Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Sərhədsiz Reportyorlar”: Azərbaycan hakimiyyəti siyasi və jurnalist plüralizmini məhv edir

14-02-2020, 08:41   
 



Paris/13.02.20/Turan: Fevralın 9-da keçirilmiş səsvermədən sonra “Sərhədsiz Reportyorlar” (RSF) Bakıda jurnalistlərin çalışmasına mane olan ən az 18 hadisəni müəyyən edib. Bəzi hallarda KİV işçiləri fiziki zorakılığa məruz qalıblar. Hakimiyyət bu zorakılıqda günahkar olanları məsuliyyətə cəlb etməlidir. Bu barədə “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatının bəyanatında deyilir.
Çərşənbə gününə keçən gecə xüsusi təyinatlı polislər Bakıda Mərkəzi Seçki Komissiyasının qarşısında oturaq keçirən deputatlığa namizədləri zorla dağıdıblar. Bəzi jurnalistlər qaça bilib, lakin onlardan xeyli saxlanılıb və döyülüb.
 “Onlar məni maşına itələdilər, orada üç polis məni əlləri və ayaqları ilə döydülər”, - “Basta.info” saytının redaktoru Mustafa Hacıbəyli Facebook səhifəsində yazıb. “Üzüm qan içində idi”, - o əlavə edib.
Aksiya iştirakçılar zorla avtobusa mindirilərkən hadisəni işıqlandıran yeddi  qadın jurnalist polis tərəfindən döyülüb, onların kameraları və telefonları götürülüb.
“Meydan” TV-nin reportyoru Sevinc Vaqifqızı əl və üz nahiyəsindən ciddi xəsarət alıb. “Amerikanın səsi”nin  jurnalistləri Ülviyyə Quliyeva və Aygün Rəşidova, “Azadlıq” radiosunun müxbiri Aytən Məmmədova və müstəqil jurnalistlər Aynur Elgünəş və Aytac Tapdıq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onları şəhər ətrafına aparıb və gecə yarısına yaxın şossedən uzaqda  sərbəst buraxıblar. Onların üç həmkarı, tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova da daxil olmaqla, onların ardınca  taksidə gəliblər, ancaq onlar da saxlanılıb və döyülüb.
“Azərbaycan hakimiyyəti öz beynəlxalq öhdəliklərinə və KİV azadlığına və təhlükəsizliyinə zəmanət verilməsi barədə vədlərinə baxmayaraq, siyasi və jurnalist plüralizmini məhv etməyə davam edir”, - Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri Janna Kavelye bildirib.
Müstəqil mətbuat seçki qaydalarının kobud şəkildə pozulduğunu, jurnalistlərin hüquq- mühafizə orqanları və seçki komissiyalarının əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər.
“Biz şəffaf araşdırma aparılmasını, bu zorakılığı törədənlərin mühakimə olunmasını,  Avropa İnsan Hüquqları Konvensiyasına, Mülki və Siyasi Hüquqlar haqda Beynəlxalq Pakta əməl olunmasını tələb edirik”, - o vurğulayıb.
 “Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb, onlara işləməyə imkan verilməyib.
 Belə ki, “Azadlıq” radiosunun əməkdaşı İslam Şıxəli təzyiqə məruz qalıb və bu  videoda öz əksini tapıb.
Başqa bir videoda bir neçə nəfər BBC-nin müxbiri Aygün Mehmanın çəkiliş aparmasına mane olmağa çalışır. Seçki komissiyasının üzvü “Yeni Cümhuriyət” saytından Əli Səfərin kamerasını sındırıb.
Frilanser Fatimə Mövlanlı, Turan agentliyinin reportyorları Əziz Kərimov və Fərid Qəhrəmanov, “Amerikanın səsi” radiosunun müxbiri Pərvanə Bayramova və “Abzas.net” onlayn KİV-in redaktoru Ülvi Həsənli seçki məntəqələrində və şəhərin küçələrində təzyiqlərə məruz qalıblar.
9 fevral seçkilərindən öncə bəzi KİV və müxalifət saytları bloklanıb və ya sındırılıb, məsələn, “Basta.info” “Youksalich Namina”.
2019-cu  dünya mətbuat azadlığı indeksində Azərbaycan 180 ölkə arasında 166-cı yerdədir. Əksər tənqidi KİV, əsas müstəqil xəbər saytları bağlanıb və hazırda ən azı altı jurnalist həbsdədir, bəyanatda deyilir.-02D-
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar