Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hökumətin korona imitasiyası: o pullardan xalqa nə çatır?

6-04-2020, 10:48   
 

Azərbaycan hökumətinin “evdə qal” tövsiyəsi və qadağası “evdə öl” şüarına çevrilməkdədir. Anaxeber.info-nun təsbit və təhlilinə görə, Nazirlər Kabinetinin və İqtisadiyyat Nazirliyinin bir neçə gündür “baş sındırdığı” sosial paket belə qənaətə gəlməyə əsas verir.
Hökumət günlərdir sərtləşdirilmiş xüsusi karantin rejiminə görə işsizlərə və günəmuzdlara, o cümlədən sahibkarlara yardım edəcəyini açıqlayıb.
İş adamlarına ümumilikdə 80 milyon ayrılıb. Eyni zamanda Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınan 200 min nəfərə adambaşı 190 manatdan birdəfəklik yardım olacaq. Bu da 38 milyon manat edir.
Anaxeber.info-nun məlumatına görə, günəmuzd işləyən 300 min nəfərə isə adambaşı 215 manatdan kompensasiya nəzərdə tutulub. Bu da 64,5 milyon manat edir.
Bir sözlə, sahibkar, günəmuzd və işsizlərə veriləcək dövlət yardımı üst-üstə təqribən 180 milyon manat edir. Ölkə rəhbərliyi isə koronavirusla bağlı mübarizə çərçivəsində 1 milyard dövlət büdcəsindən vəsait ayırıb.
Habelə, Koronavirusla Mübarizə Fonduna ayrı-ayrı nazirliklər, komitələr, şirkətlər, müxtəlif kommersiya qurumları tərəfindən pul köçürülüb. Təxminən, 1 milyard vəsait də belə toplanıb.
Amma hökumət ölkədə yaranmış sərt karantin rejimi, elan edilməmiş fövqəladə vəziyyətlə əlaqədar işsiz qalan minlərlə insanı kənara qoyub.
Nə Nazirlər Kabineti, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial paketin detalları, mahiyyəti şərh edilmir.
Məsələn, günəmuzd anlayışı olduqca genişdir və respublikada bu kateqoriyadan yüzminlərlə insan tapmaq mümkündür. Bəs, yardım alacaq 300 min nəfər necə, hansı meyarlarla müəyyənləşdiriləcək?
Axı taksi sürücüsü də günəmuzdur və faktiki işsiz qalıb, fəhlə də, ofisiant və aşpaz da...
Ümumiyyətlə, müxtəlif peşə və sektorlardan minlərlə günəmuzd göstərmək olar ki, onlar işə gedə bilmirlər, maaş almırlar. Hakimiyyət onları hansı mexanizmlərlə tapıb yardım edəcək? - Nonsensdir.
Yəni, hökumətin bu sosial layihəsi də “gözə kül üfürmək” və imitasiya xarakteri daşımaqdadır. Və toplanan 2 milyard vəsaitin heç 200 milyonu əhalinin sosial rifahına xərclənmir.
Halbuki, Avropa və ABŞ real sosial proqramlar həyata keçirir, əhaliyə birbaşa yardımlar edir. Məsələn, Almaniyada kirayədə yaşayanlara, sahibkarlara evdə qalanlara birbaşa yardımlar edilir.
İkincisi, hökumət sahibkarlara xəbərdarlıq edir ki, ixtisar etməyin, işçilərin maaşını kəsməyin. Xub!
Bəs, restoran, müəssisə və s. obyektlər işləmirsə, qazanc yoxdursa, işçilərə necə maaş ödəsinlər? - deməli, hökumət biznes sektoruna dəstək verməli, güzəştsiz kredit verməlidir.
Ən əsası, əgər söhbət real imtiyazlardan, dövlətin dəstəyindən gedirsə, o halda hökumət ilk növbədə marketlərdə, bazarlarda qiymətlərin ucuzlaşdırılmasına nail olmalıydı.
Möhtəkirlər və işbazlar isə fürsətdən sui-istifadə edərək süni qiymət artımına gedirlər. Hərçənd, Almaniyada marketlərdə 10-15 faiz endirimlər edilib.
Anaxeber.info yazır ki, kommunal və bank sektorunda da hər hansı real addımlar atılmayıb. Hökumət hələ də əhalinin “başının altına yastıq qoymaqda” davam edir.
Misal üçün elektrik enerjisinə görə, 100 kilovat limit artırılsa da, Gürcüstanda bu rəqəm 200 kilovatdır. Üstəlik, qonşu ölkədə qaz limiti də 200 kub artırılıb.
Ardınca, gürcü hökuməti əhalinin zibil və su pulunu özü qarşılayacaq. Bu, həmin ölkədir ki, neft-qazı Azərbaycandan alır.
Bizdə isə su pulu dondurulub və növbəti ayda hesablanacaq, qazın kubunda limiti artırmaq heç yada düşmür.
Nəzərə almaq lazımdır ki, işığa olan 100 kilovat limitin artırılması da əhəmiyyətsizdir. Çünki hava şəraiti yaxşı keçir, elektrikə olan tələbat xeyli dərəcədə azalıb.
Bank sektoruna gəlincə, Mərkəzi Bank sədri Elman Rüstəmov kreditlərlə bağlı “tükünü tərpətmədi”.
Nazirlərin, məmurların, yüksək çinli vəzifəlilərin nəzarətində olan banklar kreditlərin ödənişi ilə bağlı 1 aylıq əhaliyə güzəşt edə, ödəməni dondura bilərdi.
İndi bundan vacib və zəruri addım ola bilməz. Əhalinin böyük faizi banklara borcludur, işsizlik və maaş problemi ucbatından ödəniş etmək çətinləşir.
Beləliklə, koronavirus pandemiyası səbəbindən Azərbaycanda elan edilmiş xüsusi karantin rejimində nə marketlərdə ucuzlaşma var, nə əhalinin böyük bir hissəsinə kompensasiya çatır, nə biznes adamlarına ciddi şəkildə dəstək verilir, nə də kommunal, kredit ödənişləri ilə bağlı konkret addımlar atılıb.
İqtisadçılar da hesablayıb ki, hökumət “kölgə iqtisadiyyatını” və qeydiyyatsız iş yerlərinə görə hamıya dəstək verə bilmədiyini, dolayı yolla bəyan edib.
Əslində, bu bəhanədir, hətta dolayı yollarla da nə qədər insana və kimə dəstək vermək olduğunu tapmaq olar:
Ölkə əhalisi, rəsmən, 10 mln. nəfərdir, bu vətəndaşlarının 917 mini dövlət sektorunda çalışır, bunlar maaşlarını almaqda davam edəcəklər, 1,3 mln. nəfər təqaüdçü var - onlar da təqaüdlərini almaqda davam edəcək.
Bu iki kateqoriyanı çıxsaq yerdə 7,8 mln. nəfər qalır. Bunlardan da 300 min nəfər qeyri-dövlət sektorunda olanlara da dəstək olunacaq - yerdə qaldı 7,5 mln. nəfər.
Ölkədə 0-14 yaş arası uşaq sayı 2 mln. 400 min nəfərdir, 14-18 yaş arası olanların sayı isə, təqribən, 650 mindir, deməli, 0-18 yaş arası insanların sayı 3 mln. nəfərdir – ilk növbədə həmin kəsmə 250 manat vermək lazımdır.
Yerdə qalır 4,5 mln. nəfər, bunlardan da 1,7 mln nəfər, guya, aqrar sektorda çalışır, bunların da rəsmi qeydiyyatı var, onlara da 250 manat vermək olar - yerdə 2 mln. 800 min nəfər qalır.
Yerdə qalan insanların 800 minə yaxını, guya, VÖEN-lə çalışırlar, onların da rəsmi qeydiyyatı var - həmin kəsmə də VÖEN-ə bağlı hesablarına 250 manat köçürmək olar.
Yerdə qaldı 2 milyon nəfər, bunlardan da 300 minə yaxını sosial yardım alır, onların da qeydiyyatı var - həmin insanlara da əlavə 250 manat ödəmək olar.
Yerdə qaldı cəmi 1,7 mln. nəfər - onlara da yaşayış qeydiyyatı üzrə ödəniş etmək olar - və bu işlərin tamamına əlavə 1 milyard. 950 milyon manat pul lazımdır. “Lazım”sa bilinmir nə vaxt gələcək...
AnaXeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar