Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin hər iki tərəfin “göz yaşlarına inanmır”: Kremlin sükutunun sensasion - Pərdəarxası...

27-07-2020, 09:46   


Moskva heç bir tərəfin “göz yaşlarına inanmır”. Regionun sahibi sadəcə, sakit və təmkinlidir. Hətta Rusiya prezidenti Vladimir Putin tərəfləri Soçiyə və yaxud Kremlə də dəvət etmir.

 Anaxeber.info-nun təhlilçiləri yazırlar ki, iyulun 12-dən bəri Ermənistanla Azərbaycan arasında baş verən hadisələri Rusiyanın susqunluqla müşahidə etməsinin bir neçə istiqamətləri var.
Moskva Tovuz döyüşlərinə, daha sonra Avropa və Amerikada azərbaycanlılarla ermənilərin küçə davalarına, prosesin Rusiyaya sıçramasına gözlənilməz soyuqqanlılıqla, müdrik baxışlarla yanaşır.
Əvvəl baş verən insidentlərdə, çox uzaq olmayan aprel müharibəsində Rusiya fəal mövqedən çıxış edirdi. Müdafiə naziri Zakir Həsənov da az əvvəl etiraf etmişdi ki, aprel savaşı ərəfəsində rusiyalı həmkarı Sergey Şoyqu ona zəng edərək hərbi əməliyatları dayandırmağı xahiş eləmiş və ondan bunu Ermənistan tərəfinin istədiyini söyləmişdi. 
Xatırlayırsınızsa, 2016-cı ildə Rusiya XİN başçısı Sergey Lavrov da aktiv fəaliyyətə keçmiş, tərəfləri sakitləşdirmiş, danışıqlar masasına oturmağa vadar etmişdi.
Analoji siyasəti Moskvanın timsalında bu dəfə müşahidə etmirik. Sadəcə, Kremlin sözçüsü Dmitri Peskov Bakı və İrəvanı atəşkəs rejiminə qayıtmağa çağırıb.
Ötən həftə isə Putin iyul eskalasiyasını Rusiya Təhlükəsizlik Şurasında müzakirə etdikdən sonra deyib ki, Moskva vasitəçi olmağa hazırdır. 
O deməkdir ki, ortalıqda nə Şoyqu, nə Lavrov dolaşır. Moskva sanki qarşıdurmaya qarışmır. Hətta Tovuz döyüşləri gedən vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təcili çağırılan iclası da təxirə salındı. Analitiklərimizin fikrincə, ilk növbədə Rusiya-Azərbaycan münasibətlərinə fokuslanmaq lazımdır. 
Bakı-Moskva əlaqələri son illərdə tarixində heç vaxt olmadığı yüksəliş dövründədir. Azərbaycan yaxınlarda Rusiyanın “quyruğunu tapdayan” bir addım atmayıb. 
Dağıstanda yaşananlar və prezident İlham Əliyevin Moskva paradına getməməsi, incikliyi də münasibətlərdə dərin çatlar yaratmadı. 
Rusiya Ermənistanla müttəfiq olsa da, Azərbaycanla dostluq və tərəfdaşlıq mövcuddur, Putinin münasibətləri korlayıb İrəvana görə Bakını açıq-aşkar sıxışdırmaq, təzyiq göstərmək istəmədi.
Fundamental səbəblərdən biri məhz bu əlaqələrdir deyə Kreml üzərimizə gəlmədi. Ancaq heç də Tovuz döyüşlərində erməni təxribatına hərbi dəstəyin olması istisna edilmir. 

 Anaxeber.info şərh edir ki, Moskvanın susqunluğunun digər səbəbi Rusiyanın Azərbaycanın Qərb yaxınlaşmasını tormozlamaqdır.
Türkiyə və İsrailin bizə dəstəyi, ABŞ Konqresində ermənilər əleyhinə iki düzəlişin qəbul olunması Putin administrasiyasını düşündürməliydi.
O baxımdan Moskva Bakı kimi tərəfdaşını Tovuz müharibəsində Ermənistanın ayağına vermək istəmədi. 
Digər tərəfdən isə Putinin Paşinyandan heç xoşu gəlmir. Sərkisyanın devrilməsi və Ermənistanda siyasi hakimiyyətin dəyişməsi Moskvanın maraqları ilə uzlaşmadı. Paşinyan Qərbpərəst siyasət yürütməkdədir.
Ona görə Putin Paşinyan iqtidarının sıxışdırılmasını, Ermənistanda hökumət əleyhinə etirazların körüklənməsini arzulayır.
Sual oluna bilər ki, Putin Paşinyanı sevmirsə, niyə Rusiya Tovuz döyüşlərində Azərbaycana dəstək vermədi? 
Onu nəzərə almaq lazımdır ki, Kremlin İrəvandakı hakimiyyət ürəyincə olmaya bilər, amma Ermənistan onun müttəfiqidir, ölkədə Rusiyanın hərbi bazası var. Yəni, heç vaxt erməniləri təkbətək buraxmazlar. 
Yeri gəlmişkən, prezident Əliyev çıxışında düşmən ölkəyə səslənmişdi ki, gəlin, təkbətək döyüşək. 
Bu, Bakının Moskvaya və bütün dünya ictimaiyyətinə ismarışı idi - Qarabağın hərbi yolla işğaldan azad edilməsində aşkar əngəl güc Rusiyadır. 
Eyni zamanda Türkiyə prezidenti Ərdoğan da eyham vurmuşdu ki, Tovuz müharibəsi erməni işi deyil, arxasında başqa güc var. 
Ərdoğan o gücün Moskva olduğuna işarə vermişdi, sadəcə, Putin bu günə qədər təmkinin pozmur və səbəblərini də yuxarıda sadaladıq. 
Anaxeber.info-nun təhlillərinin bir istiqaməti isə Rusiyanın susqunluğunda Azərbaycanın nümayiş etdirdiyi mövqedir. 
Diqqət edin - 14 iyul gecəsi, o cümlədən Sumqayıtda, ayrı-ayrı yerlərdə keçirilən orduya dəstək yürüşlərində, habelə xaricdə yaşayan azərbaycanlıların təşkil etdiyi mitinqlərdə anti-Rusiya şüarları səslənmədi. 
Etirazçılar Ermənistanı terrorçu dövlət, işğalçı qüvvə adlandırırdı, amma Qarabağın işğalda saxlanmasının əsas səbəbkarı Rusiya əleyhinə heç bir transparat qaldırılmadı, şüar eşidilmədi.
Ola bilsin ki, Azərbaycan hökuməti bu məsələyə ciddi nəzarət edib və həssas yanaşıb. Reallıq budur ki, anti-Rusiya ritorikasının olmaması Moskvanın xoşuna gəlmişdi. Ona görə bu hadisələrə Putin sakit baxır. 
Halbuki, 14 iyul gecəsi Bakıda, o cümlədən ABŞ və Avropadakı aksiyalarda anti-rus plakatlar qaldırıla, “Putin əlini Ermənistanın çiynindən çək” şüarları eşidilə bilərdi. Azərbaycan isə Gürcüstan yolunu getmədi və şimal qonşunu qəzəbləndirmədi. 
Saakaşvilinin dönəmində Gürcüstanda anti-Rusiya əval-ruhiyyəsi güclü idi, indinin özündə də Tiflisdə, ayrı-ayrı şəhərlərdə divarlara “Oppucation Rossia” (işğalçı Rusiya - müəllif) yazılan şüarlara rast gəlmək olur, keçirilən mitinqlərdə Moskvanın Abxaziya və Cənubi Osetiyanı qəsb etdiyi vurğulanır. Bizdə isə fərqlidir, bəlkə də belə daha yaxşıdır, Kremlini qıcıqlandırmırıq və mübarizəni erməni ilə aparırıq. 
Bundan əlavə, Bakı KTMT-yə və ya Avrasiya İttifaqına daxil olmağın perspektivinə skeptik yanaşır. Amma Gürcüstandan fərqli olaraq NATO və Avropa İttifaqına da can atmır. 
Hətta rəsmi Bakı Qərbin bəzi siyasi və məişət standartlarını tənqid edir. Elə bunun özü də Moskvanın xoşuna gəlir. 
Beləliklə, bütün deyilən komponentlərdən irəli gələrək, Rusiya Tovuz müharibəsinə sakit baxdı, o cümlədən Avropadakı küçə döyüşlərinə, Moskvadakı əlbəyaxalara, azərbaycanlıların keçirdiyi mitinqlərə, ermənilərin məhsullarının bazarlarımıza buraxılmamasına (artıq məsələ həll olunub) təmkinlə yanaşdı. 
Üstəlik, istər Putinin sinif yoldaşı İlham Rəhimovun, istərsə Azərbaycan əsilli oliqarx yəhudi Qod Nisanovun Kreml rəhbərinin razılığı olmadan hansısa addım getməsi inandırıcı görünmür. 
Eyni zamanda səfirimiz Polad Bülbüloğlunun azərbaycanlı gənclərin önünə çıxması, onları sakitləşməyə çağırması və “Rusiya sizə çörək verir” deməsi Moskvaya doğru kifayət qədər ciddi jest idi, Putinin xoşuna gəlirdi. 
Bir sözlə, son hadisələrdə Rusiya və Azərbaycan siyasi rəhbərlikləri yetərincə ehtiyatlı siyasət yürütdülər, bir-birinə toxunmadılar, Tovuz müharibəsinə görə ikitərəfli münasibətləri zədələmədilər. Sonrakı plan nədir, görəcəyik...

Anaxeber.info
Turan

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar