Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əgər Rusiya və Türkiyə Qarabağda sona qədər... - Şevçenko

11-11-2020, 13:45   




12:23
Kiməsə elə gələ bilər ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında bəyannamə imzalanması ilə Qarabağ müharibəsi bitdi. Əslində xəritəyə baxsaq, azərbaycanlıların vətənlərinin azad olunması ilə bağlı demək olar ki, bütün məsələləri həll etdiyini görmək mümkündür.
Axar.az xəbər verir ki, bunu tanınmış rus jurnalist və analitik Maksim Şevçenko Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin Qarabağla bağlı imzaladığı bəyanatı şərh edərkən bildirib.
“Qarabağın mistik, mənəvi paytaxtı olan Şuşa azad edildi. Razılaşmaya görə, ermənilər ilin sonuna qədər (əslində isə 1 dekabra qədər – red.) qoşunlarını bölgələrdən çıxarır. Əlbəttə, hərbçilər orada qala da bilərdi, amma bu, qışın yaxınlaşması ilə onlara ölüm və aclıqdan başqa bir şey qazandırmayacaqdı. Azərbaycanlılar hətta Zəngəzurdan (Ermənistan ərazisi) keçərək Azərbaycandan Naxçıvana müəyyən nəqliyyat dəhlizi təmin etməyə də nail oldular”, – Şevçenko qeyd edib.
Jurnalistin sözlərinə görə, hər şey sanki yaxşıymış və müharibə bitmiş kimi görünsə də, Ermənistanda daha öncə də yaşanan hadisələr cərəyan edir:
“Parlament talan edilir, spiker vəhşicəsinə döyülür, Paşinyanın harda olduğu məlum deyil. “Gözü dönmüş” əhali hakimiyyətin dəyişməsini tələb edir. Bütün bunlardan sonra müharibə bitə bilərmi? İndi Ermənistanda hakimiyyətə gələcək hər hansı qüvvə, əlbəttə ki, revanş ideyaları ilə çıxış edəcək. Belə çıxır ki, hakimiyyətə rusiyapərəst qüvvə gələcək. Rusiya azərbaycanlıların və türklərin əli ilə Paşinyanın və Qərb agenturasının İrəvandan qovulması məsələsini, sonadək olmasa da, həll etməyi bacardı. Paşinyan isə Baydenin prezidentlik səlahiyyətinə başlayana qədər öz “kürsüsündə” oturmaq istəyir. Əgər Bayden prezident olarsa, Paşinyanın taleyi indikindən bir qədər fərqli olacaq. Odur ki, Paşinyanın taleyi demokratik Vaşinqtondan asılı olacaq. Əlbəttə ki, Bayden prezident olarsa. Çünki Tramp məhkəmə baxışına və ABŞ Ali Məhkəməsinə hələ də ciddi ümid bəsləyir. Ancaq çox güman ki, prezident elə Bayden olacaq”.
M.Şevçenkonun fikrincə, Azərbaycanın müharibənin bitdiyini düşünməsi üçün hələ tezdir:
“Azərbaycan indi sevinir. Zənnimcə, Azərbaycan müharibənin bitdiyini düşünməməlidir. Bu razılaşmaya baxmayaraq, İrəvanda revanşist qüvvələr hakimiyyətə gələrsə, müharibənin davam etməsini tələb edəcəklər. Bu həm terror, həm partizan müharibəsi, həm də qoşun bölgüsü xəttində təxribatlarla nəticələnə bilər, hətta dünyanın hər yerində diplomatlara hücumlar ola bilər. Vəziyyət çox həssasdır”.
Rusiyanın müharibəyə qarışmamasına toxunan Şevçenko bununla onun Azərbaycana çox kömək etdiyini vurğulayıb:
“Düşünürəm ki, Azərbaycan xalqı 44 gün gözləyən Putinə minnətdar olacaq. Ermənilər, öz növbəsində, Paşinyanı rəsmi Moskva ilə münasibətləri korlamasında və buna görə də Rusiyanın onlara kömək etməməsində günahlandırır. Türklərə isə qırmızı xətt göstərilib və onlarla əməkdaşlığın müzakirələ ediləcəyi, amma türk sülhməramlılarının olmayacağı bildirilib. Rusiyanın Türkiyə ilə strateji tərəfdaşlığı çox vacib və maraqlı bir gələcəyin qarantıdır”.
Analitik Azərbaycan xalqına müraciət edərək, onları müvəffəqiyyətdən sərxoş olmamamağa çağırıb:
“Uğurlar göz qabağındadır. Lakin bundan sonra elə bir böyük siyasət başlayır ki, bu uğurlar gərginliklə bağlı uzun və ağrılı bir prosesə səbəb ola bilər. Qarabağ müharibəsinin əsas nəticəsi Qərbin alçaldılması və Qarabağ problemindən kənarlaşdırılmasıdır. Qarabağ düyünü Qərbin zərrə qədər iştirakı olmadan çözüldü və bu, dəhşətli itkilərə baxmayaraq, təqdirəlayiqdir. Əgər Rusiya ilə Türkiyə sona qədər Qafqazın sülhə, qardaşlığa və müttəfiqliyə ehtiyacı olduğu mövqeyində dayanarsa və bütün bunlara İran da qoşularsa, gələcək zəmanətli, güclü, maraqlı və ən əsası Vaşinqton, Paris, London, Berlin və Brüssel kimi dünyaya əsarət, məhv və alçalma gətirən digər müstəmləkə mərkəzlərindən asılı olmadan təmin ediləcək”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar