Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İktidarın islahatları bitdimi - nələr dəyişmir...

20-05-2019, 08:55   
 

Ox öz yayından çıxıb. Hətta imitasiya xatirinə nəzərdə tutulan proqram da günün birində reallığa çevrilməyə məhkumdur. Xalq kütlələrini aldatmaq qazanılan dividentləri itirməklə bərabər geriyədönüşün rəsmiləşdirilməsidir.
Yəni, bizdən əlinizi üzün, dəyişə bilmirik, xəmirimiz belə yoğrulub. İndi Azərbaycan hakimiyyətinin rəng alıb, rəng verən simasının qarşısında dayanan ən böyük əlahiddə missiya başlanan yeni yolu davam etdirməkdir. Keçmiş məzarlıqdır, dərin bataqlıqdır, ondan qurtulanlar həm özlərini, həm xalqları xilas etmiş olurlar.
Anaxeber.info xronoloji ardıcıllıqla yazır ki, Azərbaycan hakimiyyəti yanvardan sonra dəyişən üzünün çoxlarının bəyəndiyini gördü. Müxalifətdən, müstəqil mediadan, Qərb təşkilatlarından alqışlar, pozitiv mesajlar gəlməkdəydi.
1 Xalq kütlələri şəhid ailələrinə verilən qan pulu, problemli kreditlərin həlli, qaz limitinin artırılması, zəlzələ qurbanlarına diqqət üçün İlham Əliyev iqtidarına minnətdarlıq elədi.
2 Mehman Hüseynovun və ardınca Novruzda verilən əfv fərmanı ilə 52 siyasi məhbusun azad olunmasına görə İlham Əliyev iqtidarını Avropa İttifaqı, ATƏT və . alqışladı.
3 Hər şey media müstəvisində də yaxşı gedirdi: Meydan TV-çilərin üzərindəki “Stop”un götürülməsi, ANS-in işinə xitam verilməsi, Azadlıq radiosunun açılması gözləntisi, beynəlxalq təşkilatların Bakıda ofislərini bərpa etmək ehtimalı.
4. Mədəniyyət xadimlər ilə görüş, küsülü “KVN”-şiklərə efirdə “yaşıl işıq”, H.Z. Tağıyevə heykəl qoyulması, aktyorların maaşının artımı, kinoya 5 milyon ayrılması, “Salaam Cinema”nın binasının söküntüsü etirazlarına reaksiya s.
Bir sözlə, hakimiyyət bütün zümrələri nəzərə alaraq, ictimai rəyi eşidərək, çağırışlara səs verərək bir açılım etmişdi. Bunun ardınca daha irimiqyaslı sosial-iqtisadi, o cümlədən siyasi islahatlar gözlənilirdi. Hətta Avropa İttifaqı ilə saziş bağlanması da kulminasiya nöqtəsi olacağı ehtimalıydı.
Ənənəvi müxalifət, yəni klassik demokratlar gedişatı 19 yanvar mitinqi ilə əlaqələndirirdilər. Həqiqətən də son illərin ən izdihamlı, ən güclü nümayişi baş tutmuşdu. Lakin hakimiyyət neylədi? - islahatların tempini aşağı saldı, tormozlama kursu götürüldü.
Həbsdən çıxan Bayram və Qiyasın təkrar saxlanması, REAL-çı, Mirzə Babayevin nəvəsi Emin Babayevin mənasız yerə cərimələnməsi, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının statuslarına görə baş polisə çağırılıb xəbərdarlıq edilməsi, problemli kreditlərlə bağlı kompensasiyaların ödənişində vətəndaşların incidilməsi, banklarla insanların üz-üzə qalması, aqrar sektorda bir qarış da irəliləyiş olmaması, sosial təminat sahəsində Səlim Müslümovdan qalan rüşvətin kökünün kəsilməməsi, təhsil, səhiyyənin “reanimasiya”dan çıxarılmaması, medianın müstəqilliyinin, reklam bazarının inkişaf etdirilməsi üçün heç bir addımın atılmaması, müxalifətin ardıcıl mitinq müraciətlərinə rədd cavabı verilməsi, həmçinin mühacirlərə barış əli uzatmaq təklifləri səsləndiyi halda, ayrı-ayrı deputatların onları vətənə dəvət etdiyi zamanda Tural Sadıqlıya cinayət işi açılması, ən əsası cəmiyyətdən gələn sosial sifariş olan ciddi kadr islahatlarının həyata keçirilməməsi göstərdi ki, iqtidar radikal dəyişikliklərdən çəkinir, tam demokratik açılım siyasətinə hazır deyil - həm iqtisadiyyatda, həm siyasətdə...
Bu məsələdə əşhədü təsiri olan köhnə qvardiyanın xidmətlərini də qeyd etmək lazımdır. Onlar cümlə geriləməyə bais qüvvələrdirlər.
Ancaq prezidentin siyasi iradə ortaya qoyaraq atdığım son addımların davamı olaraq ən çox şikayət edilən nazirlərin işdən çıxarılması labüd idi, bunu edə bilərdi.
İlk növbədə səhiyyəni sallaqxanaya çevirmiş nazir Oqtay Şirəliyevin hələ də niyə bu vəzifədə qalması sual doğurur. O, çoxdan yola salınmalıydı.
Çox uzağa getməyək, elə jurnalist Teymur Kərimlinin nazirlik qarşısındakı aksiyası, paltarlarını satışa çıxarıb pulu ilə anasını müalicə etdirəcəyini söyləməsi ölkə səhiyyəsinin hansı yerə gəlib çatdığını yuxarılara izah edirdi.
O.Şirəliyev Azərbaycan səhiyyəsini tamamilə məhv edib. Bu həyəcanlı vəziyyət Ceyhun Bayramovun “Elina təhsili”ndə, Sahil Babayevin “xəstə, qoca inəkli özünüməşğulluq proqramı”nda da öz əksini tapır.
Bütün etirazları, narazılıqları boğmaq üçün köhnə metodika olan həbslərdən yenə istifadə olunması, Saatlıda cəbhəçinin övladına toy etməyə maneə yaradılması, prezidentdən iş istəyən gəncin Saatlı RİH-də döyülüb, sonra 15 sutka cəzalandırılması isə iqtidarın “ağ inqilab” projesi ilə daban-dabana ziddir.
Sanki hansısa gizli əllər dövlətin içində dövlət yaratmaq, islahatlarla paralel gözdən salma siyasəti yürütmək, xalqın iqtidarla bağlı bərpa olmuş inamını təzədən dəfn etmək arzusundadır.
Amma ox doğurdan da yaydan çıxıb. Tarix və təcrübə göstərir ki, irəliyə addım atmış hakimiyyətlərin geriyə dönüş imkanı olmur. Kütlələr daha da yenisini tələb edir, sistemin keçmiş qaydalarının qaytarılmasına boyun əymirlər.
O baxımdan prezidentin ictimai rəyin ürəyincə olan son davranışlarını irəlilətməsi, sentyabrdan geniş islahat paketi ilə hərəkətlənməsi zəruridir. Zatən özü də bəyan edib ki, islahatların alternativi yoxdur, struktur köhnəlib, sistematik və kadr dəyişiklikləri getməlidir. 
Anaxeber.info
Vüqar Abıyev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar