Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Lavrov Qarabağ üzrə mərhələli nizamlama planının olduğunu təsdiq edib, Mnatsakanyan isə onu təkzib etməyə tələsib

22-04-2020, 16:02   


RF-nin XİN başçısı Sergey Lavrov aprelin 21- də Moskvada İctimai Diplomatiyaya Dəstək Klubunun dəyirmi masasında çıxış edərkən Qarabağ nizamlanması ilə bağlı ciddi bir bəyanat verib. BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı dörd məlum qətnaməsinin həyata keçirilməsi mümkünlüyü haqqında suala cavabda o deyib ki, hazırda tərəflər Qarabağ ətrafındakı ərazilərin azad edilməsini və münaqişənin mərhələli həllini nəzərdə tutan nizamlama variantını müzakirə edirlər.

“Madrid Prinsipləri”, həmçinin Rusiya Federasiyasının 2010-2011-ci ildə hazırladığı sənədlər – “Kazan sənədi” var. Bir il əvvəl Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada həmsədrlərin iştirakı ilə keçirilən görüşündə yayılmış layihələr var. Hazırda onlar fəal şəkildə müzakirə olunur. Bu sənədlər mərhələli yanaşma əsasında nizamlamaya doğru irəliləməyi nəzərdə tutur. Birinci mərhələdə ən aktual problemlərin həlli – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonun azad edilməsi və nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların açılması nəzərdə tutulur.

Əminəm ki, biz bu sənədlərin imzalanması haqqında qərar əldə etdikdə, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi istiqamətində ən mühüm addım olacaq”, deyə Lavrov bildirib.

Bu, Rusiyanın rəsmi Yerevanın iki ildir mövcudluğunu israrla təkzib etdiyi “Lavrov planı” ilə bağlı ilk rəsmi etirafıdır.

Lavrovun çıxışından bir neçə saat sonra Ermənistan XİN başçısı Mnatsakanyan yalnız ermənilərə xas olan göz önündə olanı inkar etmək üslubu ilə yenidən belə bir planın müzakirə edilmədiyini təkrar edib.

Belə ki, Mnatsakanyan Yerevanda keçirilən brifinqdə bildirib ki, iki il ərzində ölkə hökuməti, baş nazir ictimaiyyətdən heç nəyi gizlətməyib. Onun sözlərinə görə, mərhələli variant 2014 və 2016-cı illərdə (yəni əvvəlki hakimiyyət tərəfindən) müzakirə olunub və o, ermənilər üçün qəbuledilməzdir.

“2018-ci ildən etibarən ayrı-ayrı elementlər üzrə tərəflərin yanaşmaları ətrafında müzakirələr gedib. 2014-cü il variantı danışıqlar masasında deyil. Biz Arsax xalqının təhlükəsizliyinin prioritet təşkil etdiyi mövqeyimiz haqqında kifayət qədər konkret danışmışıq. Ərazilərə gəlincə, Ermənistan tərəfi Arsax əhalisinin təhlükəsizliyini təhdid altına qoyaraq, bu məsələyə yenidən baxılmasına ehtimal belə verə bilməz”, deyə nazir bildirib.

O qeyd edib ki, təhlükəsizliklə yanaşı, xalqların öz müqəddəratını təyin etməsi prinsipinin həyata keçirilməsi də prioritetdir, bu da xalqın iradəsini məhdudiyyətsiz, azad şəkildə bildirməsi deməkdir.

“Birtərəfli güzəştlər olmayıb və olmayacaq. Ermənistan tərəfdən Arsax əhalisinin təhlükəsizliyinin pozulmasını və onun üçün təhdid yaranmasını nəzərdə tutan heç bir yanaşma olmayacaq”,

Mnatsakanyanın sözlərindən belə çıxır ki, Yerevan “Lavrov planı”nı qəbul etmir və Qarabağın müstəqilliyinə nail olmaq və onun ətrafında işğal edilmiş əraziləri qaytarmamaq ideyasından əl çəkmir. 

Contact.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar