Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İranı çökdürən neft: Etirazlar ABŞ-la danışıqlar qapısını açır

19-11-2019, 19:45   


İranı çökdürən neft: Etirazlar ABŞ-la danışıqlar qapısını açır

İranda əhalinin benzinin qiymətinin artırılmasına qarşı keçirdiyi etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri onlara qarşı odlu silahdan atəş açıb. 

Noyabrın 17-də İranın polis qüvvələri Tehranın Vəfadari küçəsində etirazçılara qarşı həqiqi güllələrdən istifadə etməklə, atəş açıb və nəticədə bir neçə nəfər ölüb. İranda internetin kəsilməsi səbəbindən hələ ki, ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur. Xatırladaq ki, “dini lider” Əli Xamneyi elə həmin gün etdiyi çıxışda benzinin qiymətinin artırılmasına dəstək görtərib, etirazçıları “təxribatçı” adlandırıb və təhlükəsizlik qüvvələrini “lazım olan tədbirləri görməyə” çağırıb.

İranın rəsmi mənbələrinin yaydığı məlumatda polislə qarşıdurma ilə müşayiət olunan etiraz aksiyaları zamanı ümumilikdə 5 nəfərin həlak olduğu bildirilir. Onlardan 3-nün etirazçı, 1 nəfərin polis, 1-nin isə bəsic olduğu qeyd edilir . 1000-dən çox insanın həbs edildiyi xəbər verilir.

Qeyri-rəsmi məlumatlarda 40 nəfərdən çox insanın təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirdiyini bildirilir. Bu arada ABŞ İran hökumətinin dinc etirazçılara qarşı zor tətbiq etməsini kəskin pisləyən iki bəyanat yayıb. “Amerika Birləşmiş Ştatları İran xalqının rejimə qarşı dinc etirazını dəstəkləyir. Biz, İslam Respublikası hakimiyyətinin dinc etirazçılara qarşı öldürücü üsullardan istifadə etməsini, ölkədə sərbəst informasiyanın mübadiləsinə məhdudiyyət qoymasını pisləyirik. Təəssüflər olsun ki, İran rejimi kor bir təəssübkeşliklə hərbi nüvə və raket proqramını davam etdirir, beynəlxalq terrorizmə dəstək verir. Bununla da bu rejim elə bir iş görüb ki, başıuca bir millət başqalarına ibrət dərsi olsun”-bəyanatda belə qeyd edilir. Xatırladaq ki, İranda sosial-iqtisadi tələblər fonunda başlanmış aksiyalar qarşısıalınmaz hala gəlib. Ancaq bu prosesin davamlı hal alması siyasi müstəviyə transfer edə bilər. Təbii ki, ABŞ mövcud situasiyadan yararlanmağa çalışacaq. Rəsmi Vaşinqton Tehran rejimindən nüvə proqramı məsələsində güzəştə getmək, eləcə də Suriya, İraq və Yəməndən çıxmağı tələb edəcək. Əks təqdirdə, İran hakimiyyətinə qarşı təzyiqlər güclənəcək. Yəni etirazlar daha uzunmüddətli və geniş miqyas ala bilər. 

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, İranda başlanmış etiraz aksiyalarının yaxın vaxtlarda dayanması gözlənilimir. Bu da İranın iqtisadi vəziyyətinin ağır olması ilə bağlıdır. Ölkədə milli gəlirin kəskin azalması, qiymət artımı fonunda dərinləşən inflyasiya və xalqın sosial durumunun pisləşməsi rejimdən narazılığı pik həddə çatdırıb. Hakimiyyətin aksiya iştirakçılarına qarşı güc tətbiqi isə problemi həll etməyəcək:

“İrana qarşı tətbiq olunan sanksiyalar öz nəticəsini verməkdədir. Bu proses hələ ötən ilin dekabr ayında özünü göstərməyə başladı. Həmin vaxt İranda güclü inflyasiyanın baş verməsi kütləvi aksiyaların keçirilməsinə gətirib çıxartmışdı. Son günlər İranda baş verən etiraz aksiyaları zamanı, hətta bəzi hallarda 25 nəfər, digər məlumatlarda 35-40 nəfərə yaxın insanların ölməsi ilə bağlı məlumatlar var. Yaralıların da sayı az deyil. Bundan başqa yüzlərlə həbs edildiyi bildirilir. Məsələ burasındadır ki, bu etirazlar İranın yüzdən çox şəhərində keçirilir. Yəni aksiyalar bütün İran üzrə baş qaldırıb. Bu da çox təhlükəlidir. Amma həmin hadisələr İranda hakimiyyət böhranı demək deyil. Bu İranda İllər uzunu davam edən iqtisadi və maliyyə böhranının daha da dərinləşməsi deməkdir. Məsələn, Prezident Həsən Ruhani bildirib ki, 2011-ci ildə İranın neftdən əldə etdiyi gəlir 110 miyrad dollar təşkil edirdi. İndi isə belə gəlir yoxdur. Yaxud, Həsən Ruhani iddia edr ki, benzin əhaliyə 12 dəfə ucuz satılır. Prezident eyni zamanda qeyd edir ki, İran son 40 ildə hazırkı səviyyədə iqtisadi böhrana düşməyib. Həsən Ruhani bəyan edib ki, İran bir tanker nefti dünya bazarına çıxartmaq üçün üzləşdiyi çətinliklə heç vaxt üzləşməyib. Bu ABŞ-ın dövlət katibi Mayk Pompeonun ötən il verdiyi bəyanatın öz təsdiqini tapması deməkdir. Pompeo bəyan etmişdi ki, biz İranın neft ixracatını sıfıra endirəcəyik. Noyabrın 15-dən başlanan aksiyalar isə göstərir ki, İranın neft ixracatı sıfıra enmək üzrədir. İran iqtisadiyyatı da neft və neft məhsullarının satışından əldə olunan gəlirlərdən asılıdır. Ölkədə xarici sərmayənin həcmi də demək olar ki, yox səviyyəsindədir. Ona görə də İran rəhbərliyi neft və neft məhsullarından daxil olan gəliri kompensasiya etmək üçün benzinin qiymətini artırmalı olub. Lakin daxili bazarda baş verən bahalaşma əhalinin cibinə uyğun deyil. Çünki neft məhsullarının qiymətlərinin artması digər məhsulların da bahalaşmasına səbəb olacaq. Deməli, İranda davam edəcək qiymət artımı ciddi sosial-iqtisadi etirazlarla müşahidə olunacaq. Doğrudur, Prezident Həsən Ruhani və daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli etirazların qarşısının güc yolu ilə alınacağını bəyan edib. Amma bu çıxış yolu deyil. Hadisələrə münasibət bildirən Prezident Həsən Ruhani benzinin bahalaşmasından ziyan çəkən 19 milyon ailəyə 5-18 dollar arası subsidiya veriləcəyini deyib. Bu ödənişlərin iki mərhələdə və hər ay həyata keçiriləcəyi qeyd edilir. Lakin İranın 19 milyon ailəyə 5-18 dollar yardım edəcəyi real görünmür. Bu, sadəcə olaraq, cəmiyyəti sakitləşdirmək üçün edilən manevredici vədlərdir. Problemi yaradan amil ABŞ-ın sanksiyalarıdır. Amma görülən tədbirlərin heç biri ABŞ-ın sanksiyalarını yumşaltmayacaq. Yəni həbs olunan etirazçılara atəş açmaq, onları həbs edib işgəncəyə məruz qoymaq sanksiyaları aradan qaldırmayacaq. Ölkəni bu vəziyyətə gətirb çıxaran İran hakimiyyətinin siyasətidir. İran rejimi neftdən əldə edilən gəliri silahlanmaya, raket istehsalına, Suriyada, Yəməndə Livanda müharibələrə sərf edib. İran uzun illərdir Ayətullah Xomeyninin dünyanın müxtəlif ölkələrinə tranformasiyası məqsədilə külli miqdarda vəsait xərcləyib. Amma bunun heç biri nəticə verməyib və heç bir ölkədə də islam inqilabları baş verməyib. Əksinə, həmin pullar İranın özünə qarşı işləyir. Livanda da Suriyada da, İraqda da qarışıqlıqdır. Bu rejim İranın milli gəlirini düşmənləri xarici ölkələrdə qarşılamaq üçün xərcləyib və batırıb. Nəticədə, İran vətəndaşlarının sosial vəziyyəti ağırlaşıb. Ona görə də İran hakimiyyəti vəziyyətdən çıxmaq üçün Amerikanın şərtlərini qəbul etməlidir. Yəni İranın nüvə proqramı ilə bağlı qapılarını bütün müfəttişlərin və amerikalı mütəxəssislərin üzünə açmalıdır. Bunun nə qədər mümkün olduğunu demək çətindir. Ola bilsin ki, İran hakimiyyəti rejimin dəyişdirilməcəyinə təminat aldıqdan sonra nüvə obyektlərini ABŞ üçün açıq elan etsin. Digər ehtimal isə güzəştə getmədən müqavimətin davam etdirilməsidir. Hər iki halda, hətta islahat dərinləşə bilərsə, İrandakı rejimi ciddi sınaqlar gözləyir. Yəni bu proses İranda rejimin dəyişməsindən tutmuş fərqli situasiyaların yaranması və vəziyyətin ağırlaşması ilə nəticələnə bilər. Ancaq bu hazırkı mərhələdə İranın parçalanması demək deyil. İranda çox ağır maliyyə-iqtisadi böhranı yaşanır və hakimiyyət bunun öhdəsindən gələ bilmir”.

Ekspertin fikrincə, ABŞ yaranmış rəsmi Tehrana qarşı təzyiq vasitəsi kimi istifadə edəcək. İran hakimiyyəti nüvə, raket proqramları və Yaxın Şərqdən çəkilmək məsələsində güzəştə getməyənə qədər iğtişaşlar davam edə bilər. 

“General Qasim Süleymani və “Qüds” ordusunun İraqdan Fələstinə və Yəmənə qədər qanuni, yaxud qanunsuz yerləşdiyi bütün bölgələrdən çıxmalıdır. Çünki İran bu məsələyə külli miqdarda vəsait xərcləyir. Lakin İran gəlir əldə edə bilmədiyinə görə ölkənin maliyyə-iqtisadi sistemi böhran vəziyyətinə düşüb. İranı bu vəziyyətə çatdıran ABŞ-dır. Vaşinqton da İranın bu vəziyyətindən faydalanacaq. İranın bu cür sərt davranışlar nümayiş etdirməsi ABŞ-ın maraqlarına cavab verir. İndi İranın qarşısında iki yol dayanıb. Rejim Amerika ilə danışıqlara gedə və güzəştə getdiyini etiraf etməmək üçün bunu “qəhrəmanlıq” kimi qələmə verə bilər. 2015-ci ildə nüvə proqramına dair ABŞ-la razılaşma əldə olunanda da ali lider Ayətullah Xamneyi bildirdi ki, İran qəhrəmancasına danışıqlara gedir və şərtləri qəbul edir. Əslində, bu İranın məğlubiyyəti idi. Yenə də bir bəhanə tapıb danışıqlara gedə bilərlər. Amma fakt ABŞ-ın bu siyasi oyunda qalib gəlməsidir. Artıq İran bir tanker nefti dünya bazarına çıxara bilmir. İran öz sərhədləri daxilinə çəkilməlidir. Qasim Süleymaninin xaricdə silahlı dəstə saxlamağa vəsaiti qalmayıb. Qeyd edim ki, İraqla müharibədən sonra İran əhalisi özü üçün iqtisadi komfort formalaşdırmışdı. Ölkədə iqtisadiyyatda, milli valyutanın məzənnəsində sabitlik yarandı, alıcılıq qabiliyyəti artdı. İndi bu komfort pozulub və vətəndaş da belə vəziyyətə etiraz edir. İran əhalisi indiyə qədər rejimin bütün siyasi tələblərinə əməl edib. Amma hazırda hakimiyyətin onun özünə qarşı yürütdüyü siyasətə etiraz edir. İran vətəndaşı artıq hakimiyyətə inanmır. Rejimlə əhali arasında ciddi uçurum yaranıb. Bu çox ciddi fəsadlara gətirib çıxara bilər. Belə bir hadisə perspektivdə İran hakimiyyətinin daxilində ziddiyyətlərə gətirib çıxara bilər”.

Sədrəddin Soltanın proqnozlarına görə, etiraz aksiyalarından sonra hakimiyyətdəki islahatçı qanadın sosial bazası arta bilər. Bu da hazırda hakimiyyətə nəzarətin və siyasi gücün mühafizəkarların əlində olması ilə bağlıdır. Sədrəddin Soltan onu da vurğuladı ki, hakimiyyət daxilində müəyyən bir qrupun ABŞ-la danışıqlara göndəriləcəyi istisna edilmir. Amma bunun tezliklə baş verəcəyini söyləmək çətindir. 

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar