Azərbaycana yanaşması regional aspektdə müəyyənləşəcək

23-11-2020, 09:28   


Noyabrın 3-də ABŞ-da keçirilmiş prezident seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden qalib gəldi. Bayden rəqibi və hazırki prezident Donald Trampı seçkidə məğlub etdi. Görünən odur ki, ABŞ Trampa cəmi 4 il etimad etdi. Və ya buna “dözdü” də demək olar. Ekspertlərin fikrincə, indi Trampdan sonra hakimiyyətə gələn Baydenin işi həddən artıq çətindir. O, ilk əvvəl sələfinin 4 il ərzində xarici və daxili siyasətdə buraxdığı boşluqları doldurmalı, ABŞ-ın siyasətinə yenidən baxmalıdır. Bəs Baydenin siyasətində nələr dəyişəcək? Yeni prezidentin Azərbaycanla bağlı siyasətində hansı dəyişikliklər ola bilər? ABŞ-da yaşayan azərbaycanlı jurnalist Aleks (Ələkbər) Raufoğlu ASTNA-nın suallarını cavablandırıb.
***
-ABŞ- da növbəti prezident seçkisinin yekunu olaraq Co Bayden prezident seçildi. Bundan sonra ABŞ-ın daxili və xarici siyasətində hansısa dəyişikliklər gözlənilirmi?
Alex (Alakbar) Raufoglu-Dəyişikliklər qaçılmazdır. Hətta o qədər ki, Vaşinqtonda hazırki müzakirələr "hansı" yox, daha çox "nə vaxt" sualı üzərinə köklənib. Məsələ ondadır ki, builki seçkilər qeyri-ənənəviliyi ilə artıq tarixə düşüb və ABŞ-ın artan daxili və beynəlxalq problemləri fonunda gerçəkləşıb.Təsadüfi deyil ki, seçkilərdən iki həftədən artıq ötməsinə baxmayaraq, hələ də hazırkı prezident rəqibinin qələbəsini etiraf etməyib. Eyni zamanda, artıq həm evin içində, həm də beynəlxalq səhnədə liderlər Baydenin qələbəsinə qarışıq reaksiyalar sərgiləməkdədirlər: bir qisim onu təbrik edir, digərləri isə hələ də gözləmə mövqeyindədir.
Bu o deməkdir ki, Co Bayden hələ 46-cı prezident qiyafəsində Ağ Evə ayaq basmamış artıq Amerika tarixində bəlkə də Franklin Ruzveltdən bu yana heç bir prezidentin üzləşmədiyi bölümçülüklə üzləşib, odur ki, o, vaxtını və enerjisini ilk növbədə evin içində - eləcə də çöldə - barışıq-bərpa işlərinə sərf etməli olacaq. Əlbəttə, bu o demək deyil ki, ABŞ-ın bu ərəfədə aktiv xarici siyasəti olmayacaq. Amma Baydenin ilk 100 günlük fəaliyyətinin uğur tərəzisi, necə deyərlər, yaralara necə məlhəm qoyması ilə ölçüləcək... COVİD, iqtisadiyyat və bu kimi mövzular xeyli enerji alacaq.



Ümumilikdə isə, qarşıdakı 4 ilə nəzər saldıqda, Co Biden son 30 ildə - Ata Buşdan bu yana - ABŞ-da ən güclü xarici siyasət-oriyentasiyalı prezident titulunu qazanmağa real namizəd kimi görülür. Bunun bir səbəbi onun şəxsi keçmişi, təcrübəsi ilə əlaqədardır. Vaşinqtonda xarici siyasətlə onun qədər maraqlanan, bu işə illərini sərf etmiş və bu işi həqiqətən də sevən prezidentlərə nadir hallarda rast gəlmək olar. Barak Obama və oğul Buş hər nə qədər xarici siyasətə meylli olsalar da ona ümumi nəzərlərlə yanaşırdılar. Bayden isə sələflərindən yaxşı mənada kəskin fərqlənəcək. Hər halda, söhbət demək olar ki bütün karyerasını - istər vitse-prezident qismində, istərsə Senatın Xarici Əlaqələr Komitəsinin sədri postunda, eləcə də digər əvvəlki vəzifələrində - xarici siyasətə həsr etmiş dövlət xadimindən gedir.
Amma əlbəttə ki, dünya daha nə 4 il əvvəlkidir, nə də Baydenin Ağ Evdə vitse-prezidentlik etdiyi illərə bənzəyir. Təkcə Covid-in beynəlxalq münasibətlərə vurduğu damğanı bəziləri hətta ikinci dünya müharibəsinin fəsadları ilə eyni səviyyədə ölçür. Vaşinqtonda əksər diplomatlar və siyasətçilər indi əməkdaşlıqdan daha çox rəqabətdən, iqtisadiyyatdan, səhiyyədən, milli suverenlikdən, sərhəd və təhlükəsizlikdən bəhs edirlər. Əlbəttə ki, bu, tamamilə fərqli siyasi iqlimdir.
Amma bütün bunlara baxmayaraq, Bayden düşərgəsində belə güman edirlər ki, yeni prezident fəaliyyətinin ilk 100 günü ərzində olmasa da ondan dərhal sonra qollarını çırmalayıb aktiv şəkildə xarici siyasətllə məşğul olacaq. Bu mövzuda dəhlizlərdə eşitdiyim yeganə narahatlıq yeni prezidentin yaşı ilə əlaqədardır, belə ki, noyabrın 20-də 78 yaşını qeyd edəcək Baydenin səhhəti hansısa səbəbdən zəifləsə, bütün nəzərlər ilk növbədə onun müavini Kamala Herrisə yönələcək, onun isə xarici siyasətdən o qədər də başı çıxmır. Məhz buna görə indi Vaşinqtonda demək olar ki, bütün eskpertlər nəzərlərini yeni prezidentin xarici siyasət komandasına yönəldiblər. Gələcək dövlət katibinin adı hələ məlum olmasa da artıq demək olar ki, prezidentin xarici siyasət üzrə məsləhətçiləri arasında bu işi dərindən anlayan simalar cəmləşdirilib.


Yeni komanda artıq bəri başdan xarici siyasətdə bir sıra mühüm dəyişikliklərin - xüsusilə də "Trampdanqalma" bir sıra mənfi təzadlara son qoymağın -- müjdəsini verib. İlk növbədə, ABŞ-ın Rusiya, Misir, Körfəz dövlətləri ilə münasibətləri, Yəmən müharibəsi, Səudiyyə Ərəbistanın şıltaqlıqları kimi məsələlərə yanaşması kökündən dəyişəcək. Sonuncudan söz düşmüşkən, jurnalist Xaşoqqinin qətlindən bu yana Konqressdə Səudiyyə Ərəbistanına qarşı sərt tədbirlərin görülməsi kimi çağırışlar heç bu gün də səngiməyib və düşünürəm ki, Baydenin dövründə Ağ Ev, nəhayət, o təkliflərin bəzilərinə qulaq verməli olacaq. Bir sözlə, insan haqları, demokratiya, mətbuat azadlığı kimi amillər xarici siyasətdə önə çıxacaq və bu da öz növbəsində, ABŞ-ın maraq dairəsində olan bir sira ölkələrlə münasibətlərinə ciddi təsir göstərəcək.
Həmçinin ehtimal olunur ki, sələflərindən fərqli olaraq Bayden beynəlxalq səhnədə Avropa İttifaqı və NATO-ya daha artıq vaxt və diqqət ayıracaq. Bu isə öz növbəsində, ABŞ-ın bizim regionla, məsələn, Türkiyə kimi ölkələrlə münasibətlərinə təsirsiz ötüşməyəcək. Bilirsiniz, bəzən elə məsələlər var ki, xüsusilə də təhlükəsizlik sahəsində - onları ikitərəfli münasibətlər çərçivəsində həll etmək mümkün deyil, belədə müttəfiq ölkələr gözlərini NATO-ya dikirlər və Şimal Alyansının çətiri altında işlərini sahmana salırlar...
-Yeri gəlmişkən, Co Baydenin seçilməsini Rusiya arzulamırdı. Ola bilərmi, bundan sonra iki hegemon ölkə arasında yenə də gizli və açıq mübarizənin şahidi olaq?
-Qısamüddətli perspektivdə, şübhə yoxdur ki, əsəblər müəyyən dərəcədə gəriləcək, amma orta və uzunmüddətli perspektivdə, düşünürəm ki, hər iki tərəf münasibətlərdə yeni ortaq məxrəci tapa biləcklər. Vaşinqtonda Rusiya üzrə çalışan ekspertlərlə vaxtaşırı təmasda oluram və şəxsi müşahidəm odur ki, hətta Kremlə rəğbəti ilə seçilənlər belə son günlər Baydenə münasibətdə tonlarında müəyyən korrektələr etməli olublar. Bəziləri hətta açıq şəkildə deyirlər ki, "bəlkə də Bayden administrasiyası bizim üçün daha əlverişli ssenaridir, belə ki, Trampdan fərqli olaraq yeni prezidenti proqnozladırmaq daha asandır".


Söz yox ki, Trampla Putin arasında müəyyən oxşarlıqlar var idi, hərçənd ki, o oxşarlıqları tam anlamaq da çətin idi. Məsələn, aydın deyildi ki, onlar bir-birini bəyənir, ya yox. Amma hər iki lider xarici siyasətdə institutlardan daha çox şəxslərə, liderliyə üstünlük verirdilər. Bayden isə bu konsepsiyanı inkar edir, daha çox institutlaşmış siyasət kursuna bel bağlayır. Odur ki, Vaşinqtonda əksər ekspertlər qarşıdakı dönəmdə ABŞ-ın Rusiya, Çin və digər rəqib ölkələrlə münasibətlərinin iki mümkün ssenarisini təsəvvür edirlər: Sərt və nisbətən az sərt.
Birinci ssenari odur ki Bayden Ağ Evə sahiblənir, Respublikaçılar isə Senatda nəzarəti əldə saxlayırlar (bildiyiniz kimi, Senata nəzarət ilə bağlı son seçim yanvarda məlum olacaq). Belədə Baydenin daxili siyasətdə rəqiblərilə dil tapması və xüsusi uğurlara imza atması müşkülə çevrilir və bütün bunlar, xüsusilə elə bir dövrdə baş verir ki, yeni administrasiyadan milli birlik məsələsində gözləntilər həddən artıq böyükdür. Odur ki, prezident diqqətini xarici siyasətə yönəltməli olacaq və oradan necə deyərlər, "uğur hekayələri" əldə etməyə çalışacaq. Və bu vəziyyətdə, Bayden Rusiya və Çin kimi ölkələrə münasibətdə xüsusilə sərt ritorika nümayiş etdirəcək ki, bu da Senatda epizodik belə olsa, hər halda müəyyən birlik təəssüratı yaradacaq - belə ki, hər iki partiyanı təmsil edən qanunvericilər belə ritorikanı böyük çoxluqla dəstəkləyəcəklər.
İkinci ssenari isə nisbətən az populyardır, amma Senata hansı qüvvənin nəzarət edəcəyindən asılı olaraq, fərqli qaydada nəql olunur. Məsələn, əgər Bayden Demokratların nəzarət edəcəyi Senatla işləməli olarsa (dediyim kimi, Senata nəzarət məsələsi yanvarda müəyyənləşəcək)  o resursdan əsasən daxili siyasi səhnədə köklü dəyişikliklər naminə (məsələn, mümkün qədər çox siyasi təyinatlar etmək və s.) bəhrələnməyə qərar verə bilər və beləcə Putin, Çin kimi mövzulara qanunverici orqanda sadəcə olaraq vaxt qalmayacaq və əvəzində administraisya əlindəki nisbətən daha zəif resurslara bel bağlayacaq. Yaxud da yeni prezident Respublikaçıların nəzarət edəcəyi Senatla mübarizədən yayınaraq, xarici siyasətdəki problemləri Konqress dəhlizlərindən kənarda həll etmək yolunu da tuta bilər. Bu, baş verərsə yenə də ABŞ diplomatiyası Rusiya və Çinin şıltaqlıqlarına demək olar ki, dözümlə yanaşmalı olacaq və sözügedən ölkələrə qarşı uzaqbaşı simvolik sanksiyalar tətbiq edəcək, başqa sözlə, nisbətən daha az təsirli rıçaqlarla baş qatacaq.


Bütün hallarda bir şey qətidir ki, Baydenin Rusiyaya qarşı siyasəti yumşaq olmayacaq.Yeni prezidentin komandası birmənalı olaraq Rusiyanın təkcə ABŞ-ın milli təhlükəsizliyinə deyil, eləcə də Avropadakı müttəfiqlərə hədə yaratdığını düşünür.Və unutmayaq ki, vitse-prezidentliyi dönəmində Bayden şəxsən Ukraynada Rusiyaya qarşı mübarizə aparan Qərbpərəst liderlərii aktiv şəkildə dəstəkləmişdi. Bu o deməkdir ki, yeni prezident bundan sonra da Moskvanın aqressiv davranışlarına qarşı müdafiə işində ABŞ-ın Avropadakı müttəfiqləri ilə yaxından işləyəcək.
-ABŞ-ın Azərbaycanla və regionla bağlı siyasətində hansısa dəyişikliklər ola bilər?
-Əlbəttə ki, söhbət ilk növbədə regional yanaşmadan gedir - Azərbaycan təkbaşına Baydenin xarici siyasətində xüsusi çəkiyə malik olmayacaq. Düzdür, namizəd Bayden son bir neçə həftə ərzində, xüsusilə də Qarabağ döyüşləri fonunda  ABŞ-dakı erməni icmasına xöş görünmək üçün Azərbaycanın ünvanına müəyyən bəyanatlar səsləndirib, amma bütün bunlar prezident Baydenin xarici siyasət konsepsiyasının dilinə tərcümə ediləcəkmi? Hər halda Bayden düşərgəsindən bizə deyilənlərə görə, çətin...
Eyni yanaşmanı yeni prezidentin Türkiyə ilə münasibətinə də aid etmək mümkündür. Hər nə qədər demokrat prezidentin ətrafı, xüsusilə də Konqressdəki müttəfiqləri  Vaşinqtonun Ankara ilə strateji müttəfiqliyini sınağa çəksələr də elə məsələlər var ki, onları strateji müttəfiqlik çərçivəsindən kənarda da yoluna qoymaq mümkündür.


Məsələn, bayaq dediyim kimi, Bayden Misir, Körfəz ölkələri, Səudiyyə Ərəbistanı və Yəmən kimi mövzularda Trampın siyasətini geri çevirməyi hədəfləyib. Və bu dəyişikliklər, nə qədər qəribə olsa da Ərdoğanla Vaşinqtonu yaxınlaşdıra bilər. Eləcə də İŞİD-ə qarşı mübarizədə Bayden daha sərt yanaşma tətbiq etməyi düşünür. Və Türkiyə burada ən vacib aktyorlardan biridir. Həmçinin İranla nüvə müqaviləsinə qayıtmaq, müsəlman dünyası ilə ABŞ-ın danışıq tərzini dəyişmək və NATO-nu gücləndirmək- bütün bunlar Turkiyənin rolunu daha da artıracaq məqamlardır.
-Baydeni daha çox ermənipərəst kimi qələmə verirlər. Sizcə, onun ermənilərə və ya Ermənistana hansısa bir təsiri ola bilərmi? Və ya ermənilərlə münaqişədə olan hər hansı bir ölkəyə qarşı sanksiya tələb edə bilərmi?
-Sanksiyaların nəzəri olaraq ermənipərəst konqressmenlər səviyyəsində vaxtaşırı gündəmə gətirilməsi, hətta Nümayəndələr Palatasında hansısa Komitə səsvermələrindən keçməsi mümkündür. Amma qanunverici orqandan fərqli olaraq administrasiyalar sanksiyalara cəza aləti olaraq deyil, yalnız konkret hallarda rəftarı dəyişmək metodu kimi yanaşırlar. Belə bir hal Baydenin prezidentliyi dönəmində yaranacaqmı? Bunu yalnız zaman göstərəcək.
Konkret olaraq Ermənistan-Azərbaycan münaqişəsindən bəhs ediriksə Bayden düşərgəsində bu regionu nəinki yaxından tanıyan, hətta vaxtilə münaqişə üzrə birbaşa çalışmış ağıllı şəxslər də təmsil olunurlar ki, onlar şəxsən bizimlə söhbətlərdə ABŞ-ın vasitəçi kimi tərəfsizliyini qorumağın zəruriliyindən daha çox bəhs edirlər, nəinki Bakıya qarşı erməni ritorikası ilə silahlanmaqdan.


Oval ofisdə kimin oturmasından asılı olmayaraq, istənilən administrasiyanın içində konkret ölkələri, məsələn, Azərbaycanı itirmək istəməyənlərdən ibarət bir qrup hər zaman mövcud olub.  Düzdür, prezident o qruplara qulaq verə və yaxud verməyə bilər, amma əsas odur ki, belə qüvvələr mövcuddur və onların qolunu uzun etməyin ən etibarlı metodu Azərbaycanın beynəlxalq imicini qorumaqdır ki, bu da yalnız və yalnız Bakının özündən asılı olan məsələdir.
-ABŞ-ın Azərbaycanla bağlı münasibətlərindən söz düşəndə energetika, təhlükəsizlik, demokratiya və insan haqlarının prioritet təşkil etdiyini deyirlər. Sizcə, bu prioritetlərdə yerdəyişmə ola bilərmi? Və ya demokratiya və insan haqlarına görə ABŞ-ın Azərbaycana münasibətlərində hər hansı ciddi dəyişiklik, cəza gözlənilə bilərmi?
-İnsan haqları və demokratiya sözsüz ki, Bayden administrasiyası üçün prioritet təşkil edəcək, belə ki, bu mövzularda bəyanatların ən yuxarıdan və daha ucadan səsləndiyinin şahidi olacağıq. Amma bütün hallarda unutmayaq ki, istənilən administrasiya Ağ Evə problemləri həll etmək üçün gəlir, dərinləşdirmək üçün yox. Əsasən də özlərindən əvvəlki administrasiyaların dövründə buraxılmış səhvlərin təkrarlanmaması bu zaman əsas götürülür. Yəni, metodlarda dəyişiklik qaçılmaz olsa da son nəticədə məqsəd problemi həll etməkdir.


ABŞ-Azərbaycan münasibətlərinin növbəti raundunda topu ilk atan Azərbaycan tərəfi olacaq. Odur ki, Bakıdakı rəsmilərə ən başlıca tövsiyələr xüsusilə bu ərəfədə yanlış gedişlərdən çəkinməkdir. Eyni zamanda, aradakı maneələri və fikir ayrılıqlarını aradan qaldırmaq indi həmişəkindən daha vacibdir. İlk növbədə, insan haqları sahəsində əsas problemlərin həllindən başlanılmalıdır. Başqa sözlə, siyasi məhbuslar işinin birdəfəlik çözümündən.
Bununla Azərbaycan nə əldə edəcək? İstənilən ölkənin beynəlxalq səhnədə ən başlıca marağı özünə etibarlı təminatçı, necə deyərlər, arxa qazanmaqdır. İllah da yerləşdiyin region kifayət qədər təhlükəli qonşuluqdursa...  Bu təminatı Bakıya kim verə bilər? Uzunmüddətli dönəmdə biz Rusiyaya bel bağlaya bilərikmi? Əlbəttə ki, yox! Rusiya əslində problemin elə özüdür.
Əlbəttə, kimsə özünü İran, Rusiya və Ermənistan kimi qonşuların arasında təhlükəsiz və sabit hiss edirsə, babalı öz boynuna. Reallıqda isə bizə Qərbdə dostlar və ABŞ kimi güclü arxa lazımdır
ASTNA.biz



 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar