Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

78 il öncənin 7 noyabr paradı – israrçı Stalin, nikbin Jukov, əsəbi Hitler...

7-11-2019, 16:44   


7 noyabr 1917-ci il dünya tarixinə “Böyük oktyabr sosialist inqilabı” günü kimi yazılıb. Bu tarix SSRİ-nin təməlinin qoyulduğu gün sayılır. Amma illər ötdükdən sonra bir çox həqiqətlər üzə çıxdı, əslində 7 noyabrda inqilab yox, bolşevik çevrilişi baş verdiyi məlum oldu (rus inqilabı 1917-ci ilin fevralında baş verib və çar mütləqiyyətinə son qoyulub). 

1917-ci ildən 24 il keçəndən sonra İosif Stalinin 7 noyabrla bağlı verdiyi qərar dünyanın siyasi liderlərini heyrətə gətirməklə yanaşı, Adolf Hitlerin qıcığına səbəb olub.

1941-ci ildə oktyabr çevrilişinin “inqilab” adıyla ildönümünə 10 gün qalmış Stalin Dövlət Müdafiə Komitəsinin müşavirəsini keçirib. Cari məsələlər müzakirə oldunduqdan sonra Stalin gözlənilməz bir təkliflə çıxış edib. Alman qoşunlarının Moskva ətrafına toplaşdığı bir ərəfədə, Moskvada yerləşən dövlət qurumlarının, təhsil və səhiyyə ocaqlarının, zavod və fabriklərin təxliyyə planı hazırlandığı bir vaxtda Stalin noyabrın 7-də Qırmızı meydanda parad keçirilməsi ilə bağlı təşəbbüs qaldırıb. Müşavirə iştirakçılarının əksər hissəsi belə mürəkkəb vəziyyətdə paradın keçirilməsini məqsədəuyğun saymayıb. AmmaStalin təkid edib, böyük ümidlə Georgi Jukova üz tutub:

- Mən sizdən bir həqiqəti öyrənmək istəyirəm. Yoldaş Jukov, biz Moskvanı saxlaya biləcəyikmi?

Ən çətin məqamlarda belə təmkinin pozmayan Jukov qətiyyətlə cavab verib:

- Əlavə qüvvələr cəlb olunaraq Moskva düşmənlərdən müdafiə olunacaq. Yoldaş Stalin, mən bunu bir hərbçi kimi əminliklə bildirirəm.

Jukovun nikbin cavabı Stalini qane edib:

- Belə qətiyyəti alqışlamaq lazımdır.

Sonra Stalin 7 noyabrda paradla bağlı fikirlərini bildirib:

- Necə düşünürsünüz, Oktybr inqilabının ildönümü ilə bağlı təntənəli yığıncaqla yanaşı parad keçirə bilərikmi?

Müşavirədə iştirak edən generallardan Artyomov və Jiqaryov paradın keçirilməsini məqsədəuyğun saymayıblar, ordu birləşmələrinin düşmənlə üz-üzə dayandığını əsas gətirərək, qeyd ediblər ki, hazırda Moskva qarnizonunda paradda iştirak edəcək şəxsi heyət yoxdur.

Stalin yenidən Jukova üz tutub:

- Bəs siz bu haqda nə düşünürsünüz?

- Yoldaş Stalin, əldə etdiyimiz kəşfiyyat məlumatlarına görə, almanların yaxın vaxtlarda Moskvaya hücumu gözlənilmir.

Hazırda onlar səfərbərlik işləri ilə məşğuldurlar ki, bu da azı 25-30 gün vaxt tələb edir. Belə düşünürəm ki, biz noyabrın 7-də hərbi parad keçirə bilərik.

Stalin müşavirənin işini yekunlaşdırıb:

- Biz paradı keçirəcəyik. Bu həm şəhər sakinlərində, həm də ordunun şəxsi heyətində ruh yüksəkliyinə səbəb olacaq. Parada hazırlıq işləri tam məxfi aparılmalıdır.

7 noyabr 1941-ci il. Stalin və Dövlət Müdafiə Komitəsinin digər üzvləri paradı qəbul edirlər. Hitler isə hələ yatağında səhər yuxusunu alır. Və adəti üzrə elə yatağında ikən, kiçik radiosunun düyməsini basır. Eşitdiklərinə inanmayan Hitler radionu qulağına yaxımlaşdırır və hövlnak yerindən qalxaraq yataq otağındakı stolun üstündə olan telefonun dəstəyi qaldırır, Moskva yaxınlığındakı alman qoşunlarının komandiri ilə calaşdırmağı əmr edir. Rabitə yaradılır. General rütbəli dviziya komandiri özünü sona qədər təqdim etməyə macal tapmır. Hitler onun sözünü yarımçıq qoyur:

- Siz general deyilsiniz, eşşəksiniz. Gözünüzün qabağında ruslar parad keçirir, siz isə donuz kimi yatırsınız.

- Mənim fürerim, hava şəraiti uçuşlara imkan vermir.

- Əsl təyyarəçi istənilən havada uçmağı bacarır. Məni ən yaxşı təyyarəçilərlə calayın.

Dəstəyi yaxınlıqda olan ober-leytenanta verirlər:

- Mənim fürerim, ober-leytenant sizi eşidir.

- Siz əsl almansınız, mən inanıram ki, siz ən yaxşı təyyarəçisiniz, siz artıq ober-leytenant deyilsiniz, kapitansınız, yox-yox, mayorsunuz. Elə indi, bu dəqiqə qırıcıları havaya qaldırın, Qırmızı meydanı bombalayın...

Qırmızı meydanda isə parad artıq sona çatmışdı, sovet qoşunları almanların qırıcı təyyarəlirini havaya qalxmadan bombalarla zərərsizləşdirmişdilər. Paraddan keçən qoşun hissələri isə birbaşa cəbhələrə yollanmışdılar. Hitler isə Levitanın səsləndirdiyi məlumatlara qulaq asa-asa yataq otağında əsəbi halda var-gəl edirdi.

İlham Cəmiloğlu, Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar