Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya Azərbaycandakı imicini yaxşılaşdırır - Moskva Qarabağ testindən hələ ki, uğurla çıxır

7-11-2020, 09:04   

Haqq davamızda Moskvanın tutduğu mövqe cəmiyyətimizdə rəğbətlə qarşılanır; politoloq: “Artıq yeni reallıqlar formalaşıb və bu reallıqları Kreml də qəbul edib...”

Azərbaycan ictimaiyyətini sentyabrın 27-dən etibarən başlayan vətən müharibəsi ilə bağlı ən çox narahat edən məqam Rusiyanın öncəki dövrlərdəki kimi, müdaxilə edərək hərbi əməliyyatları dayandırmağa çalışacağı ilə bağlı idi. Lakin müharibənin gedişatında Azərbaycanın ciddi uğurlar qazanması və qələbəni təmin edəcək üstünlüyü əldə etməsi ilə bir çox dövlətlər kimi, Rusiyanın da mövqeyi dəqiqləşdi. Rəsmi Moskva Ermənistana birbaşa dəstək verməkdən rəsmi şəkildə imtina etdi.
Ermənistanın baş naziri N.Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə müraciətinə birmənalı olaraq cavab verildi ki, əgər hərbi toqquşmalar bilavasitə Ermənistan ərazisinə keçərsə, onda Rusiya Yerevana hər cür zəruri kömək göstərər. Kreml bəyan etdi ki, “Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 29 avqust 1997-ci il tarixli Müqavilədən irəli gələn müttəfiqlik öhdəliklərinə sadiqdir, lakin bu müqavilənin maddələrində tərəflərin bir-birinin ərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi yaranacağı halda konkret hərəkətləri nəzərdə tutulur. Yəni həmin müqaviləyə müvafiq olaraq, əgər hərbi toqquşmalar bilavasitə Ermənistan ərazisinə keçərsə, onda Rusiya Yerevana hər cür zəruri kömək göstərər”.
Bununla da Rusiya dövlət başçısı İlham Əliyevin də dediyi kimi, Azərbaycanın öz ərazilərdə müharibə apardığını  və ərazi bütövlüyünü təmin etməyə çalışdığını təsdiq etdi. Bu, həm də Ermənistanın işğalçı olduğunun dolayısı ilə etiraf olunması demək idi.
Rusiyanın bu mövqeyi Azərbaycan cəmiyyətinin narahatlıqlarına son qoyaraq Şimal qonşumuza qarşı rəğbəti də artırıb. Çünki uzun illər boyu Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi qarşısında duran ən böyük problem Ermənistanın ordusu deyil, Rusiyanın siyasi mövqeyi idi.
Azərbaycan-Rusiya əlaqələri regionlararası əməkdaşlıq faktoruna çevrilib
Bundan başqa, Rusiya danışıqlarda Türkiyənin də iştirakını irəli sürərək Bakını və İrəvanı sülhə inandırmaq üçün onun nüfuzuna ehtiyac olduğunu bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Türkiyə ilə əməkdaşlığı davam etdirəcək və Dağlıq Qarabağdakı hərbi ssenarinin irəli çəkilməsinin qarşısını almaq üçün regiondakı bütün nüfuzundan istifadə edəcək.
Nazir qeyd edib ki, Moskva və Ankara çevik, praqmatik yanaşma göstərə bilən və bir-biri ilə əməkdaşlıq edərkən strateji baxışı rəhbər tutan iki sıx tərəfdaşdır: “Dayanıqlı bir atəşkəsə nail olmaq dərhal mümkün olmasa da, bölgədəki bütün təsirlərimizi istifadə etməyə davam edəcəyik, hərbi ssenarinin daha da irəli çəkilməsini dayandırmaq, tərəflər arasında dialoq qurmaq və Bakı ilə İrəvanı danışıqlar masasına oturmağa inandırmaq üçün türkiyəli tərəfdaşlarımızla çalışacağıq”.
Bundan başqa, bu günlərdə Bakıda Azərbaycanın Rus İcmasının təşkilatçılığı ilə ordumuza dəstək məqsədilə avtomobil yürüşü keçirilib. Azərbaycan, Rusiya və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobil karvanı Bakının mərkəzi küçələrindən keçib. Aksiyaya Mili Məclisin binası qarşısında start verilib və o, Rusiya və Türkiyə səfirliklərinin yanından keçərək paytaxtın mərkəzi küçələri boyunca yolunu davam etdirib. Bu isə bir daha Azərbaycan cəmiyyətində Rusiyaya rəğbəti artıran faktor oldu.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli də bildirdi ki, Rusiyanın hazırkı prosesdə tutduğu mövqe təqdirəlayiqdir və Azərbaycan qələbə qazanıb öz ərazilərini qaytardıqdan sonra bu dövlətə simpatiya arta bilər: “Rusiya bu savaşda Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini onun daxili işi kimi dəyərləndirdi, daxili işimizə qarışmadı, ermənilərin yalvar-yaxarına baxmayaraq, onların xahişlərinə reaksiya vermədi və sözün əsl mənasında yaxın qonşuluq münasibətlərinə, Azərbaycanla aralarında olan strateji tərəfdaşlıq münasibətlərinə layiq formada davranış sərgilədi”.
Qabil Hüseynli: "Konvensiyanın imzalanması hələ son hədd deyil"
Qabil Hüseynli
Q.Hüseynli vurğuladı ki, Rusiyanın daha bir müsbət addımı danışıqlar prosesində Türkiyənin iştirakını dəstəkləməsi oldu: “Rusiya üstəlik, Türkiyə ilə yaxın kontaktda olaraq müharibənin sonrakı mərhələsi olan danışıqlar mərhələsində, Türkiyəni də bu prosesə cəlb etməyə razılığını bildirdi. Qeyd etdi ki, Türkiyə kimi bir dövlətlə beynəlxalq münasibətləri idarə etmək, münaqişələrə müdaxilə etmək Rusiya üçün çox xoşdur. Beləliklə də Türkiyənin bölgədəki hərəkətlərini, maraqlarını da nəzərə aldığını nümayiş etdirdi. Əvvəl Putin səviyyəsində, daha sonra Lavrov səviyyəsində verilən bəyanatlar onu göstərir ki, bundan sonrakı proseslərdə də Rusiya-Türkiyə münasibətləri normal qaydada davam edəcək”.
Politoloqun  sözlərinə görə, bütövlükdə Cənubi Qafqazda sülhün, əminamanlığın təmin olunması üçün Rusiya və Türkiyə öz güclərini birləşdirəcək: “Artıq ATƏT üçlüyünə, nizamlama prosesinə, onun irəli sürdüyü şərtlərə ehtiyac duyulmayacaq. Çünki yeni reallıqlar formalaşıb, bu reallıqları Rusiya da qəbul edir. Türkiyə isə bu reallıqları dəstəkləyir və alqışlayır. O cümlədən barışıq prosesini, sülhyaratma kampaniyasının başladılmasını təklif edir. Güman edirəm ki, Rusiya-Türkiyə münasibətləri Azərbaycan da daxil olmaqla, bu günə qədər yaxşı nəticələr verib. Bunda sonra da fayda verməkdə davam edəcək”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar