Sizin Reklam Burada

Bu qış nə dəbdədir? Dəb bloqçusunun məsləhətləri

7-12-2019, 08:26   

  •  
dəri şalvarFotonun müəllifiZAUR NƏCƏFBƏYOV
Image captionBu qışın geyim, ayaqqabı və aksesuar trendləri. Pərvanə Məmmədova izah edir.

Bu qış nə geyinim, necə geyinim deyirsinizsə, yaxın gəlin. 2019-2020 qışının olar-olmazlarından - bəzi geyim, ayaqqabı və əlbəttə ki, aksesuar trendləri barədə bu yazıda məlumat tapacaqsınız.

Bu qış dəbdə ümumi istiqamət etik dəbdir, yəni təkrar istehsala davamlı materiallar və əsl xəzdən imtina diqqət önündədir.

Bakıda @parvanastrendbook kimi tanınan dəb bloqçusu Pərvanə Məmmədova BBC News Azərbaycancaya müsahibəsində deyir ki, təbiətə zərər vermədən geyim istehsalı son bir neçə ildə müəyyən brendlərin ana xətti olub, amma bu il lüks brendlər də bu trendə meylli görünür.

Alexandre Vauthier, pencəkFotonun müəllifiGETTY IMAGES
Image captionTünd çedar rəngi narıncısının tonları bu qışın trend rəngləri arasındadır. Müəllif: LUCAS BARIOULET

Bu qışın rəngləri bej, zeytun yaşılı, südrəngi, açıq buz mavisi, tünd çedar narıncısı, tünd qəhvəyi (konyak rəngi), qırmızının soyuq tonlarıdır. Əsas məsələ bütün bu rəngləri qarışdırmamaqdır.

"Əvvəllər rəngləri qarışdırmaq, hansısa rəng blokundan söhbət gedirdisə, indi mövsümdə monoxrom, birrəng geyimlər, hansısa rəngin tonları dəbdədir", müsahibimiz məsləhət verir.

Geyimlərdə trendlərə gəldikdə isə bu qış 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərinin dəbi geri qayıdıb.

"80-ci illər deyəndə, biz neon rənglər, sport, şık görünüş düşünürük. Amma bu dəfə 80-ci illərin yüksək təbəqə dəbi - burjua qayıdıb. Elə adı da belədir - burjua. Yəni, kəskin kəsimlər, əlavə qol detalları, plisse şalvar və ətəklər, bədənə yaxşı oturan pencəklər, belin incəliyini göstərən plaşlar və disko topu kimi glitter (tuniklər, kambinezonlar) geri dönüb", müsahibimiz deyir.

Onun sözlərinə görə, 70-ci illər deyəndə daha çox hippilər yada düşsə də, indi geri qayıdan dəb "yenilənmiş və ya müasir 70-ci illər" dəbi adlanır. Bunu tünd qəhvəyi, yaşıl, göy, qaranın üzərində güllü, butalı, naxışlı parçalardan olan geyimlərdə görə bilərsiniz.

tünd qəhvəyi üzərinə naxışlı parçadan hazırlanmış libasFotonun müəllifiÇİNARƏ ƏLƏKBƏROVA
Image caption"Yenilənmiş və ya müasir 70-ci illər" dəbi - tünd qəhvəyi üzərinə naxışlı parçadan hazırlanmış libas - Pərvanə Məmmədovanın qarderobundan

Sviterlər və pencəklər

Çoxlarının geyindiyi ağ, bej boyunluqlu sviterlər, velvet şalvarlar da 70-ci illərin göstəricilərindəndir.

Bundan başqa, rahat, kollec tərzi, qat-qat geyinilən, boyun və qol detalları geniş olan, əlavə şərfi olan sviterlər dəbdədir. Lakin iş bununla bitmir. Evdə çox sviteriniz varsa, birini geyinib digərini boynunuza bağlasanız da, bu il dəbli hesab oluna bilərsiniz.

İşiniz pencək tələb edirsə, o zaman bu il seçiminiz bədənə yaxşı oturan pencəklər olmalıdır.

Ətəklər

"Daha xanım-xatın görüntü dəbdədir", Pərvanə Məmmədova bunu ətəklər barədə deyir. Onun sözlərinə görə, bu qış feminin, qat-qat parçalı, ipək, eko-dəridən hazırlanan, kəməri sallanan və müxtəlif printli ətəklər geyinmək lazımdır. Özü də midi ətəklər. Çünki, nə mini, nə də maxi ətəklər artıq dəbdədir.

Şalvarlar və cinslər

Yox, mən həm də şalvar axtarıram deyirsinizsə, o zaman biçilmiş şalvarlara üstünlük verin. Çünki, müsahibimizin təbirincə, bu mövsüm bir ilk baş verib - ilk dəfə olaraq ciddi stilli biçilmiş şalvarlar gündəlik dəbi [əsasən cins şalvarları - red.] üstələyib.

Amma elə bilməyin ki, cins parçalı geyimlər dəbdən çıxıb. Bu il cinslər 70-ci illərdən (aşağı və normal bel, geniş ayaqlı şalvarlar) təsirlənib.

dəri şalvarFotonun müəllifiZAUR NƏCƏFBƏYOV
Image captionEko-dəri şalvar, zebra printli sviter və qərbsayağı çəkmələr - Pərvanə Məmmədovanın qarderobundan

Eko-dəri, timsah dərisi görüntüsü bəzəkli şalvarlar da bu il çox dəbdədir.

Aranızda yəqin ki, kilot şalvar sevənlər də var. Ötən mövsümdən qarderoblara girən kapri tipli şalvarlar indi bir az qısalsa da, hələ məşhurdur.

Kilot şalvar, bel çantası, panama papaqFotonun müəllifi@PARVANASTRENDBOOK
Image captionKilot şalvar, bel çantası və panama papaq - Pərvanə Məmmədovanın qarderobundan

Paltolar

Üst geyimlərinə gəldikdə isə, paltolar həmişəkindən daha çox dəbdədir. Əsas trendlər isə tünd yaşıl və göy rəng üzərində iri şahmat, tvid parça üzərində qazayağı (houndstooth) görüntülü parçalardan hazırlanmış paltolar, bej, ağ, qəhvəyi, uzun və midi xalat paltolardır.

Qazayağı (houndstooth) görüntülü pencəkFotonun müəllifiPƏRVANƏ MƏMMƏDOVA
Image captionQazayağı (houndstooth) görüntülü pencək. Pərvanə Məmmədovanın qarderobundan

Digər məşhur üst geyimi isə "shearling" və ya 90-cı illərdə Azərbaycanda da dəbdə olan "dublyonka"lardır. Bu dəfə müxtəlif ölçülərdə və rənglərdə trend olan bu üst geyiminin səthi vinil və ya zamşa da ola bilər.

shearling, dublenkaFotonun müəllifiPƏRVANƏ MƏMMƏDOVA
Image caption1990-cı illərdə Azərbaycanda məşhur olan "dublyonka"lar yenidən dəbdədir

Növbəti trend örtük (cape) paltolardır. Bu, ən son 2016-cı ildə çox dəbdə olub, üç il sonra yenidən geri dönüb. Lakin bu dəfə o, kütləvi bazarda elə də əlçatan deyil, əksinə yüksək, bahalı brendlərin kolleksiyalarının bir hissəsidir, bloqçu qeyd edir.

Çoxlarının sevdiyi qısa dəri gödəkçə isə o qədər də dəbdə deyil, müsahibimiz deyir. Onun yerini uzun, pencəyi xatırladan, kəmərli, eko-dəri və ya dəridən olan üst geyimləri alıb.

Ayaqqabılar

Ayaqqabılara gəldikdə isə topuğu örtən, baldıra yapışan, 1970-ci illərin əsas trendi olan platformalı, dolğu dabanlı və ya əksinə, çarığı xatırladan dabansız çəkmələr, pank tərzli - rezin altlıqlı, üstü kəmərli çəkmələr, rezin yağış çəkmələri, kvadrat burunlu, timsah, zebra, ilan dərisi görüntülü qısa çəkmələr dəbdədir.

xalat palto, boyundan asılan çanta, çəkməFotonun müəllifiÇİNARƏ ƏLƏKBƏROVA
Image captionTopuğu örtən, baldıra yapışan çəkmə - Pərvanə Məmmədovanın qarderobundan

"Çox hündür daban təxminən iki ildir ki, dəbdə deyil, əksinə dördkünc, blok dabanlar, hətta sanki daban ayaqqabının özündən ayrılıb - bunlar dəbdədir", bloqçu qeyd edir.

rezin çəkmələrFotonun müəllifiJEREMY MOELLER/GETTY IMAGES
Image captionRezin çəkmələr

Çantalar

Çantalarda əsas trend ağzı kisə kimi bağlanan "pouch" - torba çantalardır. Bundan başqa, iki ildir ki, dəbdə olan mikro çantalar bir az böyüdülərək orta ölçülü və A kəsimli olub.

pouch çantaFotonun müəllifiJEREMY MOELLER/GETTY IMAGES
Image caption"pouch" - torba çantalar

Lakin mikro çantalar da dəbdən düşməyib. Bloqçunun "çantamın çantası var" adlandırdığı dəb də məşhurdur, yəni məsələn, diametri 5 santimetr olan çantalar artıq çantanın üzərindən pul kisəsi kimi asıla bilər...

mikro çantaFotonun müəllifiPAR
Image captionPərvanə Məmmədovanın "çantamın çantası var" adlandırdığı mikro-çantalar

Beldən kəmərlə bağlanan çantalar, eləcə də qucaqda, qoltuqaltında saxlanan çantalar da dəbə gəlib.

Digər aksessuarlar

Bu il boyunca müxtəlif adlarla - Ascot lenti, lavaliere və ya pussycat bow kimi tanınan ipək və ya şifon şərf taxmaq və ya şərfli libaslar, eləcə də belin incəliyini ortaya çıxaran, feminin tərz yaradan korset kəmərlər dəbdədir.

Burjua çiyinlər və beli sıxan kəmərFotonun müəllifiSTEPHANE CARDİNALE - CORBİS/GETTY IMAGES
Image captionBelin incəliyini göstərən kəmər - Alexandre Vauthier

Bundan başqa, iri, qat-qat qolbaq və boyunbağı zəncirlər, pencək və paltoların yaxasına bir neçə broşların taxılması, iri sırğalar, bir-birini tamamlayan dizaynda olan fərqli taylı sırğalar, bir-birinə keçmiş fiqur-halqalar, uzun, parlaq qaşlı, əzilmiş metallı sırğalar trenddir.

Xalat palto, boyunluqlu sviter, iri eynək, qucaqda saxlanan çantaFotonun müəllifiZAUR NƏCƏFBƏYOV
Image captionXalat palto, boyunluqlu sviter, iri eynək və qucaqda saxlanan çanta - Pərvanə Məmmədovanın qarderobundan

Baş geyimlərində isə 90-cı illərin uşaqlarının "ninza papaqları /maska" kimi xatırladığı balaklava - başı və boynu tamamilə bağlayan papaqlar, Qərbdə son dövrlərdə məşhur olan "babushka style", yəni şalın başa rus tərzində bağlanması, gözləri örtən süni xəz, tvid, vinil panamalar dəbdədir.

Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar