Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Neft düşüb, böhran qapıda, əhali narazı: Azərbaycan hara gedir?

22-04-2020, 09:59   
 

Azərbaycan iqtisadiyyatı kardioqrammaya oxşayır: hər saniyə ürək döyüntüləri gah artır, gah azalır, gah qabarma, gah çəkilmələr baş verir.
Ölkə yeni qlobal maliyyə böhranının tappıltı səslərini eşitməkdədir: neft qəpik-quruşa satılır, koronavirus pandemiyası səbəbindən tətbiq edilmiş xüsusi karantin rejimi narazı işsizlər ordusu yetişdirib, hökumət “B” planı olaraq ümidverici hər hansı proqram hələ ki açıqlamayıb...

Böhran gəlir, neft duası oxunur

Anaxeber.info bildirir ki, Azərbaycan son 12 ildə üçüncü dəfə sosial-iqtisadi böhranla qarşılaşıb. İlk böhran 2008-ci ildə neft qiymətlərinin ucuzlaşması nəticəsində baş verib, ikinci böhran 2015-ci ildə yenə eyni səbəbdən olub və nəhayət, sonuncu, hazırki böhran neft qiymətlərinin son 20 ildə ən kəskin şəkildə ucuzlaşması fonunda qədəmlərini qoyur.
Birincisi, ötən dövrə nəzər salmalıyıq - prezident 2015-ci ildə olduğu kimi, dövlət büdcəsinin azaldılması haqda göstəriş verib.
Həmin vaxt 2016-cı il üçün büdcənin xərclər hissəsi 2014-cü ildəki 25,6 milyard dollardan 9,5 milyard dollara endirilmişdi. 2020-ci il üçün büdcənin xərclər hissəsi 15,8 milyard dollara qədər artırılıb.
Belə gedişatla 2016-cı il səviyyəsinə qayıdacağıq. Çünki neftin qiyməti 21 dollara düşüb. Bu da vəziyyətin daha pis olduğunu göstərir.
Hökumət əvəzində reanimasiya şəraitində çıxmaq üçün tədbirlər planı hazırlamayıb. Sadəcə, bu illər ərzində valyuta ehtiyatımız artıb və hələ ki bizim üçün yeganə təhlükəsizlik yastığıdır.
İndi iqtisadi bloka daxil olan hökumət üzvləri əllərini göyə qaldırıb dua edirlər ki, neft bahalaşsın. Çünki alternativ addımlar atılmır. Lakin neftin ilin sonuna qədər 30 dollardan artıq bahalaşacağı gözlənilmir.

190 manatlıq blef və kredit zülmü

Anaxeber.info yazır ki, hökumətin fəaliyyətində ikinci istiqamət sosial problemlərin həlli ilə bağlı səthi siyasətin yürüdülməsidir. Hakimiyyət imitasiya edir.
Pandemiya dövründə işsizlərə verilən 190 manat yardım özünü doğrultmadı, yüz minlərlə insan kənarda qaldı, minlərlə vətəndaş e-sosial.az sistemində qeydiyyatdan keçə bilmədi, söz-söhbət çox oldu. Faktiki olaraq, e-sosial.az saytı açılmır, sanki bloklanıb.
Hətta açılsa belə, vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu və telefon nömrəsini yazanda ya “xəta” cavabı gəlir, ya da heç bir məlumat çıxmır. Cəmiyyətə ismarış verirlər ki, bəxtinizi bir daha sınamayın!
Nazirliyin isə bütün bu rüsvayçılığa cavabı hazırdır: sistemdə yüklənmə var. Lakin 300 milyon əhalisi olan Amerikada, 80 milyon əhalisi olan Almaniyada işsizlərə ödənişlər edilməsində nə yüklənmə olur, nə də texniki səhvlər...
Eyni zamanda kommunal xərclərdə əhaliyə edilən güzəştlər neft-qazı olmayan Gürcüstanla müqayisədə heç nədir: gürcü hökuməti zibil və su pulunu özü qarşıladı, qaz limiti 200 kub, işıq limiti 200 kilovat artırıldı.
Bizdə isə 100 kilovat işıq limitində güzəşt edildi, su pulu daha sonra hesablanacaq, qazdan söhbət düşmədi.
Ən mühüm məsələ kreditlərin bir aylıq dondurulmasıydı ki, bəzi kommersiya firmaları istisna, bankların heç biri əhalini nəzərə almadı. Mərkəzi Bank isə məsələyə baxıldığını deməklə işini bitmiş saydı.
Bununla minlərlə karantin müddətində işsiz qalan vətəndaşlar kredit borclarını ödəmək çətinliyi ilə qarşılaşdılar, ödəniş edə bilməyənlərin kredit məbləğinin üzərinə faizlər gəldi.
Bir sözlə, hökumət bu məsələdə heç bir sosial paketlə, təşəbbüslə çıxış etmədi, yüz minlərlə kredit borcu içində boğulan insan narazı salındı.
Hakimiyyət karantindən sonra “nəzarətsiz” toplumu nizamlamalıdır. İqtidarın opponentləri də bu vəziyyətdən istifadə etməyə çalışacaq.

Sahibkarlar narazı, monopoliya qüvvədə

Anaxeber.info xəbər verir ki, üçüncü protest dalğası iş adamlarıdır. Orta və kiçik sahibkarlar xüsusi karantin rejimi ucbatından böyük pullar itirdi. Turizm, iaşə obyektləri, bazarlar, ticarət mərkəzləri zərər elədilər.
Neft pullarının azalması və devalvasiya risklərinin artması fonunda iqtisadiyyat böhranla tam üzləşərsə, sahibkarlıq böyük bir zərbə altında qalacaq.
Çünki hökumət pandemiya dövründə heç də bütün sahibkarları dəstəklə əhatə edə bilmədi, gömrükdə monopoliya qalmaqdadır, kölgə iqtisadiyyatı hələ ki tənəzzülə uğramayıb.  
Hakimiyyət isə xalqın başının altına yastıq qoymaqda, karantini uzatmaqla böhranın zərbələrini dəf etməkdədir. Mayın 4-dən sonra karantin uzadılmasa, şikayətlər, sosial etirazlar məhvərindən çıxa bilər.
Anaxeber.info
Turan

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar