Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağda atəşkəs razılaşması və sülhməramlılar - Erməni istəyi, yoxsa Kremlin təklifi?

9-11-2020, 16:01   


Qarabağda atəşkəs razılaşması və sülhməramlılar - Erməni istəyi, yoxsa Kremlin təklifi?

Son günlər sosial media səhifələrində və Türkiyənin bəzi mətbu orqanlarında Qarabağda atəşkəs razılaşmasının olacağına dair xəbər yayılır.
Bildirilir ki, Ermənistan ordusu 5 rayondan dərhal, 2 rayondan isə 15 gün ərzində çıxacaq. Bundan başqa qeyd olunur ki, Laçın dəhlizindən əlavə olaraq Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək ikinci dəhliz açılacaq. Atəşkəsə nəzarəti isə Rusiya və Türkiyə sülhməramlıları yerinə yetiriləcək.
Maraqlıdır, belə xəbərləri yaymaq kimə sərf edir və bu informasiya nə qədər reallığı əks etdirir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, bu yəqin ki, Şuşanın azad edilməsindən sonra Rusiya ilə Türkiyə prezidentlərinin telefon danışığından qaynaqlanan fikirlərdir:
“Dünən Şuşa azad ediləndən sonra Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etdi. Ardınca da Türkiyənin iki naziri- Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hülusi Akar Bakıya gəldi. Elə təəssürat yarandı ki, Putin Ərdoğana nəsə təklif edib, o da Azərbaycan tərəfini məlumatlandırmaq üçün iki nazirini Bakıya göndərib. Amma konkret nələrin danışıldığını deyə bilmərik. Biz demək olar ki, 5 rayonu azad etmişik. Digər rayonların da boşaldılma qrafiki verilməlidir. Ermənilər bu istəklərini Rusiya vasitəsi ilə bizə çatdırırlarsa, onda qrafiki də təqdim etsinlər”.
E.Şahinoğlu sülhməramlı məsələsinin təhlükəli olduğu qənaətindədir:
“İndiki zamanda sülhməramlı məsələsi çox təhlükəli mövzudur. Birincisi, dinc əhali qalmayıb. Belə olan halda hansı sülhməramlıdan söhbət gedəcək? Rusiya və Türkiyə sülhməramlıları haqqında fikirlər dolaşır. Mən müharibədən əvvəl bunun uyğun olduğunu demişdim. Təklif etmişdim ki, əgər ermənilər Rusiya sülhməramlılarını tələb edirlərsə, biz də Türkiyə sülhməramlılarını təklif etməliyik. Amma indi vəziyyət fərqlidir. İndi Rusiya və Türkiyə sülhməramlıları ancaq sərhəddə yerləşdirilə bilər. Rusiyalı hərbçilər İranla sərhəddə necə dayanıblarsa, Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində yerləşsinlər. Azərbaycan tərəfindən də Türkiyə sülhməramlıları sərhəddə yerləşsin. Bu, ermənilərin atəşkəsi pozmaq cəhdinin qarşısını ala bilər. Amma sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsi bizə uyğun deyil. Dağlıq Qarabağda da bizim dövlət qanunlarımızı qəbul edən ermənilər yaşaya bilərlər. Gəlib yenidən bizim qanunlarımızı qəbul etməyib, müstəqillikdən dəm vuran erməniləri qəbul edə bilmərik. Bu, növbəti 30 ildə yenidən problem deməkdir”.
Ekspert bildirib ki, ermənilər artıq 3 dəfə- 1905, 1920 və 1987- ci illərdə bizə problem yaradıblar:
“4-cü problemə göz yuma bilmərik. Qaldı iki bölgənin 15 günə boşaldılma söhbətinə, bu da hiyləyə oxşayır. Orda 15 günə boşaldılmalı olan nə var axı? Yenə də istəyirlər danışıqları uzatsınlar. Ermənilər danışıqlar müddətində deyə bilərlər ki, yox, artıq biz çıxmırıq. Bu da danışıqları yenidən uzada bilər. Amma indi rahat işimizi görürük və kimsə də bizə mane olmur. Rusiya belə təkliflə çıxış etsə də inanmıram ki, Azərbaycan və Türkiyə tərəfi bunu qəbul edə”.
Əli Bədir
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar