Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Parlamentin buraxılması, payıza seçki təyin olunması istisna deyil

20-06-2019, 07:14   
 

Hakimiyyət qızmar yayın ortasında soyuq duş effekti verən qərarla cəmiyyəti ayıltdı. İlin yarısı tamam olmamış prezident ikinci dəfə minimum əmək haqqını 40 fazi artırdı.
Bu ilin əvvəlində isə 50 faiz artım olmuşdu. Yəni, 6 aya iqtidar 90 faiz minimum əmək haqqını qaldırdı. Xub!
Anaxeber.info yazır ki, lakin analitiklər hökumətin bu vətənpərvərliyini, xalqsevərliyini təhlil etmək üçün baş sındırırlar. Axı nə baş verdi? Hakimiyyət niyə belə edir?
Əhali öyrəşmişdi ki, ildə 1 və ya 2 dəfə, yaxud da seçkidən seçkiyə 10-12 manat pensiya, maaş artımı edəcək. Sonra bahalaşma həmin artımı da “yeyirdi”.
Ancaq prezidentin 2019-cu ildən başlanan irimiqyaslı islahatlar strategiyasında qırmızı xətt kimi minimum əmək haqlarının artırılması keçir.
Ölkədə sentyabrdan minimum maaş 250 manat olacaq. Bu dəyişikliyə müəyyən qədər ictimai rəyin də təsiri istisna deyil.
Xatırlayırsınızsa, MDB ölkələri arasında ən az əmək haqqı olan ölkə Azərbaycan göstərilmişdi və sosial şəbəkələrdə ciddi reaksiya doğurmuşdu.
Ən azından bu məsələdə düşmən ölkədən geri qalmağımız faktoru rol oynamışdı. O demək deyildi ki, Ermənistan iqtisadiyyatı Azərbaycandan qabaqcıldır. Sadəcə, statistika və rəqəmlərdə uduzurduq.
Digər tərəfdən, hakimiyyət yeni siyasi-iqtisadi modelin tətbiqinə başlayıb. Artıq postneft dövrüdür. Qeyri-neft sektorunun inkişafına və gömrükdə şəffaflaşmaya, kölgə iqtisadiyyatının aradan qaldırılmasına əşhədü ehtiyac yaranıb.
Paralel olaraq, köhnə qvardiya ilə vidalaşma prosesi sürətlənib, yeni kadrlar vəzifələrə çəkilir, zamanla ayaqlaşan gənclər nazir, məmur postlarına yerləşdirilir.
Bunun davamı olaraq çoxdan proqnoz edilən və gözlənilən növbədənkənar parlament seçkiləri payızda reallaşa bilər. Ona görə də ekspertlər yayın tən ortasında minimum əmək haqqının 40 faiz qaldırılmasını gözlənilən seçki ilə əlaqələndirirlər. Hakimiyyət seçkiqabağı sosial rifahın yaxşılaşdırılması, narazılığın neytrallaşdırılması üçün indidən cəmiyyətə mesaj verir ki, maaşları artırırıq, xalqın qayğısına qalırıq. O zmana sual yaranır ki, növbədənkənar seçki iqtidarına nəyinə lazımdır, hansı zərurətdən doğur.
Əvvəla, seçkinin olacağını əminliklə söyləmək çətindir. Yalnız hazırkı parlamentin tərkibi, deputatların səviyyəsi ölkənin siyasi rəhbərliyini qane etmir.
Necə ki nazirliklərdə, komitələrdə yeni, müasir kadrlar irəli çəkilir, eləcə də parlamentdə dəyişiklik qaçılmazdır.
Ötən dövrdə baş verənlər, bir çox deputatların sayıqlamaları, cəmiyyətdə qıcıq doğuran açıqlamaları, xalqın iqtidara qəzəbini körükləyən çıxışları siyasi iqtidara diktə edir ki, indiki parlamentlə tezliklə üzlüşsün.
Bunun üçün münbit şərait gözlənilir və beynəlxalq rəy öyrənilir. Hazırda rəsmi Bakının ABŞ, Qərb, Rusiya və İranla münasibətlərində hər hansı narahatlıq doğuran nüans olmadığına görə parlamentin buraxılması, payıza seçki təyin olunması istisna deyil.
Çünki hakimiyyət deputatların fəaliyyətindən narazıdır, onların çoxu biznesmendir, “ağzına su alıb oturanlar”dır, iqtidarı fəal müdafiə edə bilmirlər, Milli Məclisə layiq deyillər. Hakimiyyət siyasi islahatların bir tərkibi olaraq həm də müxalifətli yeni parlament formalaşdırmağa hazırlaşır.
Anaxeber.info yazır ki, iyunun 18-də minimum əmək haqqının artırılmasının ikinci başı ölkəni gözləyən devalvasiyadır. Şübhəsiz ki, maaş artımı istehsalı olmayan ölkədə inflyasiyaya səbəb olacaq.
Ölkə iqtisadiyyatı parazitdir və bəsit sistem üzərinə inşa edilib, ölkə əlavə dəyər yaratmır, ixracın 91,2%-i enerji resurslarıdır, ciddi valyuta gətirən tək sahə də təbii sərvətlərdir.
Deməli manatla ödənilən maaşlar, təqaüdlər artırsa, büdcəyə ödəmək üçün Neft Fondundan götürülən dollar da artmalıdır ki, onu manata çevirib artmış xərcləri ödəyəsən, ya da, dollar olaraq məbləğ dəyişməyəcək.
İqtisadçılar proqnozlaşdırırlar ki, hakimiyyətin maaş artımı qərarı seçkilərdən daha çox, sentyabrda ola biləcək devlavasiyaya hesablanıb.
Maddi nemətlər istehsal edə, əlavə dəyər yarada bilməyən ölkələrdə maaş-təqaüd artımı həmişə inflyasiyanı yüksəldir, milli valyutanın məzənnəsini aşağı salır.
İqtisadçı Natiq Cəfərli yazıb ki, maaş artımı qərarı gələcək devalvasiyanın müjdəsidir, çox güman, sentyabrda başqa məzənnə rejimi görəcəyik. Bu halda seçki 2020-də keçiriləcək.
İndi ölkəni iki sınaq gözləyir - ya seçkiyə, ya devalvasiyaya gediləcək. İstənilən halda birincinin tərəfindədir.  Amma yaxşı olardı ki, maaş artımından daha çox, enerji resurslarının qiyməti ucuzlaşsın.
İş yerləri kəskin azalıb, gəlirlər böyük bahalaşma fonunda yarıbayarı kəsilib, dövlət resurslarına əlçatmazlıq yüksəlib, bankların iqtisadiyyatda iştirakçılığı məhdudlaşıb, monopoliya dərinləşib, vergilər, rüsumlar artıb və s...
İndi bu problemləri yoluna qoyub əhalinin qazanmasının yollarını açmaq lazımdır. Yəni ASAN ödəmək məsələsi həll olunub, indi asan qazanmağı təmin etmək vaxtıdır.
Əks təqdirdə, infilyasiya qısa müddətdə maaş artımlarını "yeyəcək" və əvvəlkindən daha pis sosial vəziyyət yaranacaq. Ona görə, hakimiyyət payıza qədər bu sahələrdə vacib olan tədbirləri həyata keçirmək haqqında düşünməlidir.
Bütün hallarda Azərbaycan qaçılmaz olan yeni siyasi dönəmə qədəm qoyur. Burada şərtlərin necə olacağı prosesdə iştirak edən qüvələrin mövqeyindən və onlara cəmiyyətin münasibətindən və dəstəyindən asılıdır. 
Birmənalı pozitiv məqam cəmiyyətin ətalətdən, monoton siyasi mühitdən çıxması və dinamik proseslərə zəmin yaranacağından ibarətdir...

Anaxeber.info
Vüqar Abıyev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar